Modern.az

Alə, şalvarıvı niyə soyunursan?

Alə, şalvarıvı niyə soyunursan?

28 Aprel 2013, 13:47

”Qabili bilirsənsə, sənə “5” düşür”

Universitetə qəbul üçün sənədlərimi verəndə mənə 28 nömrəsini verdilər. Yəni ki, 1-ci qrup 28-ci adam mən idim. İndiki dildə desək, kodum 28 idi. İmtahanlara xüsusi nəzarət vardı. Hətta müəllimlər öz kölgəsindən də qorxurdular. Valideynlərin də nəzər-baxışları öz yerində. Atam isə belə şeyləri bilmirdi. Həyətdə şair Musa Yaqubla (onun qızı Yaqut da mənimlə imtahan verirdi) gəzişə-gəzişə hey gözü imtahan götürəcək müəllimləri gəzirmiş ki, elə orada yaxınlaşıb “məni yada salsın”. İlk gözünə sataşan isə dostu, professor Cəlal Abdullayev olub. Cəlal müəllim atamın xasiyyətini yaxşı bilirmiş. Bilirmiş ki, onda diplomatiya, məxfilik deyilən bir şey yoxdur. İndi yaxınlaşaçaq və camaatın yanında deyəcək: “Cəlal, necəsən? Tamilla, uşaqlar necədir? Mahir burdadı ha... 1-ci qrup, nömrəsi 28. Özün bilirsən də gözümün ağı-qarası bircə oğlum var. Day Sizə işim-zadım düşməyəcək. Faiq Bağırzadədən də xeyir-dua almışam. Sən Allah yaddan çıxartma”.
Atamın yaxınlaşdığını görən Cəlal müəllim onu görmürmüş kimi “bilirəm 28 Aprel, 28 Aprel” deyə təkrar eləməyə başlayıb. 28 Aprel - Azərbaycanda Sovet Hakimiyyətinin qurulduğu gün idi. Cəlal Abdullayevin tapıntısı atama, daha doğrusu mənə çox kömək elədi. Daha heç kimə yaxınlaşmaq lazım deyildi. Uzaqdan elə “28 Aprel” demək bəs idi. 1983-cü ildə universitetə qəbul olan “28 aprel”i 1991-ci ildən sonra atam dəyişdirib 28 May elədi.
İlk imtahan müəllimim də Cəlal Abdullayevlə professor Firudin Cəlilov oldu. Bileti danışdım. Dedi ki, “onları mənə niyə danışırsan, onları bilirəm də… Sən Qabilin yaradıcılığını əzbər bilirsən?”. Dedim ki,  bəli. “Nəsimi” poemasından 1 fəsli əzbər dedim. 
- Qabili bilirsənsə, deməli sənə “5” düşür. Get.
 
Divara xalça vurmuşuq”
 
Atamın dostları bizə gələndə yerdə xalça-zad olmadığını görüb bir də ayaqqabılarını soyunmurdular. Çünki vurandan sonra ipli çəkmələri geyinməkdə çətinlik çəkirdilər. Anam da onlar gedəndən sonra hey deyinirdi ki, bəs ayaqqabıların niyə soyunmurlar, “tapoçka” niyə geyinmirlər və ilaxır. Atam da belə şeylərə fikir verən deyildi, əhlikef adam idi. Lakin bir gün qərara gəlir ki, arvadın dediklərinə qulaq assın. Salam Qədirzadə evə girən kimi:
- Salam, ayaqqabını çıxart!
- Niyə?
- Divara təzə “belqiyski” xalça vurmuşuq.
 
Hamını məətəl qoyan hadisə
 
Mənim ad günlərim evdə çox təmtəraqla keçirilirdi. Buna ilboyu hazırlıq gedirdi. Siyahı     tutulurdu. Bazarlıq, Lənkərandan ağ balıq, qara kürü (Allah bacanağı podpolkovnik    Abbasəlinin canını sağ eləsin. Nədənsə general, komandan olanda bu ənənəni pozdu),  Mərdəkandan 3 cür qutab... Qonaqlar da qonşularımız.
Günlərin bir günü qonaqlar 3 yaşıma toplaşıblar. Gələnlər süfrə başına keçibmiş. Hədiyyə həvəsi ilə qonaqları mən də qarşılayırmışam. Böyük otaqdan isə giriş qapısının kandarı görsənmirmiş. Amma gələnləri səsindən həmən tanımaq olurmuş. Hamı toplaşıbmış. Bu an yenə qapı döyülür. Gələn isə qonşumuz İsmayıl Şıxlıymış.     
- A, İsmayıl müəllim xoş gəlmisən, səfa gətirmisən. Yox, a kişi, ayaqqqabını soyunma. Xalça-zad yoxdur. Alə, şalvarıvı niyə soyunursan?
Otaqda oturanlar məəttəl qalır ki, bu nə deməkdir? Birinci deyir ki, ayaqqabını soyunma. Sonra da deyir ki, şalvarını niyə soyunursan. Özü də kim-kim İsmayıl Şıxlı kimi bir adama.
Sonradan məlum olur ki, atam həmin sözü ona yox, kirvəsini qarşılamağa şıxan mənə - 3 yaşlı Mahirə deyirmiş... 

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır