Modern.az

“Azərbaycan artıq İsraillə münasibətlərini gizlətmir” – POLİTOLOQ

“Azərbaycan artıq İsraillə münasibətlərini gizlətmir” – POLİTOLOQ

24 Aprel 2013, 13:01

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə və Fələstinə səfəri haqqında müzakirələr səngimək bilmir Hətta dünya səviyyəli nüfuzlu xəbər agentlikləri də bu səfər barədə məqalələr yazır. İran isə mövqeyi əvvəlcədən bəllidir. Belə ki, İran rəsmi dairələrində Elmar Məmmədyarovun İsrail rəsmiləri ilə görüşü birmənalı qarşılanmır. Yazılan məlumatlara görə İsrail prezidenti Şimon Peres nazir Elmar Məmmədyarovla İran məsələsini müzakirə edib. Siyasi gərginliyin durulmadığı bir zamanda Azərbaycan-İran arasında əlaqələr və diplomatik münasibətlərə xələl gələ bilərmi? Bu barədə Modern.az-ın suallarını politoloq Rasim Ağayev cavablandırıb.

Azərbaycan odla su arasında?  

Politoloqun sözlərinə görə siyasi dairələrdə Azərbaycan-İsrail münasibətlərinin tam tənzimlənmədiyi barədə fikirlər mövcuddur. “Siyasi, iqtisadi, hərbi, mədəni əlaqələr genişlənir. Azərbaycan və İsrail mövcud durumdan razıdırlar. Diplomatik əlaqələri tənzimləmək və lazımi səviyyəyə qaldırmaqdan Azərbaycan ehtiyat edirdi. İndi isə xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov İsrailə səfər edir və yüksək səviyyədə danışıqlar aparır. Təbii ki,  İsrail və  onun müttəfiqləri İrana qarşı başlanacaq hərbi əməliyyatlarda hansı rol oynayacaqlarını gizlətmirlər. İran da İsrailə öz münasibətini açıq şəkildə bəyan edir. Azərbaycanın isə bu vəziyyətdə yeri və rolu dəyişilir. Arada olan şübhələr də öz təsdiqini tapır. Mən düşünürəm ki, bu cür ziyarətlərin davamı da olacaq. Bu da diplomatik əlaqələrin tənzimlənməsi məqsədi daşıyacaq. Azərbaycan gərək bunu çoxdan həyata keçirəydi”-deyə vurğulayıb.  

Azərbaycan üçün İsrailin əhəmiyyəti    

Türkiyənin İsraillə əvvəllər mövcud olmuş diplomatik əlaqələrini xatırladan siyasi ekspertin fikrincə Azərbaycanda da bu yolu tuta bilərdi. “Ərəb-İsrail konfliktlərinin ən qızğın vaxtlarında Türkiyə bu ölkə ilə diplomatik əlaqələr saxlayıb. İsrailin bacarığından, iqtisadiyyatından Türkiyə vaxtı ilə yaxşı istifadə edib. Bu əslində qarşılıqlı və normal bir məsələdir. Azərbaycanın İsraillə münasibətlərini davam etdirməsi islam aləmində ölkəmizin diplomatik-siyasi itkilərinə səbəb ola bilər. İranın ictimai və siyasi dairələrində də bu məsələ normal qarşılanmayacaq. Eyni zamanda Azərbaycan İsrailin müasir beynəlxalq aləmdə imkanları və rolundan istifadə etmək zərurəti yaranır. Azərbaycanın İsrail kimi dövlətlə əlaqələrinin inkişaf etdirməsinə böyük ehtiyacı var. Mövcud  durumda belə bir fikir səsləndirilir ki, Azərbaycanın Rusiya, İran və ABŞ-la siyasi münasibətləri gərginləşir. Bu da göz qabağındadır. Azərbaycana təzyiqlər artır. İsraillə bu cür rəsmi görüşlərin keçirilməsi belə vəziyyətdə məcburi bir addımdır. Bu ciddi və çoxdan gözlənilən bir siyasi gedişatdır”.      

Hakimiyyətlə müxalifətin birliyi

Azərbaycanın bir neçə il öncə bu cür addım atmamasının səbəblərindən söz açan politoloq bildirib ki, o zaman vəziyyət başqa cür olardı. Rasim Ağayevin fikrincə bu heç özünü də doğrultmayacaqdı. Bununla yanaşı, hal-hazırda vəziyyətin gərginləşəcəyi təqdirdə nəticələrin acı olacağı barədə məsələlərə toxundu.  

“Burda bir məsələ də var. İsrailin siyasi imkanları genişdir. Bu da Azərbaycana xeyir verəcək. Ancaq siyasi gərginliyin artacağı zaman Azərbaycan üçün heç də xoş olmayan bir zəmin hazırlanacağı da nəzərdən qaçmalı deyil. Ancaq bir məqamı da demək lazımdır. Azərbaycanda aparıcı müxalifət partiyası sayılan Müsavat da faktiki olaraq anti-İran mövqeyindədir. Həmçinin İsraillə əlaqələrin genişləndirilməsinin tərəfdarıdırlar. Azərbaycan –İran münasibətləri o qədər də yaxşı mərhələdə deyil. Son zamanlar vaxtaşırı olaraq İrandan qeyri-dostluq mesajları da alırıq”-deyə vurğulayıb.    

 

Aqşin KƏRİMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu