Modern.az

Ədəbi müsabiqənin münsifi: “Ədalət Əsgəroğlu getsin şeirini oxusun” - QALMAQAL

Ədəbi müsabiqənin münsifi: “Ədalət Əsgəroğlu getsin şeirini oxusun” - QALMAQAL

Ədəbi̇yyat

25 Aprel 2013, 13:39

İslam Peyğəmbərinin mövlud günü ilə bağlı keçirilən ədəbiyyat müsabiqəsinin komissiya üzvü Əjdər Ol müsabiqənin qərəzli olması ilə bağlı Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Ələsgəroğlunun ittihamlarına cavab verib.

Modern.az xəbər verir ki, Ədalət Əsgəroğlu müsabiqənin təşkilatçısı və münsif heyəti Qafqaz Müsəlmanları İdarəsinin Elmi-dini Şurasının sədri Vasim  Məmmədəliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aranı müsabiqənin şəffaf aparılmamaqda ittiham edib. AYB sözçüsü müsabiqəyə təqdim etdiyi əsərə qarşı qərəzli mövqenin nümayiş olunduğunu və təqdim etdiyi şeirin müsabiqəyə buraxılmadığını, ört-basdır edildiyini deyib. O bildirib ki, qalib gələnlər məhz bu iki şəxsə yaxın adamlar olub. Birinci yer iki şəxs arasında bölünərək, V. Məmmədəliyevin rəhbərlik etdiyi kafedrada çalışan Şahin Fazil və Ələmdar Mahirə təqdim edilib. İkinci yer isə Səyyad Aranın Qazax rayon prokurorluğunda çalışan yaxın qohumuna verilib. 

Modern.az-a açıqlamasında Səyyad Aranla iddialara münasibət bildirməkdən imtina etdi. Bu barədə komissiya üzvü Əjdər Ola müraciət etməyimizi məsləhət gördü.  

Müsabiqənin komissiya üzvü, şair Əjdər Ol bildirdi ki, səsləndirilən ittiham yersizdir. Onun sözlərinə görə, Vasim Məmmədəliyev komissiyanın üzvü olsa da, səhhəti ilə bağlı səsvermədə iştirak etməyib və onun səsi nəzərə alınmayıb.

Komissiyanın digər 9 üzvü isə Ə.Olun özü də daxil olmaqla, Səyyad Aran, Ahmet Arslan, Mehmet Rıhtım, Ədəbiyyat İnstitutunun direktoru Teymur Kərimli, Tarix İnstitutunun direktoru Anar İsgəndərov, “Xalq qəzeti”nin ədəbiyyat şöbəsinin redaktoru İlham Abbasov, Ədəbiyyat İnstitutunun əməkdaşı Siracəddin Hacı, İslam Konfransı Gənclər Təşkilatının üzvü Alpay Əhmədov olub.

“Müsabiqənin qaydalarına görə, əsərlər anonim şəkildə təqdim olunub. Adlar parollar vasitəsilə qeyd olunub. Heç bilinməyib ki, kimin əsərinə qiymət verilir. Sona kimi əsərlər parollu olub və onlar oxunandan sonra parollar açılıb”-deyə Modern.az-a Əjdər Ol bildirdi.

Ədalət Əsgəroğlunun müsabiqəyə əvvəlcə münsif üzvü kimi dəvət olunması iddiasına da münasibət bildirən Əjdər Ol dedi ki, bu, yanlış məlumatdır. Onun sözlərinə görə, Ə.Əsgəroğlunun topladığı bal da ən aşağı ballardan biri olub:

“Müsabiqədə əsərə qiymət verilib, müəllifə yox. Birinci yeri Vaqif Bayatlı Odər tutub. Mən qaliblər arasında təsadüfü adam görmürəm. Həvəsləndirici mükafatlar arasına da baxın. Ramiz Söhrabın çox gözəl şeirləri var. Ələmdar Mahir də həvəsləndirici mükafat alıb. Burada ən azından ədalət hiss var. Hamı Səyyad Aranı tanıyır və bilir ki, nə qədər ədalətli, obyektivdir. Bundan başqa, Vasim Məmmədəliyev də kiçik bir mükafata görə öz xarakterindən, prinsiplərindən kənar hərəkət edən adam deyil. Əsas odur ki, ortaya əsər çıxartsınlar və müsabiqəni bəyənməyənlər yenidən öz şeirlərini oxusunlar”. 

Qeyd edək ki, müsabiqədə birinci yerin qalibinə 5, ikinci yerin qalibinə isə 4 min manat pul mükafatı nəzərdə tutulub. 

 

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır