Modern.az

Qabildən Sərdar Cəlaloğluna məktub: “Elşad Abdullayevə də demişdim, sən də eşit!”

Qabildən Sərdar Cəlaloğluna məktub: “Elşad Abdullayevə də demişdim, sən də eşit!”

Ədəbi̇yyat

25 Aprel 2013, 10:54

Əzizim Sərdar! Salam! Fani dünyada üstünə yaman düşüblər. Bu dünyada isə hamı sənə minnətdardır. Burdakılar sizin dünya ilə təkcə mənim əlaqəm olduğu üçün sənə məktub yazmağımı xahiş etdilər. Mən də heç kimin könlünü sındırmadım.
Birinci məktubumda Teymur Əhmədova demişdim ki, bizim o dünyada korpunktumuz ol. Yazığın səsi kəsildi. Day məktub-zad yazmır. Yəqin qocalıb. Amma sən cavansan. Burdakıları bir-bir qəbirdən çıxarıb ruhlarını şad edirsən. Burdakı digər görkəmli ölülərimiz Səməd Vurğuna, Vaqifə, Qaçaq Nəbiyə, Həcərə, Nadir şaha, Ağa Məhəmməd şah Qacara paxıllıqla baxırlar. Hələ sənin - Axundovu, Cəlil Məmmədquluzadəni, məni, Bəxtiyarı, Asif Atanı inkar edən - gənc davamçıların olan həsədçiləri demirəm. Eşq olsun Sizlərə. Nə qədər Sizin kimilər var, biz heç vaxt ölməyəcəyik. Çünki müqayisə etdikcə qiymətimiz bir az artır. Eybi yoxdur. 100 il təsdiq ediblər, qoy bir əsr də inkar etsinlər. Təki gündəmdə qalaq – sən də, biz də, onlar da...
 

O gün Səməd Vurğun şoka düşmüşdü. Həmyerliləri Qazaxdan durub qəbrinin üstünə yürüş etmişdilər. Neçə-neçə alim, deputat da onun müdafiəsinə durmuşdu. Deyirdi ki, o, öləndən sonra heç bu qədər təsirlənməmişdi.
Sərdar, bəsdir də! İstəyirsən kişinin ürəyi sevincdən partlayıb ölsün? 57 il idi Səməd Vurğunu halalca adıyla bu qədər yada salan yox idi, bir dənə “dılğır” deməklə diriltdin kişini. Bütün əsərlərini bir daha müzakirə obyektinə çevirdin. O vaxtın gözüylə yazılan əsərlərə bu günün gözüylə baxdın. Eşq olsun sənə.
Amma Səməd Vurğunu şad etsən də, o biri qazaxlı şair və yazıçılarımız qəmgindirlər. Qazax ziyalıları gəliblər, bircə Səmədin qəbrini ziyarət edib gediblər. İsmayıl Şıxlı, Mehdi Hüseyn, Osman Sarıvəlli,    Mirvarid Dilbazi, Hüseyn Arif, Yusif Səmədoğlu yaddan çıxıb. Ona görə də deyəndə “qruppovoy” de.  Səndən nə gedir. Artıq sən cəmiyyətdə hörmətli adamsan. Sən desən sözünə baxacaqlar. “Dılğır” kodunu yaz, yaddaşlar açılsın. Bir də ki, mən qarışıq hamımızın yaradıcılığında kommunist də var, 26-lar da, “yest takaya partiya” da. Qazax ziyalılarına yazığın gəlsin. Hər yazıçıya görə o boyda yolu durub Bakıya gəlsələr, müflis olarlar axı.
Fəxri adlarımızı almağa isə çalışmayın. Çünki qaytarılası bir şeyimiz yoxdur. Bircə kəfəndir fani dünyadan gətirdiyimiz, o da çoxdan çürüyüb. Yoxsa bu nə sözdür – o da Sizə qurban idi.         

Mən Elşad Abdullayevə də demişdim – qadınlarla işiniz olmasın. Hacı Məmmədovu da onlar yıxdı, Elşadı da. İndi də növbə sənindir. Eşitdim Qaçaq Nəbinin Həcərinə sataşmısan. Sənin qəhrəmanlıq simvollarımızla nə işin var axı? Gül kimi missiyan var – Yazıçıları diriltmək. 
Yox, yox ixtisasına uyğun - məhkəmə tibb eksperti kimi demirəm. Məcazi mənada, başa düş. Amma öz aramızdı Həcər xanım, Qaçaq Nəbi yaman razılıq edirlər səndən. Gündəmə gətirdiyinçün yox. O öz yerində. Üç deputatın dilini açdığın üçün. Axır ki,  onların da səsini eşitdik.

İki rayondan üzr istəmisən. Tələsmə. Azərbaycanda o qədər rayon var ki... Hər rayondan da 3-4 tanınmış. Üzr istəməyini saxla, say. 5 rayondan bir üzrxahlıq missiyasını  həyata keçir. Narahat olma, öldürüb eləməyəcəklər. Heç görmüsən ki, kimsə kimsəni ölüyə görə öldürsün? Görsən gələndə bizə də göstərərsən.   

Sərdar balam, missiyanı davam etdir. Mənimlə işin olmasın. Oğlum Mahir demək olar ki, hər gün qulağımı çingildədir. Yuxusuna da girirəm xeyri yoxdur. O qədər burda köhnə ölü var ki... Hamısı sənə möhtacdır. Kompromatı da özləri verirlər. Səməd Vurğuna “dılğır” deyəndən sonra Süleyman Rüstəm də yalvarır ki, “nə olar mənə də “keçəl” desin”.

Martın 12-də doğum günümdə qəbrimin üstünə bir nəfər də gəlmədi. Bəlkə Novxanı ziyalıları bundan sonra yada salıb məzarıma yürüş elan edələr. Gələndə yolüstü Xırdalan ziyalılarını da haylasınlar. Nəbi Xəzri də nigarandır. Masazırlılara da hay eləsələr pis olmaz. Yoxsa ki, Əliağa Vahid yaman qanıqara, gileyli gəzir. Süleyman Rəhimovu, Ordubadini, Abdulla Şaiqi, İmran Qasımovu day demirəm. Siyahını uzatmaq istəmirəm. Gəl xiyabanı gəz, bizi ziyarət elə, qeydlərini apar. Növbə ilə gündəmə gətir. Xiyabandan çıxanda ehtiyatla çıx. Şəklini çəkib eləməsinlər.
 
Səhv etmirəmsə Nüsrət Kəsəmənlinin oğlu demişdi: “Mənim o dünyada o qədər arxam var ki... atam, nənəm, babam...”. İndi sən də heç narahat olma. Dediklərimizi eləsən, gələcəkdə səni Axirət dünyasının Yazıçılar Birliyinə fəxri üzv də seçərik. Ədəbiyyatımız qarşısında misilsiz xidmətlərinə görə. Əlbəttə ki, Cənnətə düşsən. 
Bizdən antireklam kampaniyasının bütün üzvlərinə qarşılıqlı hörmət, ehtiram və salamlarımızı çatdır.

Hörmətlə: QABİL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi