Modern.az

“Bu çoxunun xoşuna gəlmir, amma deputat xalqın nökəridir”– MÜSAHİBƏ

 “Bu çoxunun xoşuna gəlmir, amma deputat xalqın nökəridir”– MÜSAHİBƏ

26 Aprel 2013, 13:37

“O mənə hər zaman bir çox sahələrdə güvənəcəyini deyirdi”

Modern.az saytı “Sabiqlər” rubrikasını davam etdirir.  Müsahibimiz Milli Məclisin sabiq deputatı(78 saylı Lerik-Lənkəran seçki dairəsi) Miri Qəmbərovdur.

Miri Qəmbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub. «Şöhrət» ordeni ilə təltif edilib. 1956-cı ildən “Azərittifaq”ın mərkəzi ticarət idarəsində baş əmtəəşünas, ticarət idarəsinin direktor müavini, direktoru, mərkəzi aparatın böyük əmtəəşünası, şöbə müdirinin müavini, şöbə müdiri, 1980-ci ildən Bakı Şəhər Ticarət İdarəsinin şöbə rəisi, Yasamal Rayon Ticarət İdarəsinin baş direktoru, respublika İdman və Mədəni Mallar Birliyinin baş direktoru vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1994–1997-ci illərdə ticarət naziri işləyib. 1997-ci ildən “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədridir.

 

– “Azərkontrakt” Səhmdar Cəmiyyətinin fəaliyyəti nədən ibarətdir?

– Ulu öndərin böyük əməyinin nəticəsində əsası qoyulan “Azərkontrakt” bir çox istiqamətlərdə fəaliyyətini davam etdirir. “ Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının dövlət ehtiyaclarının strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi, texniki təminatıdır, deyə bilərəm. Bir neçə il əvvəllə müqayisə etdikdə, bu təşkilatın fəaliyyətində xeyli irəliləyiş olub. Çünki səhmdar cəmiyyətdə çalışan insanlarda bunu təsdiq edə bilərlər ki, bu gün bu təşkilatın vəziyyəti daha qənaətbəxşdir. Biz dövlət əhəmiyyətli kontraktların imzalanmasında daha çox səylər göstəririk.

- Siz Yeni Azərbaycan Partiyasının tanınmış üzvlərindənsiniz. Şübhəsiz, hazırda 90 illik yubileyi qeyd edilən Heydər Əliyevlə bağlı yadda qalan görüşləriniz, xatirələriniz də var...

– Mən 1969-cu ildən etibarən, yəni Ulu öndər hakimiyyətə gələndən sonra bilavasitə onunla yaxın münasibətlərdə olmuşam. O mənə hər zaman bir çox sahələrdə güvənəcəyini deyirdi. Və həmin dövrdə bir çox şəxslərə vəzifələr verilirdi. Mənə də kooperasiya sahəsində vəzifə verdi. O, elə bir şəxsiyyət idi ki, onu heç kim əvəz edə bilməz. Ulu öndər hər zaman öz xalqının azad və firavan yaşaması üçün çalışıb. O dahi bir şəxsiyyət idi.

Heydər Əliyev təhsilə böyük önəm verirdi. Amma bu gün təhsilimizdə olan çatışmazlıqlar bizi bu fikirdən daşındırır. Gənclər təhsilə önəm verib, bilik və bacarıqlarını gücləndirmək əvəzinə lazım olmayan işlərlə məşğul olurlar. İndi gənclərin başlarını doldururlar, söz-söhbətlər yayırlar. Amma həmin insanlar düzgün yolda olmadıqlarını başa düşəcəklər. O gənclər öz yaşıdlarına deyil, yaşlı nəsil nümayəndələrini dinləsələr, ziyan tapmazlar.    

– Uzun müddət Milli Məclisin üzvü olmusunuz. Hazırda deputat fəaliyyətiniz olmasa da, eks-millət vəkili kimi bugünkü parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Parlamentdə sağlam zəkalı adamlar çoxdur. Spiker Oqtay Əsədov da çox təmkinli, savadlı, bişmiş, əsasən səbirli insan olduğu üçün ondan razıyam. Çünki dövlətçiliyimizə yararlı olan rəhbərlərdən biridir. Ona görə də deputatlar ondan köməyini əsirgəməməlidir. Bəzi deputatlar boş yerdən, qaşınmayan yerdən qan çıxarırlar. Onlar da öz çıxışlarına fikir verməlidirlər. Hökm deyil ki, bu gün bir əsgər ayağından güllə yarası aldısa, o haqda danışasan. Hansı orduda itki yoxdur ki?!  

– Hazırda parlamentdə kimlərlə əlaqələriniz var?

– On il millət vəkili olmuşam. Bir çox millət vəkilləri ilə hələ də yaxın əlaqələrimiz var.

– Eks-deputat kimi hansı qanun layihələrində dəyişikliklərin edilməsinin tərəfdarısınız?

– Milli Məclisdə müzakirəyə çıxarılan bir çox qanunlar var ki, onların orda danışılması düzgün deyil. Çünki səsləndirilən təkliflər bizim cəmiyyətdə normal qarşılanmır. Bəlkə də bu ifadə çoxunun xoşuna gəlmir, amma deputat xalqın nökəridir. Kimə nə hörmət edirsən, onun qədrini bilirlər. Həmişə özüm-özümə deyirəm ki, nə yaxşı ki, ancaq yaxşılıq etmişəm. Çünki bir məclisə girəndə, əgər səni görüb ayağa qalxırlarsa, deməli, sən hansısa əməlinlə bu hörməti qazanıbsan.

– Keçmiş seçicilərdən sizinlə əlaqə saxlayıb problemlərini indi də bölüşənlər varmı?

– Bu günə qədər də mənimlə daim əlaqə saxlayıb problemlərini bölüşürlər. Mən Lerikdə 5 körpü tikdirmişəm. Onların 3-ü nəhəng körpüdür. Bu gün bu rayonun əsas problemlərindən biri işıqla bağlıdır. Bərk külək əsdikdə camaat çox əziyyətlər çəkir. Bir dəfə bu problemi həll etmək üçün rayona 1 baraban kabel alıb göndərdim. Eləyə bildiyim hələlik budur. Mən hər zaman öhdəliyimə düşməyən işlərə diqqət edirdim. Kəndə gedəndə müzakirələr olurdu. Kimin nə problemi olurdusa, onu həll edirdik. Biri deyirdi ki, evimin şiferi uçub. Başqasının su problemi olurdu. Kəndlərin çoxunda su yoxudu. Dağların döşü ilə su çəkdirdim, artezan quyular qazdırdım. Elə etdim ki, qonşuluqda olanlarda sudan istifadə etsinlər.

Bəli, deputatın əsas vəzifələrindən biri  öz seçicilərinin problemləri ilə maraqlanıb onlara əlindən gələn köməyi etməkdir. Deputat təkcə öz rayonuna məxsus camaatın insanları üçün deyil, ətraf kəndlərdə yaşayanlar üçündə lazımi köməklikləri göstərməlidir.

– Miri müəllim, nə vaxtsa vəzifədən getmək haqda düşünübsünüz?

– Bu haqda düşünməmişəm, çünki şükür Allaha səhhətimdə hələki elə ciddi bir problem yoxdur. Pensiyaya çıxmaq haqda söhbət edəndə məni bu fikrimdən daşındırırlar. Deyirlər ki, hələ sizə ehtiyac var. Onlara deyirəm ki, mən ömrümün sonuna qədər vəzifədə olmamalıyam. Artıq 68 ildir işləyirəm. Qardaş, həvəsdir, bəsdir. Həmdə yaş öz işini görür.

– Cəmiyyətdə bu gün məmur-vətəndaş narazılıqları hökm sürür. Siz bu narazılıqların hardan qaynaqlandığı barədə nə deyə bilərsiniz?

Bu məsələlər bizim cəmiyyətin ağrılı yeridir. Nə vaxtsa bu haqda danışanda insanların narazılıqlarını, məmurlardan çox vaxtı şikayətçi olduqlarını müşahidə edirəm. Amma məmurlarda düşünməlidirlər ki, onlarda bu cəmiyyətdə yaşayır və yaşanan problemləri aradan qaldırmaq üçün yardımçı olmalıdırlar. Məmur da özünə hörmət etməlidir. Ən əsası Ümummilli liderə hörmət edən məmur qarşılığında da xalqdan hörmət görəcək.  

İdarəetmənin bir çox önəmli sahələrində gənclərə indi daha çox yer verilir. Yeni təhsil naziri ilə bağlı nə düşünürsünüz? Gənc mütəxəssis kimi bu problemlərin öhdəsindən gələ biləcək?

– Mənə elə gəlir ki, həll edə biləcək. Digər tərəfdən Misir Mərdanovun özü də maarifpərvər insan, çox gözəl pedaqoq idi. Cavan vaxtlarından müəllim işləyib. Həmişə əlaqəmiz olub. Əvvəlki dövr olsaydı, 30 ildə işləyərdi. Mikayıl Cabbarov haqqında da oxudum. Savadlı oğlandır, bir çox dilləri bilir, öz sahəsi üzrə də mütəxəssisdir. İndidən axtarırlar ki, o, kimin qohumudur. Bu cür araşdırmalar etməkdənsə, ona kömək etmək lazımdır. Hərənin nəyə gücü çatırsa, kömək etməlidir. Təhsil bizdə bir nömrəli məsələ olmalıdır. Təhsilin sayəsində bu yerlərə gəlmişik. Ümid edirəm ki, daha yaxşı olacaq.

– Böyük bir həyat yolu keçmisiniz. Bəs övladlarınızdan necə, yolunuzu davam etdirəni varmı?

– Xeyr. Böyük oğlum Leninqradda oxuyub. Oradan təyinatla Daxili İşlər Nazirliyinə göndərdilər. Bir müddət Mərdəkanda polis məktəbində, sonra MTN-də işləməyə başladı. O biri oğlum əczaçı işləyir. Ona seçimi haqda heç vaxt yol göstərməmişəm, amma bu gün ondan narazı deyiləm. Çünki hər birimiz həyatda öz yerimizi tutmaq üçün müəyyən əziyyətlərə qatlaşmalı oluruq. Qızlarımın ikisi də Tibb Universitetini bitirib. Heç biri mənim yolumu davam etdirməyib.

Pərvin  ARZUQIZI

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi