Modern.az

Tanınmış alim Məsiağa Məhəmmədi: “Orta məktəbin sonunda etdiyim seçim hamını təəccübləndirmişdi” - MÜSAHİBƏ

Tanınmış alim Məsiağa Məhəmmədi: “Orta məktəbin sonunda etdiyim seçim hamını təəccübləndirmişdi” - MÜSAHİBƏ

Müsahibə

1 May 2013, 09:30

ARAYIŞ: Məsiağa Məhəmmədi 1963-cü il mayın 1-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1985-1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olub.1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışıb. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.
1993-ci ildə Qarabağ müharibəsində iştirak edib.1993-1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olub. 2003-2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləyib. 2011-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertidir.
Evlidir, iki övladı var.
1991-ci ildə dünya şöhrətli şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə edib. Həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Dissertasiyada ilk dəfə olaraq, "hind üslubu"nun təkamül mərhələləri, ideoloji və estetik əsası müəyyən edilib. Bundan əlavə, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.Məqalələri Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda çap olunub.

Elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. "Qızılbaşlar tarixi" adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ" risaləsini geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap edib. Müasir İran və Əfqanıstan ədəbiyyatından tərcümələrin müəllifidir.

Bir sıra beynəlxalq və respublika konfranslarında iştirakçısı, çoxsaylı elmi monoqrafiya və topluların redaktoru olub. M.Məhəmmədi mətbuat sahəsində də fəaliyyət göstərib. Ölkənin bir sıra qəzet və jurnalların redaktoru və redaksiya heyətinin üzvü olub.

Modern.az saytı tanınmış alimlə müsahibəni oxuculara təqdim edir


- Mayın 1-də dünyaya gəlmisiniz. Bu tarix keçmiş sovet hökumətində əzəmətli bayram idi. 1 may həyatınızda necə qeyd olunur?


- Doğrudan 1 may tarixi özümü dərk edən vaxtdan həyatımda xüsusi məna daşıyır. Bu gün də 1 may tarixi gələndə istər-istəməz nostalji hisslər olur. Hələ məktəbdə oxuyarkən dostlarımın, sinif yoldaşlarımın yanında qürurla deyərdim ki, mənim ad günümü bütün dünya qeyd edir. Yazın havası da əhvalımıza təsir edərdi. Mütləq evdə də bu bayram ovqatı davam edərdi. Yadımda qalıb ki, o biri qardaşlarımın ad günləri elə də təmtəraqlı keçirilmirdi. Bu şübhəsiz ki, mayın 1-nin təsiri idi. Amma, təəssüf ki, bu bayram da yavaş-yavaş unudulur. Bu mənim də ad günü ovqatıma təsir edir. Bu minvalla da artıq 50 yaşa gəlib çatmışam. Bu yaş insanda ayrı bir ovqat yaradır.


- 50 yaşınızın tərcümeyi-halına baxdım, çox zəngindir. Bu yaşa gələnə qədər elm, mətbuat, Əfqanıstan, hətta siyasət də həyatınızdan keçib. Bu rəqəmin spesifikliyi var. Əzəmətli səslənir. Bəs sizdə necədir?


- Deyim ki, məndə çox yüksək hisslər doğurur, yox. Əksinə, müəyyən qədər kədər, tərəddüd doğurur. İnsan istər-istəməz fikirləşir ki, çox şeyləri də edə bilməmişəm. Bu illərdə bəlkə də hədər gedən saatlar, günlər, aylar olub. Onlardan daha yaxşı istifadə etmək olardı. Mənim gəncliyimin təsadüf etdiyi dövr böyük bir dövlətin parçalandığı zamana düşdü. Həyata müstəqil olaraq ilk addımlarımızı atdığımız zaman, ali məktəbi bitirib işləməyə hazırlaşanda SSRİ dağıldı. Müharibə, müstəqillik mübairzəsi.. .Bunlar hər bir insanın taleyinə təsir edir. İndi baxanda fikirləşirəm ki, uzun zaman elmi fəaliyyətimə ara verməli olmuşam. Demirəm başqa işlərimə görə peşmanam. Ancaq ürəyimə daha yaxın olan, planlaşdırdığım işlərin çoxunu edə bilmədim. Bu günə qədər mənim inamım itməyib ki, hansısa əsəri bitirəcəyəm, hansısa kitabı Azərbaycan dilinə çap etdirəcəyəm. Təbii, insan bu yaşa gəldiyi üçün ilk növbədə şükür edir. Görülən işlərə ətrafdakıların da verdiyi qiymət insanda müsbət hisslər yaşadır. Çoxları deyir 50 yaş yaxşı yaşdır, amma mən deyərdim ki, bir az mürəkkəb yaşdır.


- Şərqşünaslıq sovet dövründə  prestijli və elitar bir sahə idi. Çox adamlar diplomatik karyera qurmaq üçün bura gəlirdi. Siz bu sahəyə elmlə məşğul olmaq üçün, yoxsa karyera qurmaq üçün gəldiniz?


- Mən orta məktəbdə oxuyanda dəqiq elmlərə üstünlük verirdim. Riyaziyyatı yaxşı bilmişəm. Hətta respublika olimpiadasında iştirak etmişəm. Orta məktəbin sonunda etdiyim seçim həm valideynlərimin, həm də yaxınlarımın təəccübünə səbəb olmuşdu. Bu işdə ədəbiyyat müəllimim Asif Hüseynlinin böyük təsiri olmuşdu. O bizə klassik ədəbiyyatdan dərs dedi. Elə bildim ki, mənim üçün yeni dünya açıldı. Məndə həvəs yarandı ki, bu xəzinəyə daxil olmaq üçün çalışmalıyam. O vaxt adətən o fakültəyə qəbul və yer az idi. Rayonlardan oraya çox nadir hallarda gənclər gəlirdi. Çoxları mənə dedi ki, sənin üçün çətin olar. Amma qismət belə imiş. Elə birinci ildə də qəbul oldum. Universiteti bitirdikdən sonra Əfqanıstanda 2 il hərbi tərcüməçi kimi işlədim.


- Qəbul olduqdan sonra tanınmış insanlarla oxumusunuz?


- Bəli, ancaq istəməzdim onların adını çəkim. Mənim tələbə yoldaşlarımdan indi çox yüksək vəzifədə olanlar var. Onlarla rastlaşanda hal-əhval tuturuq.


- Ziya Bünyadov sizə dərs deyib?


- Xeyr, o ikinci dəfə direktor olduqdan sonra 1997-ci ilə qədər onun rəhbərliyi altında işləmişəm. Arada 1 il Aidə xanım İmanquliyeva direktorumuz olub. Mənim müəllimim Məmmədmübariz  Əlizadə olub. Bizə fars ədəbiyyatını keçirdi. Ali məktəbi bitirdikdən sonra  təyinatla Əfqanıstana getdim.


- Əfqanıstan indi dünyanın taleyinin həll olunan yerlərindən biridir. O vaxtda belə idi?


-O vaxt bunu başa düşmürdük. Orada Əfqanıstan uğrunda gedən mübarizənin mərhələlərini gördüm. Mən orada olanda sovet qoşunlarının da çıxmasına qərar verilmişdi. Artıq orada sovet qoşunlarının uğursuzluğa məhkum olduğu bilinirdi. Xüsusən mücahidlərin döyüş əzmini və əksinə, sovet ordusunun nə qədər ruh düşkünlüyü keçirdiyini, hətta müəyyən qədər vahimə içərisində olduğunu  gördüm. Onlar mücahidlərə kabus kimi baxırdılar. Hesab edirdilər ki, hər ağacın arxasından bir mücahid çıxıb kimisə öldürəcək. Belə bir partizan metodunu mənimsəmişdilər. Sonra da ölkənin siyasi rəhbərliyi qərar qəbul etdi ki, qoşunlar çıxmalıdır.


- Əfqanıstan rəhbərliyi haqqında sizdə necə təəssürat yaranmışdı? Nəcibulla höküməti indi də ciddi müzakirə mövzusudur.


- Orada sosializmi qəbul etmiş, sovet hökumətinin müttəfiqi kimi çıxış edən qüvvələr hakimiyyətdə idi. Amma daxildə elə o adamlar sovet qoşunlarına da, SSRİ-nin siyasi rəhbərliyinə də nifrət bəsləyirdilər. Mən əfqan xalqının birliyini gördüm. Hansı cəbhədə olmasından asılı olmayaraq hərə özünəməxsus şəkildə rəhbərliyin işğalçılardan azad olması uğrunda mübarizə aparırdı. Orada çətinliklər çəkməyimə baxmayaraq, mən o xalqı çox sevdim. Bu xalqın ən savadsız nümayəndəsində belə yüksək təfəkkür var idi.


- Sovet gəncləri adətən xarici səfərlərdən sonra ideoloji deformasiyaya uğrayırdı. Qayıtdıqdan sonra sovet cəmiyyətinin sizdə hansı təəssüratları oldu?


 
- Biz qayıtdıqdan sonra artıq yenidənqurma deyilən dövr başlamışdı. 1987-ci ildə artıq sovet ideologiyasının, quruluşunun da bütün qüsurları göz önündə idi. Gəldim burada uzun növbələr, boş piştaxtalar gödüm. Hətta kibrit belə, tapılmırdı.


- Qayıdanda “QAZ-24” maşını gətirdinz? O zaman axı Əfqanıstandan gələnlər pulları ilə bu maşını alırdılar..


- Çoxlarından fərqli olaraq, “QAZ-24” yox, çoxlu kitab gətirmişdim. Bu da bəzilərində təbəssüm doğururdu. Mən bütün çətinliyə baxmayaraq, həmin nadir kitabları gətirdim. Qayıtdıqdan sonra işə düzəlməkdə heç bir çətinliyim olmadı. Həm Kommunist Partiyasının üzvü idim, həm də müharibə veteranı statusum var idi. Bu, o vaxt, yəni 1985-cü ildə həddindən artıq imtiyazlar verirdi.  Bir müddət Əli-Bayramlıda yaşadım. Rayon partiya komitəsi mənimlə çox maraqlandı. İş təklif etdilər. Mən isə Bakıya gəldim. Bakıya qayıdıb qeydiyyata düşəndə yenə mənə karyera vəd edəcək xeyli işlər təklif olundu. Əvvəldən Elmlər Akademiyasına getməyi nəzərdə tutmuşdum. Getdim və müraciət etdim. Rəhmətlik şöbə müdiri Rüstəm Əliyev məni çox  məmnuniyyətlə qarşıladı. Bəzi yazılarıma da baxdı. O özü də mənim elmi rəhbərim oldu. Bu sahədə mənim böyük planlarım var idi. Böyük müsəlman aləmində Azərbaycanın payının daha dəqiq şəkildə üzə çıxarılmasını araşdırmaq istəyirdim. Bizdə ən çox da Nizaminin yaradıcılığı sahəsində işlər görülüb. Mən nəyi bacardımsa, etdim.


- Şərq incə məsələdir. Fəlsəfəsi də çoxşaxəlidir. Sizin araşdırmalarınızın əsas motivi nə idi?


- Əslində Şərqdə bir deyim var: “Alimi-biəməl”. Əməl - yəni onun cəmiyyətə faydasıdır. Hər bir axtarışın da geniş xalqa, cəmiyyətə faydası olmalıdır. Amma fundamental adlandırılan elm daha çox elmi dairə üçündür. Sovet vaxtı elmi məşhurlaşdıran bir təbəqə də var idi. Akademik elmin nailiyyətlərini kütlənin anlaya biləcəyi şəkildə çatdırırdılar. Ona görə də çox ciddi məsələlər var ki, bu gün də həll olunmayıb. Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı məsələlər var. Onların həlli ümumşərq mədəniyyətin incəliklərini bilmədən mümkün deyil. Bunları bilmədən Nizamini, Firdovsini necə aydınlaşdıra bilərik? Bu məqamları anlamaq və başqalarına anlatmaq üçün gərək o dərinliklərə müəyyən qədər daxil ola biləsən.


- Bizim elm sahəsi ilə hansı qənaətləriniz  var? Azərbaycan elminin dünya elmi sistemində yeri varmı? Yoxsa biz bir kənarda oturub özümüz üçün yazırıq?


- Çətin sualdır. Deyim ki, Azərbaycan elmi vaxtilə çox  böyük potensiala malik olub. Sovet dövründə elmə çox ciddi kapital qoyulub. Amma inkişafında böyük qüsurlar olub. Xüsusən elmi- texniki inqilabla ayaqlaşmaq prosesi ləng getdi.  SSRİ-nin süqutuna səbəb olan amillərdən biri də elə elmdəki o problem oldu. Müstəqillik illərindən Azərbaycan elminin əsas mərkəzi Elmlər Akademiyası oldu. Amma əvvəlki paradiqma qaldı. Elmi potensialımızda problem yoxdur. Problem elmin təşkilindədir. Bu sahənin yenidən qurulması, dünya elmi ilə ayaqlaşması prosesi çox ləng gedir. Deməzdim ki, çox yüksək səviyyədədir. Amma müəyyən addımlar atılır. Xüsusən bizim elmə gələnlər olduqca az olur. Bu da maliyyə səbəbi ilə əlaqədardır.


- Elm niyə bizə cazibədar deyil?


- Bunun üçün o sahənin cəmiyyətdəki statusunu qaldırmaq lazımdır.


- Deyirlər ki, elmlə məşğul olan insanın gözünə sosial problem görünməməlidir. Şam işığında yazmalı, lazım gələrsə ac da qalmalıdır...


- O indiki şərait üçün deyil. Elmdə fədakar xadimlərimiz olan fərdlər olub. Birdə indiki əsrin reallıqları var. Reallıqlar elədir ki, alimin, elmi işçinin zəruri, maddi təminatı olmasa, onun  elmlə ayaqlaşma imkanı olmayacaq. O dünya alimləri ilə, müəyyən texnologiya ilə təmasda olmalıdır. Sovet vaxtı xarici ölkələrdə çıxan ayrı-ayrı elmi kitablar dövlət tərəfindən sifariş verilib alınırdı. Biz də kitabxanaya gedib onlardan istifadə edirdik. Amma, tutaq ki, bu gün İngiltərədə İran ədəbiyyatı ilə bağlı bir kitab çıxıbsa, onu almaq üçün imkanın olmalıdır. Bu imkan ailənin büdcəsi hesabına olmamalıdır. Alimin elə bir təminatı olmalıdır ki, o müasir dövrün tələbinə uyğun olsun. Ona görə cazibə itib. Sovetsayağı ideoloji prisipləri olan cəmiyyətdə deyil, praqmatik bir cəmiyyətdə yaşayırıq. Praqmatik düşüncəli insanlar da  perspektivi, praktik faydanı əvvəlcədən görə bilirlər. Daha perspektivli sayılan  sahələrə gedirlər. Bank sektorunda və digər sahələrdə işləyirlər. Bu praqmatiklər Elmlər Akademiyasının hər hansı institut direktorunun aldığı maaşdan 4-5 dəfə də artıq pul alır.


- 20 il əvvəl elmlə məşhur olmaq üçün maraq var idi.  İndi vəziyyət necədir? Gənclər elmə gəlirmi?


- Elm insanın daxilindən gələn bir çağırışdır. Bu çağırışa səs verən insanlar yenə də gəlirlər. Amma, cəmiyyətdə onların özünəməxsus yaşam tərzini təmin etmək üçün şərait yaradılmalıdır. Bir o qədər də bədbin düşünmək lazım deyil. Sadəcə onların elmi pillələri ardıcıl izləməsi, yetkin bir alim səviyyəsinə gəlib çatması üçün mexanizm təkmilləşdirilməlidir. Bir gənc doktoranturaya qəbul olur, müdafiə edir, daha sonra isə başqa bir sahəyə üz tutur. Çoxsaylı belə gənclər görmüşəm. Halbuki, elə bir şərait yaratmaq olar ki, həmin insanlar sonradan məyus olmasın. Gərək səndən öncə gedən həmkarının vəziyyətinin yaxşı olduğunu görəsən.


- Həyatınızda, bioqrafiyanızda KİV-lə bağlı məqamlar da olub. Bir neçə qəzet və jurnala rəhbərlik etmisiniz.


- Sovet vaxtı mətbuat məhdud bir sahə idi. Ancaq dövlətin qəzet və jurnalları var idi. Azərbaycan müstəqilliyinin bəhrələrindən biri də mətbuatdır. Cəmiyyətə müəyyən fikirləri ötürməyə özümdə güc görəndə bu sahə ilə də maraqlanmışam. Çalışmışam ki, Azərbaycan mətbuatında mövcud olan mənzərədə boşluqları dolduran mətbuat nümunələri ortaya qoyum. “Elita” qəzeti, “Cahan” jurnalı bu qəbildən idi. “Cahan” jurnalının cəmi 4 nömrəsi şıxdı. Hətta Türkiyədən səsi gəlmişdi. Böyük rezonans doğurmuşdu. Azərbaycan mətbuatında toxunulmayan məsələlərə toxunulurdu. Postmodernizm haqqında ilk məqalə mənim tərcüməmdə “Cahan” jurnalında çap olunmuşdu. Halbuki Azərbaycanda postmodernizm haqqında 7-10 il sonra danışmağa başladılar.
“Elita” qəzetində də gənc kadrlar fəaliyyət göstərirdi. O jurnalistlər indi Azərbaycan mətbuatlında tanınmış, öz mövqeləri olan insanlara çevriliblər. Mənə  xoşdur ki, onların ilk addımları məhz “Elita” qəzetində olub. Sonralar “Bakı-Təbriz” jurnalına rəhbərlik etdim. Jurnalın 10 sayı dərc olundu. Jurnalda cənub mövzusu gündəmdə idi. Avropadakı, Amerikadakı azərbaycanlılarımız yetərincə müsbət rəy bildirmişdilər.


- Ailədə şərqşünas olmaq istəyən övladınız varmı?


- Xeyr. Heç özüm də təhrik etməmişəm. Uşaqların seçiminə demokratik yanaşıram. Seçimi onların ixtiyarına vermişəm. Övladlarımda maraq görsəydim, bəlkə də yönəldərdim. Ancaq onlar indiki dövün dəbdə olan ixtisaslarına  uyğun seçim etməyə meyl göstərirlər. Mən də buna mane olmuram.


- Nə planlarınız var?


- Planlar çoxdur. Mənim illərdən bəri elm sahəsində yığılan ideyalarım var. Arzu edərdim ki, o işləri görmək üçün imkanım və vaxtım olsun.


- Boş vaxtınızda nə oxuyursunuz?


- Klassik poeziya vurğunuyam. Füzulinin, Hafizin qəzəllərindən dincəlirəm. Müasir ədəbiyyatı da bacardığım qədər izləyirəm. İnternet mətbuatı olduqca inkişaf edib. Muğama qulaq asıram.


- Dostlarınız sizin xarakterinizi necə qiymətləndirir? Çətin adam deyilsiniz?


- Dostlarımdan soruşsanız, onların işlətdiyi “rahat adamdır” ifadəsi olacaq. Hər bir insanla müsbət mənada dil tapmağa çalışıram.


- Şərqşünaslıqla məşğul olanlar üçün iki dünya var: daxili dünya və real dinamik həyat. Bu iki dünya arasında sərhəddi tapa bilirsiniz? Özünüzü “Qədimdən qalan adam” kimi hiss etmirsiniz?


- Hərdən elə hisslər olur. Bəlkə də bu yaşla bağlıdır. İnsanın öz daxili dünyası mütləq olmalıdır ki, hər gələn ayaq basa bilməsin. O insanın mənəvi inkişafını təmin edir. İnsan mənəvi boşluğa düçar ola bilər və real dünya ilə ciddi problemlər yaşaya bilər.


- Strateji Araşdırmalar Mərkəzinin ekspertsiniz. Həyat üçün strateji planlaşdırma anlayışı olur?


- Deməzdim. Çünki həyat gözlənilməzliklərlə doludur. İnsanın bir günlük, bir aylıq planları olur. Görürsən ki, bugünkü planı dəyişməli olursan. Planlarının dəyişməsi səndən yox, cəmiyyətdən də asılı olur. Strateji araşdırma və planlaşdırma daha çox dövlətə və cəmiyyətə aiddir. Əgər o planlaşdırmalar düzgün aparılarsa, elə insanların həyatında da yaxşı mənada özünü büruzə verəcək.


- Yübley münasibəti ilə sizi təbrik edirik.


- Sağ olun...


Xaqani SƏFƏROĞLU
Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı