Modern.az

Ermənistanın AŞPA Nazirlər Komitəsinə sədrliyi hüququn aliliyinə hörmətsizlik olacaq

Ermənistanın AŞPA Nazirlər Komitəsinə sədrliyi hüququn aliliyinə hörmətsizlik olacaq

29 Aprel 2013, 18:24


Elxan Süleymanov,

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü
 

AŞPA-nın yaz sessiyası çərçivəsində 5 nümayəndə heyətini təmsil edən 25 deputatın imzası ilə 18 fevral 2013-cü il tarixdə Ermənistanda keçirilmiş prezident seçkilərində AŞPA seçki müşahidə missiyasına etirazı özündə ehtiva edən qətnamə təklifi irəli sürülmüşdü. AŞPA rəhbərliyi birmənalı şəkildə bu qətnamə təklifinin müzakirəyə çıxarılmasının qarşısını aldı. AŞPA deputatlarının imzaladıqları qətnamə təklifində qaldırdırılan məsələ prinsipial xarakter daşıyırdı.

Həmin qətnamə təklifində sorğulanırdı ki, Avropa Şurasının üzvü olan digər dövlətin – Azərbaycanın – 20% ərazisini zorakılıqla işğal edən, 1 milyona yaxın insanı məcburi köçkünə çevirən, əsas beynəlxalq hüquq normalarını, demokratiya, insan hüquqları və qanunun aliliyinin bütün standartlarını pozan Ermənistanda hansı meyarlarla seçki müşahidə missiyası təşkil edilə və demokratiyanı qiymətləndirə bilər? Başlıca olaraq, qətnamə təklifində beynəlxalq seçki müşahidə missiyalarının təşkil edilməsi üçün ilkin zəruri şərtin digər dövlətin ərazisinin işğal edilməməsi təklifi irəli sürülmüşdü və bu zəruri şərtin müəyyənləşdirilərək qəbul edilməsi üçün açıq müzakirələrin keçirilməsinin vacibliyi vurğulanırdı. Təkilf sənədində qeyd edilirdi ki,  işğal kimi beynəlxalq cinayət hərəkətinə görə təqsirli olan hər hansı üzv dövlətdə seçkilərin monitorinqinin keçirilməsini,  həmin seçkilərin demokratik standartlar prizmasından dəyərləndirilməsini təşkil etməzdən əvvəl işğalın aradan qaldırılması və əvvəlki hüquqi vəziyyətin bərpası mütləq ilkin şərt olmalıdır.

Qeyd edilməlidir ki, Assambleyada Prosedur Qaydalarına uyğun təqdim olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə qətnamə təklifinin müzakirəyə çıxarılmasının və məsələ ilə bağlı şəffaf şəkildə müzakirələrin keçirilməsinin qarşısının alınması bizi çox narahat edir. Ümumiyyətlə, qətnamə təklifinin müzakirəyə çıxarılmamasının səbəbi  AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir müzakirənin aparılmasının qarşısının alınması cəhdləri ilə bağlıdır. Zənnimcə, insan hüquqlarına, demokratiya və hüququn aliliyinə hörməti  özünün əsas məqsədi hesab edən AŞPA üçün bu utancverici və narahatedici hal sayılmalıdır.  Belə hallardan biri də ondan ibarətdir ki, işğalçı Ermənistan bu ilin iyul  ayından Avropa Şurasının əsas qurumlarından biri olan Nazirlər Komitəsinə sədrlik edəcək. Hesab edirəm ki, Avropa Şurasına üzv olan bir dövlətin – Azərbaycanın – ərazilərini 20 ildən artıq bir müddət ərzində hərbi işğal  altında saxlayan digər üzv dövlətin – Ermənistanın – Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi qeyd edilən dəyərlərə hörmətsizliyin nümayişindən başqa bir şey deyil.

Qeyd etməliyəm ki, mən yaz sessiyasından əvvəl AŞPA-ya Ermənistanda keçirilən prezident seçkilərinin və Xocalı faciəsinin həmmüəllifi və aktiv iştirakçılarından biri olmuş Serj Sarkisyanın yenidən bu ölkənin prezidenti seçilməsinin demokratiya və insan hüquqları prizmasından qiymətləndirilməsinin yolverilməzliyini ehtiva edən bir neçə məktubla müraciət etmişdim. Lakin bu məktubların heç birinə indiyədək cavab almamışam. Görünür ki, bunun səbəbi cinayətkar əməllərinin ört-basdır edilməsi məqsədilə Ermənistanın AŞPA tərəfindən müəyyən mənada çətir altına alınaraq, veto və ya açıq demokratik müzakirələrin susdurulması yolu ilə “toxunulmazlıq” əldə etməsi ilə bağlıdır.    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi