Modern.az

Əhliman Əmiraslanov: “Heydər Əliyevlə bağlı sizə bir sirr açım” - MÜSAHİBƏ

Əhliman Əmiraslanov: “Heydər Əliyevlə bağlı sizə bir sirr açım” - MÜSAHİBƏ

1 May 2013, 08:47

Akademik: “İnsanlarımız Loğmanı kənarda axtarmamalıdırlar”


Modern.az
-ın müsahibi Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akadmik  Əhliman Əmiraslanovdur. 

– Görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tanınmış insanlar onunla bağlı xatirələrini bizimlə bölüşür. Sizin də Heydər Əliyevlə bağlı xatirələrinizi eşitmək istəyirik.

– Nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində Ulu öndərin 90 illik yubileyi qeyd olunur. Onun Azərbaycan üçün gördüyü işlərin misli yoxdur. Hansı sahəyə müraciət etsək görərik ki, o sahənin inkişafında böyük rolu olub. İstər SSRİ dövründə respublikamıza rəhbərlik edəndə, istərsə də müstəqilliyimizi əldə edəndən sonra 90-cı illərin əvvəllərində, yəni yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlər göz qabağındadır. Bu gün Azərbaycanda olan nə varsa, onun adı, siyasəti ilə bağlıdır.

– Heydər Əliyevin tibb sahəsinin inkişafındakı xidmətlərini necə dəyərləndirirsiniz?

– Ulu öndərin səhiyyə, tibb təhsili sahəsində gördüyü işlər çoxdur. Hələ SSRİ dövründə dünyanın başqa ölkələrinə çıxışımız yox idi. O dövrlər Heydər Əliyev təhsil sahəsində düzgün siyasət aparırdı. Çox istedadlı gəncləri SSRİ-nin ən qabaqcıl mərkəzlərinə – Moskva, Sankt-Peterburq, Kiyev kimi güclü tibb mərkəzlərinə göndərirdi. Mən də o gənclərdən biriyəm. Daha doğrusu, o vaxt gənc idim. 70-ci illərin əvvəllərində Moskvaya gedənlər arasında idim.

– Sizin Azərbaycana gəlməyinizdə Heydər Əliyevin rolu olub. 20 il Moskvada həkim kimi çalışdıqdan sonra, Azərbaycana dəvət olunmağınız həyatınızda nəyi dəyişdi?

– Moskvada aspiranturada təhsil aldığım vaxtda  həmişə ulu öndər ora gələrdi. Bizim daimi nümayəndəliyimiz vardı. Azərbaycanlı tələbələrin problemlərini daimi nümayəndəlikdən soruşardı. Bu cür diqqət və qayğı  heç vaxt yaddan çıxa bilməz. Aspiranturanı bitirərkən mənə təklif etdilər ki orda qalım. 20 il Moskvada həkim kimi çalışdım. 20 ildən sonra Azərbaycana dəvət olundum. Mən həkiməm, onkoloqam. Peşəmlə əlaqədar Heydər Əliyevlə bir neçə dəfə yaxın təmasımız olub. O elə bir zirvə idi ki gənc bir adamın onunla görüşməsi qeyri-adi hadisə idi.

– Heydər Əliyevin daha hansı xidmətlərini xatırlayırsınız?

– Onda elə məntiq vardı ki həmin məntiqlə məsələlərin dərininə gedirdi, məğzini açmağa çalışırdı. Heydər Əliyevlə bağlı bir sirri açım sizə: onunla vaxtilə bir yerdə işləmiş sonradan əlaqəsi olmayan insanlar xəstələnəndə onlara diqqət yetirirdi. O vaxtlar ölkədə dərman qıtlığı vardı. Tibb bugünkü qədər inkişaf etməmışdı. O deyirdi ki, bəlkə xaricdən dərman gətizdirək, bəlkə onları xaricə göndərək. Bu cür diqqət heç vaxt yadımdan çıxmaz.

– Tibb universitetinin əsaslı təmiri də Heydər Əliyevin adı ilə bağlıdır.

– Ulu öndər tibb sahəsinə maddi vəsait ayırdı. Binanın tikintisi başa çatdıqdan sonra açılışına özü gəldi və geniş proqram şəklində çıxış etdi. O çıxışında bir nitq söylədi. “Azərbaycanda olan həkimlərin hamısı mənim dostumdur”, – dedi. Tibbə, tibb ictimaiyyətinə həkimlərə onun xüsusi bir diqqəti, qayğısı vardı. Bizim universitetin korpusunu gəzdi. Həmin vaxt bizim binanın açılışı müəllimlər qurultayına təsadüf edirdi. Mən də orda iştirak edirdim. Təsəvvür edin, 1998-ci ildir, məktəblər tikilmir, maddi texniki baza yarıtmaz vəziyyətdədir. Tibb Universitetinin tikintisi ulu öndərə xoş təsir bağışlamışdı. O sevindi. İki il sonra universitetin 70 illik yubileyində gəldi. Akt salonunda ilk dəfə çıxış etdi. Onda da universitetimiz haqqında çox yaxşı sözlər dedi. Həmin söhbətlər indi də yaddaşıma həkk olunub. Moskvada olanda Heydər Əliyev baş nazirin birinci müavini kimi tibb ictimaiyyəti ilə bir toplantı keçirmişdi. O toplantıda məşhur təbib Sergey Bloxin də iştirak etmişdi. Toplantıdan qayıdandan sonra sizə açığını deyim. Bloxin kiməsə tərifli sözlər deməyə çox xəsis adam idi. Yadımdadır, mənə müraciət elədi ki, Heydər Əliyeviç hansı universitetdə təhsil alıb? Dedim, Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Dedi: “Heç kim inanmaz ki, o tibb təhsili almayıb”.
Heydər Əliyev tibbi xırdalıqları elə gözəl etdi ki, orda oturan insanlar onun tibb təhsil aldığını düşünmüşdü. Heydər Əliyev böyük şəxsiyyətdir. Azərbaycanda tibbi klinikaların yaranması onun adı ilə bağlıdır. Tibb Universitetinin idman kompleksini, yataqxanalarını bütövlükdə maddi-texniki bazanın yaradılması ulu öndərin adı ilə bağlıdır. Şübhəsiz, hər bir sahədə Ulu öndərin izi var. Bu yaxınlarda Akademiyanın ümumi yığıncağı oldu. Akademiyanın qorunub saxlanmasında onun fəaliyyəti olub. Vaxt vardı Akademiya çox böyük təhlükə altında idi. Ulu öndər hakimiyyətə gəlməsəydi akademiya məhv olardı.
– Son dövrlərdə keyfiyyətli tibb cərrahları problemimiz var. Bu haqda nə deyə bilərsiniz?

– Mən səhiyyə naziri deyiləm. Bu sualı səhiyyə nazirinə versəniz, daha yaxşı olar. Bunu deyə bilərəm ki ilbəil səhiyyədə kadr təchizatı istər kəmiyyət istərsə də, keyfiyyət baxımından yaxşılaşır. Bu o demək deyil ki, səhiyyə sahəsində problem yoxdur. Bir çox sahələr vardı ki  5-10 il bundan qabaq xəstələri burda müalicə edə bilmirdik. Ürək-damar cərrahiyyəsi, estetik cərrahiyyə orqan transplantasiyası Azərbaycanda olunmurdu. İmkanı olan xaricdə müalicə olunurdu. İmkanı olmayan da dünyasını dəyişirdi. Bu gün elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda adekvat müalicə etmək mümkün olmasın.

– Regionlarda müasir diaqnastika mərkəzləri var. Son dövrlər mətbuatda ölüm faktlarına rast gəlirik. İnsanlar bir növ, həkim məsuliyyətsizliyinin qurbanı olur. Statistikaya əsasən, Azərbaycan Cənubi Qafqazda uşaq ölümü faktına görə birinci yerdə durur.

– O statistika tamamilə yanlışdır. Uşaq ölümü, doğuş fəsadları ilbəil azalır. Bütün sahələrdə ağırlaşmalar azalır. Bu o demək deyil ki, ölüm faktı yoxdur. Məsuliyyətsiz həkimlərimiz də var. Bütün həkimlər haqqında bunu demək olmaz. Hər bir əməliyyatın ağırlaşma riski var. Yüz faiz söz verən cərrahın yanına heç vaxt getməyin. Dünyanın ən məşhur klinikalarında da ölüm hadisələri qeydə alınır.

– Milli kadrların böyük bir qismini xaricə, çox tanınmış klinikalara göndəririk. Tibb Universitetinin 400-ə yaxın məzunu Türkiyədə mütəxəssis kimi tanınır. Həmin adamların Azərbaycana qayıtma faizi nə qədərdir?

– Çox cüzi bir hissəsi orda qalır. Kim hansı klinikadadır həm Səhiyyə Nazirliyində, həm də bizdə onların siyahısı var. Almaniyada böyük bir qisim məzunumuz çalışır. Təkcə keçən il 62 nəfər Tibb Universiteti məzunu Almaniyada rezidenturanı qazandı. Tələbələr də bu proqrama daxildir. Bu gün Azərbaycan Tibb Universitetində 9-10 nəfər bir çox ixtisaslar üzrə mütəxəssislər çalışır. Bu mütəxəssislər həm mühazirələr oxuyurlar, həm də bizim həkimlərlə tələbələrlə birlikdə xəstə qəbul edirlər. Şübhəsiz, bu yolu gələcəkdə də qəbul etdirəcəyik.

– Təhsilini başa vuran gənc həkimlər bölgələrə gedib həkim kimi fəaliyyət göstərmək istəmirlər. Bu zaman kadr qıtlığı yaranır, ölüm faizi yüksəlir. Bu barədə bir alim kimi nə deyə bilərsiniz?

– Son 5 ili götürün. Səhiyyə Nazirliyi test üsulu ilə həkimləri işə qəbul edir. Bu yaxınlarda eşitdim ki, gənc həkimlərin böyük bir qisminin arzusu regionlarda, həmin diaqnostik mərkəzlərdə həkim kimi fəaliyyət göstərmək olub. Bilirsiniz ki, yeni rezidentura sisteminə keçmişik.                                                  

– Əhliman müəllim, etiraf edək ki problemlər də var.                                                                                                      

– Sizinlə razıyam. Poblemlər var. Bu problemlərlə Səhiyyə Nazirliyi də məşğul olur, Təkmilləşdirmə İnstitutu da. Bu problemlər get-gedə azalacaq.

– Niyə həkimlərlə əhali arasında maarifləndirici tədbirlər aparılmır?                                               

– Demək olmaz ki, bu iş yoxdur, sadəcə zəifdir. Dünyanın bir çox ölkələrində ayrıca sağlamlıq televiziyaları olur.

– Nədənsə bizim televiziyalarda aparılan maarifləndirici verilişlər nəticə vermir.

– Bu istiqamətdə biz, həkimlərin işi qənaətbəxş deyil. Bu istiqamətdə də işimizi qurmalıyıq. Təcrübəsiz, bəsit səviyyəsi olan adamları çıxarırlar tibb proqramlarına. Onların verdiyi tövsiyələrə baxanda şəxsən xəcalət çəkirəm. Xarici ölkələrin müəyyən mütəxəssisləri gəlib çıxırlar efirə əhaliyə ağıl verirlər. Çox vaxt böyük səhvə yol verirlər. Bunların hamısı böyük problemdir.

- Əhalinin müalicə üçün İrana, Türkiyəyə üz tutması haqqında nə deyə bilərsininz?

– “Azərbaycandan xəstə axını”. Mətbuatda tez-tez  belə sərlövhəli yazılar yazılır. Xəstə axını dünyanın  bütün ölkələrində var. Türkiyədə zəngin adamların böyük bir qismi Almaniyaya, Amerikaya üz tutur. Hər bir insanın xaricdə gedib müalicə alması insanın şəxsi işidir. Sizə onu deyim ki qonşu ölkələrdə gedib müalicə alan xəstələrin bir qismi çox ağır vəziyyətdə bura gəlir. Onkoloq olduğum üçün tez-tez şahidi oluram. Kimsə gedib hardasa müalicə olunursa, o demək deyil ki Azərbaycanda yaxşı həkim yoxdur. Açığını deyim o ölkələrin klinikaları burda böyük təbliğat aparır. Nə bilim orda müalicə ucuzdur, ordakı mütəxəssislər Amerikada oxuyub. Bizim xəstələr gedib elə mütəxəssislərin əlinə düşürlər ki sonra həmin həkimlərin səhvini biz düzəldirik. Bu yaxınlarda bir neçəsini təkrar əməliyyat etdim. Xəstələrimizin başına oyun açırlar. Bu sahədə də mənə elə gəlir ki bizim tibbi təbliğatımız zəifdir. Çox insanları inandıra bilməmişik ki, bu əməliyyatları burda da etmək olar. Əks təbliğat var. Gəlib insanları aparırlar, sonra da insanlar başlarına döyə-döyə qalırlar. Niyə getdik, niyə belə elədik və s. Sonda yenə bizə müraciət edirlər. Bu problem dünyada da var. İnsanlarımız peyğəmbəri kənarda axtarırlar. Təbliğatımız zəifdir. Sizinlə tamamilə razıyam.


Namidə Bingöl
Fotolar: Elçin Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir