Modern.az

Nəciblik və paklıq timsalı

Nəciblik və paklıq timsalı

26 Aprel 2013, 19:05

Nəciblik və Paklıq timsalı və yaxuv "Oftolmologiyanın mirvarisi"...

Mən onunla heç vaxt görüşməmişəm. Və heç zaman da üz-üzə gəlməyəcəyəm. Haqqında oxuduqlarım, onu tanıyanlardan eşitdiyim söz-söhbətlər isə bu xanımı yaddaşımda əbədiləşdirib. Hər dəfə onun ömür yoluna nəzər salanda heyrətlənmişəm. Onun simasında çox ağıllı və güclü, iradəli və qətiyyətli, ürəyiyuxa və xeyirxah bir qadının obrazını görmüşəm. Amma, bəlkə də, heç kim onun haqqında öz gözləri qədər danışa bilməz. Ömrünün ayrı-ayrı məqamlarında lentin yaddaşına köçmüş fotoşəkillərdən boylanan ağıllı və mənalı baxışları onun kimliyi, xarakteri haqqında çox şey deyir. Mən o gözlərdə, o baxışlarda hər şeydən öncə, insanlığın zirvəsini görürəm. Alim kimi uğurlarının sirri də, yəqin ki, elə bunda imiş...

“Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz, onu “Əvəzolunmaz insan haqqında povest” adlandrardım” – bu fikrin müəllifi akademik Filatov adına mükafatın laureatı, professor Şmelyovadır. Onu yaxından tanıyanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı azəri xanımını, hər şeydən əvvəl, məhz sadə insan, olduqca səmimi, ölçülü-biçili hərəkət və davranış yiyəsi, böyük mədəniyyət sahibi kimi səciyyələndirirlər.

Bəli, xatirələrdə bir alim, bir insan kimi silinməz iz qoymuş bu Azərbaycan xanımı ilə öyünmək olar: nə yaxşı, nə vaxtsa insanlar arasında beləsi olub və sağ ikən ürəklərdə özünə abidə qoyub. Deyirlər, xasiyyəti də adı kimi zərif, ipək imiş, qəlbi, ürəyi insan sevgisiylə doluymuş. Sadəliyi, xeyirxahlığı sevdirirmiş onu hər kəsə. Kimsənin dərdinə, kədərinə biganə qalmazmış, dara düşənə dayaq olarmış, yıxılana söykək.... 

O, seçdiyi sənətin də fədaisi imiş: iynənin ucu boyda işığa həsrət qalanlara nur verirmiş, dünya işığı bəxş edirmiş. “Zərifə xanım oftalmologiyanın mirvarisidir” – ona bu yüksək qiyməti də böyük səxavətlə Vətəndən uzaqlarda – Moskvada öz işinin sərrafı olan alimlər veriblər. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov yazırdı: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi.”

Onunla ünsiyyətdə olanarın bir fikrinə də biganə qalmaq mümkün deyil: “O, nəciblik və paklıq timsalı idi. Xeyirxahlıq onun həyat tərzi idi.” Professor N.Şulpina isə deyirdi ki: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik.”      

Hamı onu belə tanıyırdı, belə sevirdi...

Və... Onu bir nəfər də sevirdi. Amma fərqli məhəbbətlə. Öz sevgisi uğrunda sınaqlardan çıxdığını da sübuta yetirmişdi. Bu, bənzərsz bir məhəbbət idi. Bu, az sonra dünyanın siyasət aləmində imzası ilə seçiləcək böyük azərbaycanlının məhəbbəti idi. Bu, xalqının milli liderinə çevriləcək Heydər Əliyevin sevgisi idi. Bu müqəddəs duyğu onları bir ruh kimi birləşdirəcəkdi, bu sevda iki ürəkdə bir vuracaqdı. Və bu məhəbbət ölüncə idi. Zərifə xanım son gününədək onu başının tacı kimi qoruyacaqdı. O isə Zərifəsindən sonra nə az, nə çox, düz 18 il ömrünün ən böyük məhəbbətinin nisgilini yaşayacaqdı. Hər birimiz şahidik: Heydər Əliyev kimi möhkəm iradəli insan, qüdrətli bir şəxsiyyət yalnız onun, sonsuz məhəbbətlə sevdiyi bu qadının xatirələri qarşısında kövrəlirdi. Sitat: Zərifə xanımı xatırlamaq, bəlkə, mənim üçün daha təsirlidir. Çünki Zərifə xanım mənim həyat yoldaşım idi. Bəlkə də, onu mənim qədər tanıyan, onu mənim qədər hiss edən adam olmayıb. Hətta onun valideynləri də. Təbiidir ki, valideynləri onu bəsləyiblər, böyüdüblər, təhsil veriblər, ona həyat veriblər. Ancaq mən onunla həyat qurandan sonra birgə yaşadığımız dövrdə, təbiidir ki, mənim fikirlərim onun haqqında bütün deyilənlərdən daha genişdir...” 

...Akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. Onun 28 aprel 1923-cü il Şərur rayonu Şaxtaxtlı kəndindən başlayan ömür yolu olduqca zəngin və yalnız parlaq səhifələrlə dolu bir ömür oldu. O, Yaradanın xoş saatında, xoş anında doğulan bir insan idi. Tərəddüd etmədən ona Tanrının seçilmiş bəndəsi demək olar. Əvvəla, Zərifə xanım Əziz Əliyev kimi görkəmli bir alimin, elm adamının, vətənpərvər bir ziyalının, SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadiminin ailəsində dünyaya göz açdı, zəngin mənəvi mühitdə tərbiyə aldı. Və bu tərbiyə onu bütün ömrü boyu izlədi. O, nəsil şəcərəsinə, ulularına, soy-kökünə, ailəsinə, valideynlərinə layiq övlad oldu. Türk dünyasının bənzərsiz lideri, dünya siyasətində ən uca zirvələrdən birində dayanan Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olması, əsil məhəbbət, sevgi adlı imtahanda da sınanaraq qəlbən, ruhən bağlı olduğu ömür-gün yoldaşına, ulu öndərə bu uca zirvəyə çatmaqda yorulmaz silahdaşa, mənəvi dayağa çevrilməsi Zərifə xanımın ikinci xoşbəxtliyi idi. Akademik Zərifə Əliyevanın alim kimi tibb elmində qazandığı böyük uğurlar da heç kimə sirr deyil və bu uğurlar onun Azərbaycan elmində, ümumilikdə tibb aləmində təsdiqlənmiş, qəbul olunmuş minnətsiz, sabit yerinin qarantıdır.

Və nəhayət, Zərifə xanım ulu öndər Heydər Əliyevə ləyaqətli oğul, çox zəngin tarixi keçmişi olan xalqımıza, Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, artıq dünya siyasətində öz nüfuzu olan, ölkəmizi dönmədən möhtəşəm uğurlara aparan İlham Əliyev kimi Prezident bəxş edən bir Ana kimi də unudulmazdır. Bu gün biz Azərbaycanın sürətli inkişafı ilə fəxr edərkən möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlıq duyğusu hiss edirik. Və düşünürük ki, bu insanın bilik və bacarığının, müdrikliyinin təməlində Ulu öndər Heydər Əliyevlə yanaşı, gözəl bir ananın da tərbiyəsi var...

Bəli, Tanrı ona insanın arzulaya biləcəyi hər şey bəxş etmişdi: gözəllik, ağıl, zəka, talant, mərhəmət və şəfqət dolu ürək, incə zövq, yüksək savad, zəngin mənəviyyat. O, yalnız insanın ağlına deyil, həm də qəlbinə, ürəyinə sirayət edən keyfiyyətlərə malik idi. Elə bu səbəbdən də əsil insan ömrü yaşadı, qadınlıq simvoluna döndü, ana adını ucaltdı, alim adını doğrultdu, ziyalılıq etalonuna çevrildi. Və qeyri-adi bir ömür yaşadı, bu qeyri-adilik isə onu zamanın, illərin, əsrlərin yaddaşına yazdı. İndi onun ömür kitabı hər şeyi öz səhifələrində etibarla qoruyur. Bu səhifələrdən qısa sətirlər...

Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alır. 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayır və bütün ömrünü oftalmologiyaya həsr edir. 1959-cu ildə namizədlik, 1976-cı ildə isə doktorluq dissertasiyaları müdafiə edir, 1977-ci ildə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında professor, 1982-ci ildə isə həmin kafedranın müdiri seçilir. 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki olur.

O, atasının peşəsini seçmişdi, həkimlik sənətini. Göz həkimi idi, dünya işığına həsrət qalan insanlara həyatın gözəlliklərini, rəngarəngliyini görmək üçün işıq, nur bəxş edirdi. Hər kəsə sağlamlıq diləyən və bütün həyatı boyu bunun üçün çalışan Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam xüsusilə diqqətçəkəndir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin estafetini uğurla davam etdirir, elmdə əsl vətəndaşlıq mövqeyi göstərərək, bu sahəyə çox böyük əmək sərf edir. Zərifə Əliyeva Azərbaycanda ilk dəfə görmə orqanının peşə patalogiyasını tətbiq edir, uzun illər çox iri və olduqca əhəmiyyətli sənaye obyektlərində müxtəlif zəhərli maddələrin görmə orqanına təsiri sahəsində fundamental elmi tədqiqatlar aparır, bu mənfi təsiri aradan qaldırmaq üçün bir sıra profilaktik tədbirlər işləyib hazırlayır, elmi-tədqiqat laboratoriyası yaradır, elm aləmində yeni bir istiqamətin – “Peşə oftalmologiaysı”nın əsasını qoyur...

Akademik Zərifə Əliyeva bir alim kimi pedaqoji fəaliyyətə də böyük önəm verib, öz davamçılarını yetişdirib. Onun elmi-pedaqoji fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elmininn inkişafına güclü təsir göstərib. Alimin yetirmələri indi nəinki Azərbaycanda, həmçinin ölkəmizdən kənarda peşəkar oftalmoloq kimi tanınırlar...

1977-ci ildə Zərifə Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq Bakıda Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Pedaqoji fəaliyyətə olduqca böyük dəyər verən, tələbələrinə oftalmologiyanın sirlərini cəfakeşliklə, həm də son illərin nailiyyətləri əsasında öyrədən Zərifə xanımın bu diqqəti onun Azərbaycan elminin sabahına qayğısı, Vətənə, xalqa məhəbbət rəmzi idi. Görkəmli alimin yüksək səviyyəsi ilə seçilən monoqrafiyaları, məqalə, məruzə, metodik vəsaitlərdən ibarət elmi irsi, kəşf və səmərələşdirici təklifləri bu gün də aktualdır.

Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Və o, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi.

Akademik Zərifə Əliyeva, həm də böyük ictimai xadim kimi səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb. Amma uğurları nə qədər çox olsa da, ömür payı o qədər qısa oldu. Elə bir bahar günündə – 15 aprel 1985-ci ildə, Azərbaycandan uzaqda, Moskvada dünyasını dəyişdi, böyük hörmətlə Moskvanın Novo-Deviçye qəbiristanlığında dəfn olundu. Ömrü 62 il oldu. Bu, sonsuz zaman qarşısında çox qısa rəqəmdir, heç bir insan ömrü üçün də arzulanan pay deyil. Amma 62 ildə elə böyük işlər gördü ki, bu rəqəmin özünü də “böyütdü”, seçildi, sevildi və əbədiyaşarlığını təmin etdi.

Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra vəfalı ömür-gün yoldaşının nəşinin qürbətdə qalmasına dözmədi, onu Vətənə qaytardı. Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirildi, Fəxri Xiyabanda, atasının məzarı yanında dəfn olundu...

Alimlər, dahilər, görkəmli şəxsiyyətlər xalqın, millətin qızıl fondudur. Onlar bir əsrin, bir yüz ilin deyil, əbədiyyətindirlər. Onlar bütün dövrlərin dahiləridir. Məhz ona görə də nəsillər dəyişdikcə yad olunurlar. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva da xalqının qəlbində özünə əbədi yer qazanmış belə şəxsiyyətlərdən biridir. Təsadüfi deyil ki, hər il aprelin 15-i ölkəmizdə akademik Zərifə Əliyevanın xatirə günü, 28 aprel isə doğum günü kimi qeyd olunur. Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral 2013-cü il tarixli Sərəncamı da alimin xatirəsinə dövlətin, xalqın sonsuz ehtiramını ifadə edir...

Bu gün Fəxri Xiyabanda iki qonşu məzardan birində dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, müasir Azəbaycanın qurucusu, bütöv türk dünyasına ucalıq gətirən böyük öndər Heydər Əliyev, digərində isə bütün ömrü boyu öz həyat yoldaşına mənəvi dayaq olmuş əsl insan, gözəl alim və müqəddəs Ana – Zərifə xanım Əliyeva uyuyur. Məzarları üstündə qalaqlanan gül-çiçək çələngləri isə elə hər gün təzələnir. Hər gün onları ziyarətə gələn insanlar bu məzarların önündən sükutla keçir və onların ruhuna səssizcə dualar oxuyurlar. Tanrı eşitsin, qəbirləri nurla dolsun!..

Ulu öndərin dediyi kimi: “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır...”

Müəllif: Firuzə NADİR                                                     

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?