Modern.az

Səməd Vurğunu “bitirdik”, indi də növbə Süleyman Rüstəmindir

Səməd Vurğunu “bitirdik”, indi də növbə Süleyman Rüstəmindir

30 Aprel 2013, 11:22

Bu gün müzakirədəydim. Çox yoruldum. O qədər çərənlədim ki... Sovet dövründə müharibədən çəkilən kinolardakı partizanlar kimi ac saxlayırlar, döyürlər, işgəncə verirlər, dırnaqlarımı    çıxarırlar. Satmıram silahdaşlarımı. Dediyimdə də dururam: “Səməd Vurğun şair deyil, Xalq düşmənidir, satqındır. Mən onun nəvəsi yox, Mikayıl Müşfiqin nəvəsiyəm”.
Müzakirədən lap qalib kimi ayrılıram. Ha başa salmaq istəyirlər ki, bunlar tarixi şəxsiyyətlərdir, toxunulmazdırlar. Başa düşmürəm. Yəqin cavanam. Gənclər inqilab ruhlu olurlar axı. Amma yaxşı söydüm a, Səməd Vurğunu, heç cavab da verə bilmədilər.
Nə cavab versinlər, axı. Mən gənc şair və yazıçılar nəsliyəm. Yeni nəfəsəm. Bu bizik – yeni nəsil. Zəmanəmizin eqoları. Dözdük, dözdük. Bizi tanımadılar. Yaşlaşdıq. “Qılınc” götürdük, hücuma keçdik. Bir müddət diri mogikanlarımızı söydük – xeyri olmadı. Yazıçılar Birliyinə meydan oxuduq – xeyri olmadı. İndi də keçmişik Səmədlərə, Süleymanlara, Axundovlara, Cəlillərə. Heyif deyil ölülər? İnsan nə qədər reytinq qazanarmış, Allah!   
Nəsə çox yorulmuşam. Nə qədər döşədim ə... Qarğa kimi qartala nə qədər daş atmaq olar. Bu zalım oğlu vəkil də dil-boğaza qoymur a... ha çalışırdı ki, bağlasın bizi. Yox, gələn dəfə o olsa, getməyəcəyəm debata. Tərləməli halım yoxdur. 
Yoruldum. Çörəyimi yeyim, yatım. Bu gün yaxşı söymüşəm. Ona görə də sabah yenə çağırarlar. Axı, başdan-ayağa “reytinq”əm... 
Səməd Vurğunu bitirdik, indi də növbə Süleyman Rüstəmindir. Azərbaycan Sovet ədəbiyyatı tarixindən hər ehtimala bir-iki səhifə varaqlayım. İstədiyimi tapdım: Ah Süleyman Rüstəm, Süleyman Rüstəm, deməli sən keçən əsrin 20-30-cu illərində “Tar səsə qoyulur” şeiri yazmısan, hə? Mənim də xəbərim yoxmuş. İndi gör debatda səni müdafiə edənlərin başına nə oyun gətirəcəm?

Kəs səsini, ötmə tar! Ötmə dedim, ötmə tar.
İstəməyir proletar səndə çalınsın Qatar.

Bir az da oxuyum, yataram da... Ah, tapdım. Kişi adamsan, Mikayıl Müşfiq, nə yaman cavab verib a, Süleyman Rüstəmə:

Oxu tar, mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
Ala da bilərəm.

Bir az da oxuyum. Bomba!!! Sabah bomba partladacağam. Mikayıl Müşfiqin sözündən sonra Süleyman Rüstəm oturub e yerində. “Yedizdirib” e, Mikayıl Müşfiq onu. Utanmaz-utanmaz Müşfiqə yaltaqlanmaq üçün “Tarı səsə qoymaq olmaz” şeiri də yazıb. Adam kişi olar e, tüpürdüyün yalamaz. İndi durun qabağımda, süleymanşünaslar, görüm necə duruş gətirirsiniz? 

Yox, yox, buna qane oldum, tarı səsə qoymaq olmaz,
Onun doğma ahəngindən doymaq olmaz, doymaq olmaz.

Bu lap əla oldu. Bəlkə bir az da ifrata varım. Söyüşlə deyim. Bütün saytlar baş səhifəyə qoysunlar. Onsuz da çətin ki, yazılarımla sənətdə qalım. “Mikayıl Müşfiq Süleyman Rüstəmin səhvini özünə “yedizdirdi””. Yox, çox sərt çıxdı. Birdən novxanılılar əsəbləşərlər, gəlib qulağımı kəsərlər. Saytlara nə var ki, onlarçun sensasiya olsun-beş gün, on gün. Amma əvəzində mən ömrümün axırınacan tayqulaq qalacağam. Protez də yoxdur ki, taxdırım. Heç olmasa kəsdiklərini versəydilər, yerinə tikdirərdim. Yox e, bunlar adamın qulağını kəsirlər, o saat da itə yedizdirirlər.
 Çətinə düşsəm ataram saytın rəhbərinin boynuna. Lazım olsa, üzr də istəyərəm nəslindən, Novxanı camaatından. Lap uzağı, uzağı deyərəm ki, ağzımdan çıxdı. Sərdara neylədilər ki, mənə də nə eləsinlər? Üstəlik Qazax ziyalıları o boyda yolu gəlib Sərdar Cəlaloğlunu tapıb “kaznitləmək” əvəzinə, getdilər Səmədin qəbrini ziyarət etdilər. Başdaşına dedilər ki, “Səməd,    sən böyük adamsan, böyük şairsən!”. Guya Səməd bilmirdi ki, necə adamdı? Onu Sərdar Cəlaloğluna başa salmaq lazım idi ki, mənə də, başqalarına da dərs olsun, ay qazaxlılar! Düz deyiblərmiş – torpaq soyudar. Nə isə.

Bu yaşlı nəsil də lap dəli eləyib məni. Deyirlər ki, 1937-ci il olsaydı sən Müşfiqlər, Cavidlər haqqında lap beşbetərin deyərdin. Dedim ki, əsla. Mən əsl yazaram, heç vaxt sözümdən dönmərəm. Nə isə yoruldum. Bu Müşfiqi nə qədər tərifləmək olar? Görəsən yaxşı şairdir? Gərək  tapım kitabını oxuyum. Amma, neyləyirəm e... “Yenə o bağ olaydı” şeirinin televizorda klipinə baxmışam da. Başdan-ayağa erotikadır:

”Yazaydım səhər-axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə ürəyincəmi?”

Bilirsiniz də səhər-axşam yazaydım deyəndə nəyi nəzərdə tutub da... Sonra da soruşur ki, ürəyincə oldu, ya yox? Bax buna deyərəm şair.

Biz cavanların isə nə bağa getməyə pulu var, nə də bara. Eləcə “Odnoklasnik”də yazışırıq, deyişirik, ”atışırıq”.  Virtual da olsa, başa vururuq. Sonra da soruşuruq ki, “ağez, necəydi?” O da deyir ki, “adımı da səhv yazmışam, şəklimi də. Mən cana deyiləm, “qoluboy”am. Gəl “Baksovet”in qabağında görüşək”. Vəssalam. Bu da mənfason şairlərin “yenə o bağ olaydı”sı.

Nə isə yatıram: Qapı döyülür. Qara meşin plaş geyinmiş 4 nəfər içəri girir. Anamın rəngi qaçır. Bircə “bunlar dəniz qırağındandırlar, (“KQB” xalq arasında 1937-ci ildə belə adlanırdı) evimiz yıxıldı” deyə bilir. Məni aparırlar. Qabağıma bir qələm, bir də kağız qoyurlar. Deyirəm ki, mənim qələmim yoxdur, kompüterdə yazıram. Deyirlər: “Qələmin yoxdursa, onda niyə qələmi olanlara ilişirsən? Sən lap bizim adamsan. Yaz: “Mikayıl Müşfiq xalq düşmənidir, pantürküstdür, Hüseyn Cavidin təsirinə düşüb, yazılarında Sovet Hakimiyyətini devirmək istəyənlər öz əksini tapıb. Bir-ikisini də özün əlavə elə. İlhamın var, bilirik”. 
Yox, yox, axı mən bu gün Səməd Vurğuna böhtan atdım ki, Mikayıl Müşfiqi satıb. Mən, ”O” , ola bilmərəm:
- Yazmıram.
”KQB” əməkdaşı mənə yaxınlaşır. Aman Allah, yəqin indi çırpacaq eşşək potası kimi. Dəxli yoxdur, yazmayacağam. Lap dırnaqlarımı da çıxarsınlar. Oturduğum stulu dövrə vurub getdi. Heç çırtma da vurmadı. Yox, deyəsən bunlar məni yoxlayırlar.
- Yazar, çay içirsən? Şokoladla.
- Yox! Sizin çayınız-mayınız mənə lazım deyil!
Nə qələt elədim. Ürəyim şokoladla çay istəyirdi. Pul da yoxdur ki, heç olmasa evə şokoladdan-pirojnadan alım. Nə qədər qəndlə çay içmək olar? 
- Özün bilərsən. Deməli yazmırsan?
- Yox.
- Xoşum gəldi. Axır ki, başa düşdün.
- Nə “başa düşdün” ki? Yazmıram!
- İndi bu dəqiqə dedin ki, “yazıram”. Nə sürüşkən adamsan ə. Soruşuram ki, “deməli yazmırsan?” Deyirsən “yox”.  İnkarla inkarı təsdiq etdin. Bu da razılıq deməkdir. Sən heç qramatika-zad da bilmirsən ki? Necə yazan olmusan?
Lap başım şişdi. Qızarıram. Deməli savadsız, sürüşkən imişəm? Amma dəxli yoxdur. Yazmayacağam.
- Şair, heyvanları sevirsən?
- Ceyranlardan başqa. Onları Səməd Vurğun çox sevir.
- Ə, Səməd Vurğun kişidir, bilirəm, ceyranları da, canaları da, masyaları da çox sevir. İlhamını gözəllərdən alır. Mən səndən heyvanları soruşuram e.
İndi də maralsevən çıxartdılar məni. Əcəb yerdə axşamladım. O boyda vəkil bağlaya bilmədi məni. Xoşbəxtlikdən müzakirəyə ayrılan vaxt qurtardı. Bu dılğır zabit isə bağlaya-bağlaya gedir məni. Yox, qələt elədim. Bu sözün müəllif hüquqları mənə aid deyil. İndi neynəyim? Ağzımdan çıxdı da.   
Bəlkə yazım, əl çəksin məndən. Lap bezdim e... Yox dözəcəm. Axıracan. Lap Müşfiq kimi. Müşfiqlər kimi.
- Şair, sualıma cavab vermədin. Heyvanları sevirsən?
- Sevirəm. Xüsusilə də ev heyvanlarını. İtim də var, pişiyim də.
- Lap yaxşı. Bu gecə ev heyvanıyla bir kamerada yat, sabah səhər metro açılan kimi buraxarıq gedərsən evinə.
- Evə getməyəcəyəm, yoldaş zabit. Mətbuata çağırıblar. Ora gedəcəyəm. Bax getməsəm aləmə car çəkəcəklər ki, yazarı tutublar. Sonra özünüz cavab verməli olacaqsınız.
- İndi buraxardım e... Sizi. Sadəcə, maşın yox, metro yox. Sən də kasıb adam, taksiyə verməyə pulun yox. Yolda da sataşıb eləyərlər. Gecəni burda rahat yat, ev heyvanıyla, sabah gedərsən. Amma çətin ki, səni yatmağa qoya, yaman acdır.
- Narahat olmayın. Şokolad payımı ona verərəm. Mən heyvanları çox sevirəm. 
Zabit zəngi basır. İçəri üstü örtüklü bir balon gətirirlər. Zabit mələfəni götürür. Aman Allah, balonun içində yekə bir siçovul. Siçovul nədir? Mən siçan görəndə siçan deşiyi axtarıram gizlənməyə. Bunların ev heyvanı budur?
- Gəl, şair. Yazıq heyvan acdır. Yemlə onu. Amma çətin ki, sənin şokolad payınla doya. 5 gündür ki, yazığın dilinə heç nə dəymir. Sənin kimi rəhmli, gözütox, istedadlı şair gözləyirdi. Əsasən biz bunu pis adamlar üçün nəzərdə tutmuşuq. Qədim Çin metodudur. Qapağın açmırıq. Eləcə tuturuq qatı cinayətkarların qarnına. Nə var açıb deyirlər. İnadkarları olanda isə qapağını açırıq. Ac siçovul da yeyə-yeyə qarnına daxil olmağa başlayır. O da hər şeyi açıb deyir. Amma, neynəyək ki, siçovulu geri qaytara bilmirik. Məcbur olub caninin arxasından başqa bir balon da qoyuruq. Belindən çıxanda girir təzədən yuvasına. Vəssalam. Onun da canı qurtarır, bizim də. Özü də təmiz Çin malıdır. Pekindən gəlib. 
Amma sən şair adamsan. Elə əclaflıq eləmərəm. Nə olsun ki, 37-ci ildir, mən də erməni? Sadəcə qapağını açıb kameraya buraxıram. Özünüz bilərsiniz. Mehriban olun. Mən getdim.
Zabitin ayaqlarına düşürəm. Yalvarıram.
- Yazacam, nə desəniz yazacam. Mikayıl Müşfiq o ...–dır, ...-dür, ...-dur, ...-dir, pantürküst yox, Atatürkün özüdür. Əksinqilabçı yox! Lap Trotskidir. Səməd Vurğun kişidir. Vəkil dahidir. Qələt eləmişəm. P... yemişəm...
- Ay bala, oyan! Oyan! Nə olub?
Tər-qan içində yuxudan oyanıram.
- Ay bala, nə olub?
- Kabus görürdüm, ana. 1937-ci il girmişdi yuxuma.
- Kabus görürdün-görürdün, bəs Mikayıl Müşfiqi niyə biədəb, biədəb söyürdün. Ayıb olsun sənə. Tərbiyəsiz, qanacaqsız. Mən sənə belə tərbiyə vermişəm?
Yaman yerdə axşamladım. Erməni zabit məni qələmsiz, savadsız, maralsevən, sürüşkən    çıxartdı, anam da tərbiyəsiz, qanacaqsız. 
Anam otaqdan çıxır. Amma mən yuxunun təsirindən çıxa bilmirəm. Aman, deməli 37-ci ildə belə şeylər varmış? Yox e, ola bilməz, yuxudur da. Yaxşısı budur kitabı bir az da varaqlayım. Debata gedəcəyəm axı. 

Mən əzilən sinfin hayqıran
Haq bağıran sədasından yarandım
Ölümlərin pəncəsində hıçqıran
Məzlumların nəvasından yarandım.

Ax, Süleyman Rüstəm, Süleyman Rüstəm. Gör səni bu gün neyləyəcəyəm?
 
Şeirlərin ən gözəli, ən incəsi,
Əvət budur:

- Bütün dünya işçiləri, birləşiniz!
- Bunu gərək biləsiniz!
 
Səni proletar eləmək mənə borc olsun, Süleyman Rüstəm. Davam edirəm:
Proletar sənəti –Döyüşkən bir sənətdir. 

Nə Süleyman Rüstəm? Başa düşmədim. Bu şeirlər demə Mikayıl Müşfiqinmiş ki... Mən də səhərdən bu yazıq Süleyman Rüstəmi söyürəm. O kommunist dedi, proletar, sosialist realizmi    dedi, sinfi düşmənləri söydü - axıracan da simasını saxladı. Deməli Səməd Vurğunda, Süleyman Rüstəmdə bu qayə imiş, Müşfiqdəsə  zireh? Mikayıl Müşfiqin bəyənmədiyi Sovet dövründə 27 yaşınacan 10 şeirlər kitabı, 7 tərcümə kitabı çıxıb ki..? Doğurdan da təsirə düşmək çox xatalı şeymiş. Aaa, özü də bu şeirləri yazanda hərəsinin 24-25 yaşı olub e..? Bu yaşda özlərindən böyük Cavidlərə, Əhməd Cavadlara meydan oxuyublar? Lap bizim kimi? Yox! Özləri kimi. Bizim onların şeiriyyətinə, 24 yaşına çatmağımıza çox var.
Bağışlayın, ustadlarımızın ustadlarının ustadları. Debata getməyəcəyəm. Bu tarix mənlik deyil, çox qəliz şeymiş. Özüm şahidi olmuşam. Yuxuda. Uyquda.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır