Modern.az

“Nizami Gəncəvinin Divanı kompyuterlə yoxlanmalıdır” - TƏKLİF

“Nizami Gəncəvinin Divanı kompyuterlə yoxlanmalıdır” - TƏKLİF

Ədəbi̇yyat

27 Aprel 2013, 16:47

Modern az saytının Nizami Gəncəvinin Azərbaycan dilində tapılan Divanı barədə verdiyi məlumat elmi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. İddianı təsdiqləyən də oldu,  inkar edən də.  Bu dəfə divanla bağlı diskussiyalara professor fəlsəfə tarixinin bilicisi, eləcə də tanınmış sosioloq olan Əhməd  Qəşəmoğlu qoşuldu. Məsələyə sosioloji aspektdən yanaşan Əhməd bəy özündən əvvəl opponentlərinin fikirlərinə münasibət bildirdi:

Əhməd Qəşəmoğlu məsələ ilə bağlı bildirib  ki, müzakirə olunan bu məsələ olduqca mühüm məsələdir. İstər qədim dövrlərdə, istərsə də son dövrlərdə yazılan kitabların, əlyazmaların, dram əsərlərinin, hətta şeirlərin müəllifinin kim olması ilə bağlı müzakirələr artmaqdadır.

 

“İndiki vaxtda inkişaf etmiş ölkələrdə bu mübahisələr müasir elmi-texniki metodların köməyi ilə ortadan götürülür. Bizdə isə bu məsələlər təəsüf ki, subyektiv münasibətlə həll edilir. Tapılmış əlyazmanın da böyük Nizamiyə nə dərəcədə aid olub olmamasını da bu şəkildə müzakirə etmək o qədər də doğru yol deyil. Əvvəla, ortaya konkret elmi fərziyyələr qoymaq lazımdır. Nizami türk dilində yaza bilərdi ya yox? Onun türk dilində yaza bilməsi kimi bir fərziyyə irəli sürmək olar. Əgər o türk dilini bilirdisə, hökmən belə bir əsar yazmalı idi. O dövrün tələblərinə uyğun olaraq möhtəşəm “XƏMSƏ”  fars dilində yazılsa da başqa bir mövzuda olan əsər ana dilində yazıla bilərdi. Bu fərziyyəni yoxlamaq üçün yalnız ekspertlərin fikrini əsas götürmək elmdə düzgün yol sayılmır”. 

Sosioloqun fikrincə, Nizami Gəncəvinin Divanı ilə bağlı ekspertlərin səhv edə bilərlər.

 

“Ekspertlər səhv də edə bilər. Misal üçün, mərhum akademikimiz Bəkir Nəbiyev öz sahəsində hansı səviyyədə mütəxəssis olmasından asılı olmayaraq, Nizamişünas deyil. Görkəmli yazıçımız Anar da onun kimi. Təcrübəli Nizamişünas kimi tanınan Ədəbiyyat İnsitutunun direktoru Teymur Kərimlinin də yalnız mülahizələrlə bu sahədə fikir deməsi doğru deyil. Tanınmış şərqşünas, professor Gövhər Baxşəliyevanın bu əsərdə çəkilən adların sonrakı dövrlərə aid olması ilə bağlı dediyi fikir də son qərar qəbul etməyə əsas vermir. Çünki başqa bir opponent də deyə bilər ki, bu sonrakı əsrlərdə əlyazmasının üzünü köçürənlər tərəfindən edilib. Misal üçün, Dədə Qorqud əsəri barədə islam motivləri ilə bağlı belə bir fikir var. Bütün bu fərziyyələrə, ekspert rəylərinə son vermək üçün indiki zamanda kompüterlərin koməyi ilə aparılan kontent təhlil metodlarından istifadə etməyə böyük ehtiyac var”.

Əhməd Qəşəmoğlu hesab edir ki, bu metodu tətbiq etmək üçün kompüter proqramlarından istifadə etmək lazımdır.

“Bu metodu tətbiq etmək üçün konkret kompüter proqramları var. Gövhər xanımın dediyi və əlavə parametrləri daxil etməklə əlyazmanın hamısını, yaxud bir hissəsini təhlil etmək, konkret nəticəyə gəlmək olar. Həmin parametrlərin seçilməsində ekspertlər mühüm rol oynaya bilər. Onların dediyi hər bir fikir incəliyinə qədər  nəzərə alına bilər. Bundan sonra, irəli sürülmüş fərziyyələrin, rəylərin nə dərəcədə düzgün olması üzə çıxar. Ölkəmizdə bu metodlardan istifadə etmək üçün kadr, elmi-texniki baza vardır. Bu günə qədər biz bu metodlardan istifadə sahəsində müəyyən bir xidmət qrupu yaratmamışıqsa bu heç də yaxşı hal deyil”-deyə sosioloq bildirib.

Elmin Nuri

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi