Modern.az

Qoşa Zirvə: “Heydər Əliyev – Kəlbəcər”

Qoşa Zirvə: “Heydər Əliyev – Kəlbəcər”

Aktual

27 Aprel 2013, 16:23

Heydər ƏLİYEV: “Kəlbəcərin təkcə təbiəti deyil, insanları da sərvətdir”




Xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərmiş, müstəqillik əldə edildikdən sonra demokratik dövlət quruculuğunun əsasını qoymuş ulu öndər Heydər Əliyevin siyasətinin alternativsizliyi dünyanın nüfuzlu təşkilatları və dövlət xadimləri tərəfindən də birmənalı təsdiqlənmişdir. Çünki ümummilli lider Heydər Əliyevin mənalı ömrünün hər anı xalqına, Vətəninə bağlı olmuşdur. Ulu öndərin misilsiz xidmətlərini saymaqla qurtarmaz və ən əsası odur ki, o, müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoymuşdur.
Ötən əsrin yetmişinci illərində Azərbaycanda başlamış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini göstərmişdir. Bəzi dairələrdə perspektivsiz bölgə kimi qiymətləndirilən, hətta əhalisinin aran rayonlarına köçürülməsi və yalnız yaylaq məqsədilə istifadə olunması məsləhət bilinən Kəlbəcər üçün bu inkişaf xüsusi əhəmiyyətə malik idi. Çünki hələ ötən əsrin 50-ci illərində ermənilərin və onların Moskvadakı havadarlarının, respublikanın uzağı görmək bacarığı olmayan bəzi rəhbərlərinin Kəlbəcər əhalisini köçürmək təşəbbüsündə olmaları rayonun taleyini dəfələrlə zərbə altında qoymuşdu. Yalnız o zaman Azərbaycanda yenicə siyasi hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörənliyi bu məkrli məqsədlərin həyata keçirilməsinə mane olmuşdu. 1969-cu ilə qədər bu məsələ, necə deyərlər, qüvvəsində qalırdı və respublika rəhbərliyindən çoxları rayon əhalisinə göstərişlər, "məsləhətlər" verməyə çalışır, hətta bəzən dilə də tuturdular. Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra dağ rayonlarının, o cümlədən Kəlbəcərin də taleyinə işıq düşdü.
Heydər Əliyev Kəlbəcər RPK-nın katibinə hələ o zamanlar demişdir: "Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. Yeganə yol, guya onun əhalisini aran rayonlarına köçürmək, ərazini isə yaylaq kimi bölüşdürməkdir. Lakin bu fikir məndə həmişə şübhə doğurub. Səmimi olmasına heç vaxt inanmamışam. Odur ki, bu barədə mənə təklif olunan layihəyə də qol çəkməmişəm..."
Bəli, məhz o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Kəlbəcərin inzibati ərazi bölgüsü kimi heç bir potensial imkanı olmayan, yalnız yaylaq üçün yararlı olduğunu iddia edənlərin və bu barədə “layihə” hazırlayanların bütün cəhdlərini puça çıxarmışdır: "...Hesab edirəm ki, Kəlbəcərin imkanları genişdir, hələ bundan sonra da çox işlər görülməlidir. Əvvəllər də, indi də hiss edirdim ki, burada bir məkrli niyyət var. Əhali qətiyyən Kəlbəcərdən köçürülməməlidir!"
Strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər rayonu coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən səddir. Sahəsi təqribən 174 min hektara çatan ərazidən əhali köçürüləndən, 128 kənd tamamilə boşaldılandan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən, orada sərbəst qaydada məskunlaşmalı və bununla da, Ermənistanla DQMV qovuşmalı idi. Faktiki surətdə Ermənistan DQMV-ni o vaxtlar ələ keçirmiş olardı.
Kəlbəcərin əsaslı inkişaf sürəti rayon partiya və icraiyyə komitələrinin təkliflər paketi əsasında hazırlanmış, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də qəbul edilmiş "Kəlbəcər rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında" 428 saylı birgə qərarından sonra təşəkkül tapmışdır. Vaxtilə perspektivsiz qiymətləndirilən Kəlbəcər 80-ci illərdə respublika, hətta o zamankı İttifaq miqyasında sürətlə inkişaf edən bir rayona çevrildi.
1983-cü il dekabrın 14-də Kəlbəcərdə 6 bal gücündə zəlzələ oldu. 1984-cü ilin yazında isə respublikanın bir sıra rayonları təbii fəlakətə məruz qaldı. O zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevin gərgin səyi ilə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün İttifaq büdcəsindən 28 milyon manat vəsait ayrıldı. Kəlbəcərin Azərbaycan üçün nə demək olduğunu çox dəqiq bilən, rayonun inkişafını və yerində möhkəmlənməsini daim diqqət mərkəzində saxlayan və xüsusi qayğı göstərən ulu öndər Heydər Əliyevin göstərişi ilə həmin vəsaitin 20 milyon manatı Kəlbəcərə ayrılmışdı.
Kəlbəcərin Ermənistan tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar bir qrup kəlbəcərli ziyalı ilə (yeri gəlmişkən, bu sətirlərin müəllifinin də məhz ulu öndərlə şəxsən o gün birinci görüşü idi) görüşən ulu öndər o illəri belə xatırladırdı: "Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük kompleks tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar.
Hələ o sakit dövrdə ermənilər gəlib bizim qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi tədbirlər gördük. Dağ rayonu kimi Kəlbəcərin inkişafı üçün xüsusi qərarlar qəbul olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm ki, çox bəhrələnmişdir".
Beləliklə, iqtisadiyyatı çiçəklənən, 1985-ci ildən sonra sosial quruculuğu da yeni vüsət alan Kəlbəcər rayonu nəhəng tikinti meydanına çevrildi. Şəhərin "Yuxarı düz" sahəsində XXI əsrin şəhəri adlandırılan "Yeni Kəlbəcər"in tikintisinə başlanıldı. Şəhər əhalisi, idarə-müəssisə işçiləri yeni şəhərin salınması təşəbbüsünü böyük razılıqla qarşıladı. Hətta tikintidə sürət və keyfiyyəti təmin etmək məqsədilə iməciliklər keçirmək barədə təşəbbüs qaldırıldı. Qısa vaxt ərzində hər biri 32 mənzilli, dördmərtəbəli yaşayış binaları, 10 ailə üçün nəzərdə tutulmuş beşmərtəbəli yaşayış evi, 60 yerlik müasir tipli mehmanxana, mükəmməl tibb avadanlığı ilə təchiz olunmuş 280 çarpayılıq mərkəzi xəstəxana, kitabxana, musiqi məktəbi, rabitə evi, son dərəcə dəqiq cihazlar quraşdırılmış seysmik stansiya, 5 min tamaşaçı tutan stadion, 1 milyon manat smeta dəyəri olan istilik sistemi və kanalizasiya, Kəlbəcər-Basarkeçər yüksək gərginlikli elektrik xətti, şahmat məktəbi, 60 yerlik məişət evi, 147 yerlik uşaq bağçası, 7 milyon manat dəyəri olan ümumi abadlıq işləri, həmin birliyin emalatxanası və digər sosial obyektlərin tikilməsi məhz ulu öndər Heydər Əliyevin Kəlbəcərə və onun əməksevər əhalisinə doğma münasibəti, qayğısı idi.

Yaxın tariximizin quruculuq dövrü olan yetmişinci illər tərəqqisini öz gözləri ilə görüb ilhama gələn ustad sənətkarın xalımızın böyük oğlu, müdrik rəhbər, qüdrətli şəxsiyyət Heydər Əliyevə həsr etdiyi şeirlər bu gün – üstündən illər keçdikdən sonra maraqlı və təzətər göründüyü kimi, həm də zamanla həmahəng səslənir:

Möhürlə yazılıb xalqın qəlbinə-

Silinməz tarixdən adı Heydərin.

Qəhrəman ellərdən alıb dərsini-

Belə böyük var ustadı Heydərin.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin şeirlərini oxuduqca ustad sənətkarın səmimi və təbii deyimlərinə valeh olursan. Həmişə elin dərdi ilə ağlayıb, sevinci ilə gülən ulu ozanın qarlı zirvələrdən qanadlanan ilham qartallı doğma Azərbaycanımızda gedən vüsətli inkişaf və Heydər Əliyev həqiqətlərini təbii ki, görməli idi:

Çiçəklənib Azərbaycan

Bu illərdə, bu illərdə.

Al bəzənib cümlə-cahan

Bu illərdə, bu illərdə.

 

Başa çəkdi hünər bizi,

Alqışladı zəfər bizi.

Xoşbəxt etdi Heydər bizi,

Bu illərdə, bu illərdə.

Ustad sənətkarın bu şeirləri yazdığı illərdə Azərbaycan sovetlər birliyinin «vahid ailə» üzvlərindən biri idi. Lakin, «ailə üzvləri» olan müttəfiq (müstəqil yox- A.C.) respublikaların da iqtisadi mənzərəsi müəyyən qədər bir-birindən fərqlənirdi. Bu fərqi görən, duyan və sevinən Aşıq Şəmşir təbii ilhama, fitri istedada malik bir el sənətkarı kimi odlar yurdu Azərbaycanın tərəqqi və yüksəlişinə saz tutub, söz qoşurdu. Bu uğur və ya zəfər «binasının» isə bir memarı vardı – Heydər Əliyev!

Aşıq Şəmşir məhz onun ağlını, kamalını vəsf edirdi:

Azərbaycanın igid oğluna

«Qızıl ulduz» qoşa-qoşa yaraşır.

Alqış kamalına, alqış ağlına,

Zərli tac kamallı başa yaraşır…

Yəqin ki, bu kitabçanı oxuyanlar ustad sənətkarımızdan müdrik rəhbərimizə ünvanlanan şeirləri yarandığı dövrün kontekstindən ayrılıqda  dəyərləndirməyəcəklər. Zamandan-zamana «yol gələn» bu yazılarda Dədə Şəmşirin həmişəbahar ruhu yaşayır.

Bu poetik deyimlər isə, təbii ki, Dədə Şəmşirin dili ilə kəlbəcərli söz əhlinin ulu öndərin müqəddəs ruhuna ehtiramıın ifadəsidir.
Heydər Əliyevin Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşündə təkcə onun inkişaf etmiş dağ rayonu, əhalisinin isə əməksevər olmasından deyil, bu əlçatmaz zirvənin zaman-zaman erməni məkrinin qurbanına çevrilməsinin qarşısının alınmasından söz açdı. Xəyanətin qurbanı olan Kəlbəcərin işğalına aparan yoldan, satqınların vətənə xəyanətindən danışdı. O gün bir daha kəlbəcərlilərin yaddaşına əbədi olaraq həkk edildi ki, yurd-yuvası Ermənistan tərəfindən darmadağın edilən məcburi köçkünlərə ümummilli lider Heydər Əliyevin diqqəti və xüsusi qayğısıdır ki, onların bir qrup ziyalısı ilə görüşür, Kəlbəcərin tarixi keçmişinə və strateji əhəmiyyətinə öz münasibətini bildirirdi: "Kəlbəcər rayon əhalisinin nümayəndələri ilə mənim bugünkü görüşümün məqsədi birinci növbədə, respublikanın ayrı-ayrı yerlərində məskunlaşmış bu rayonun sakinlərinin vəziyyəti ilə tanış olmaqdan ibarətdir.
Kəlbəcər rayonu üç il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə, onun sakinləri yerlərindən, yurdlarından didərgin düşüblər və respublikanın müxtəlif şəhərlərində, rayonlarında yaşayırlar. Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza çox böyük zərbələr vurubdur. Təəssüflər olsun ki, həmin müddətdə ərazimizin bir qismi işğal olunmuş və orada yaşayanlar, o torpaqların sahibləri didərgin düşüblər. İşğal olunmuş rayonlardan biri də Kəlbəcərdir. Kəlbəcərin işğalından üç il keçir. İnsanlar, adətən, bayram günlərini, müsbət hadisələri qeyd etmək üçün görüşürlər, eyni zamanda, milli adət-ənənələrimizə görə, tariximizdə olan bəzi faciəvi halların da ildönümünü, yaxud həmin günləri qeyd etmək üçün görüşürlər. Ona görə bizim bu görüşümüz də birinci növbədə, Kəlbəcər rayon sakinlərinin vəziyyəti ilə mənim şəxsən tanış olmağım məqsədi daşıyır. Siz üç ildir ki, yerinizdən-yürdunuzdan olmusunuz, didərgin düşmüsünüz. Bu günü xatırlamaq lazımdır”...
Azərbaycan xalqının ulu öndəri ilə kəlbəcərlilərin daha geniş tərkibdə növbəti görüşü bir ildən sonra, Kəlbəcərin işğalının 4-cü ildönümündə, Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki yataqxanaların birində, aprel ayının 2-də keçirildi. Kəlbəcərin Azərbaycan üçün strateji əhəmiyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev dedi: "Hamımız üçün ağır olan bu gündə siz kəlbəcərlilərin arasında olmağımdan, sizinlə görüşümdən çox məmnunam. Sizə öz hörmət və ehtiramımı bildirirəm. Kəlbəcər torpaqlarını qoruyarkən, müdafiə edərkən canlarını qurban vermiş, şəhid olmuş oğullarımızın, qızlarımızın xatirəsi qarşısında baş əyirəm. Allah bütün şəhidlərə rəhmət eləsin! Allah şəhidlərin ailələrinə və xalqımıza səbr versin! Mən əminəm ki, xalqımız, o cümlədən kəlbəcərlilər keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün öz səylərini göstərəcəklər.
Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər - gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.

Kəlbəcərdə yaşayan insanlar da o gözəl təbiətin, məğrur qayaların, dağların təsiri altında daim cəsur olublar. Eyni zamanda, zəkalı olublar, elmə, biliyə, mədəniyyətə həmişə çox böyük maraq göstəriblər. Ona görə də Azərbaycanın ucqar və dağlıq rayonu olan Kəlbəcərdə, eyni zamanda, həmişə yüksək mədəniyyət və yüksək mənəviyyat olmuşdur. Təbiidir ki, Kəlbəcər rayonundan çıxmış adamlar - kəlbəcərlilər Azərbaycanın hər yerində, xüsusən, Bakıda ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında özlərinə məxsus görkəmli yer tutmuşlar və ölkəmizin inkişafında öz xidmətlərini göstərmişlər. Bütün bunlara görə, Kəlbəcərin dörd il bundan əvvəl işğal edilməsi, düşmən tapdağı altında qalması bizim hər birimizi ağrıdır. Bu bizim hər birimiz üçün, Azərbaycan xalqı üçün ürək ağrısıdır, böyük dərddir.

Şübhəsiz ki, hər bir kəlbəcərli öz evi, ocağı, əcdadlarının qəbirləri, doğma torpağı haqqında düşünür. Xalqımız, dövlətimiz, o cümlədən mən də bu barədə, həm də Vətənimizin, ölkəmizin parçalanması dərdi barədə düşünürəm..."

…Dərd var, bir evin, dərd də var ki, bir elin olur. Evin dərdini el çəkir, elin dərdini isə çəkmək, kədərini bölüşmək daha çətin və ağırdır. Xalqımızın həmin günlərdə üzləşdiyi kədər isə nə elin, nə mahalın, nə də bütövlükdə Azərbaycanın idi, bu, böyük Türk dünyasına sığmayan, lakin qəlbimizə, gözümüzə sığan bir hüzn idi. Bəli, məhz dünyaya sığmayan kədəri xalqımızın 2003-cü il dekabrın 15-də baxışlarından oxumaq olurdu. Həmin günü xalqımızın birliyini, bütövlüyünü bir daha nümayiş etdirən tarixi bir məqam kimi də dəyərləndirmək mümkün idi. Xalqımız və bir də dünyanın aparıcı siyasi və dövlət xadimləri Azərbaycan xalqının, əslində isə dünyaya səpələnmiş dünya azərbaycanlılarının milli lideri, həyatının böyük bir hissəsini millətinin və xalqının rifahına, əbədiyaşarlığına həsr etmiş ulu öndər Heydər Əliyevi əbədiyyətə, bündan sonra isə qəlblərdə, könüllərdə yaşaması üçün son mənzilə yola salırdı. Heydər Əliyev tarix yaradan şəxsiyyət olduğu üçün tarix onu yaşadacaq.

Məhəmməd NƏRİMANOĞLU

QEYD: Məqalə xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Bakı Dövlət Universitetinin Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında «BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev» adlı keçirdiyi müsabiqəyə təqdim olunur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!