Modern.az

Novruzun unudulmuş adət-ənənələri

Novruzun unudulmuş adət-ənənələri

19 Mart 2010, 10:31

Xalqımız Novruz bayramını qeyd edir. Bütün Türk dünyası üçün çox əziz olan bu bayram zaman ötdükcə müəyyən dəyişikliklərə uğrayıb, bəzi adətləri unudulub, yeni ənənələr ortaya çıxıb. Bunun üçün də indi yaşlı insanlar Novruz bayramında, eləcə də çərşənbələrdə deyirlər: “Eh ay bala, əvvəlki bayramdan əsər-əlamət qalmayıb”. Hansı adətlərin unuduluduğunu, hansıların sonradan yarandığını bilmək üçün BDU-nun dosenti Məhəmməd Məmmədovla söhbət etdik.

- Türk xalqları üçün Novruz bayramı nədir?

- Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirən bayramdır. Novruz türkün təbiətə bağlılığından gələn və ona duyulan sevgidən təşəkkül tapan ulu bir bayramdır. Türk millətinin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğmuş yaz bayramının hər gəlişi olduqca böyük coşqu ilə qarşılanıb. Çünki təbiətdəki dəyişiklik tarix boyu eləcə etnosun həyatında da bir dönüş və təzələnmə nöqtəsi olaraq düşünülüb. Əski türk imperatorluqlar çağında ilk bahar və son bahar bayramlarının rəsmi dövlət bayramları olduqları haqda bilgilərə Çin qaynaqlarında rast gəlirik. Mahmud Kaşğarinin “Divani-lüğətit-türk” adlı ilk ensiklopedik lüğətində baharın gəlişi “sellərin-sulların çağlaması, qarın əriyib dağ zirvələrinin görünməyə başlanması, dünyanın nəfəsinin isinməsi, rəngarəng çiçəklərin açılması, yer üzünə yamyaşıl ipək qumaşın sərilməsi, heyvanların balalaması” şəklində təsvir olunur.

Baharın gəlişi, Yeni ilin qarşılanması mərasimi mifopoetik düşüncə hadisəsi kimi xaosdan kosmosa keçidi simvolizə edir. Çoxlu ayin və mərasimlərin keçirildiyi müqəddəs Novruz  gecəsi bir anlığa suların dayanması xaosdan kosmosa əbədi keçişin bir anının rəmzidir. Yəni köhnədən, köhnə ildən və ona bağlı olan nə varsa simvolik olaraq yaddaşlardan silinir.

- Novruz adət-ənənələrlə zəngin bir bayramdır. Lakin, elə adətlər var ki, müasir dövrümüzdə unudulub,bizə gəlib çatmayıb? -

Bahar bayramı adət-ənənələri, inancları ilə çox zəngindir. “Şal sallamaq” və bunun digər forması olan qaşıqla kasa çalmaq axır çərşənbə ilə əlaqədar olan və geniş yayılan adətdir. Bu adət qədim əkinçi tayfalarının biri digərindən əkin üçün toxumluq dən nümunələri toplamaq adətini xatırladır. Hava qaraldıqdan sonra əsasən gənclər qohumların, tanışların qapılarına gedib əllərində saxladıqları qabı qaşıqla vurub səs salardılar. Ev sahibi səsi eşitcək qapıya çıxıb içəri uzadılan qaba pay qoyur. Pay üçün şirni, quru meyvə, bəzək şeyləri və s. qoyulurdu. Pay toplayan nə özünü göstərir, nə də danışırdı. Əgər o, danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı.

“Şal sallamaq adəti subay gənclər tərəfindən icra olunan “qurşaqatdı”, “papaqatdı” və s. mərasim ayinlərinin məzmunca eynidir. Axır çərşənbə axşamı onlar bel şalı, örpək, kələğayı götürüb sevdikləri qızların evlərinə gedib, şalı bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, şalı və ya kələğayını onun belinə, bəzi yerlərdə qoluna bağlayırdılar. Razı olmasalar dəsmala şirni qoyub geri qaytarardılar.

Axır çərşənbə və Novruz axşamı kəndin ağsaqqalları evində hüznü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb, onlara səməni xonçası aparardılar. Səməni xonçasında göyərdilmiş səməni, bəhməz, meyvə, noğul və s. qoyulardı. Səməni xonçasını aparanlar boynuna keçirdiyi torbadan həyətdə oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa verərdilər. Bu adətin məqsədi sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaq idi.

- Novruz bayramı və ilaxır çərşənbə özünəməxsus inancları ilə diqqəti cəlb edir.

- Axır çərşənbə gecəsi nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz.

Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilir.

Novruz bayramı axşamı qonşular yaslı adamların həyərində tonqal yandırıb, onları “qara bayram” dan çıxarırlar.

 

Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, ağac küsər,bar verməz.

Novruz bayramı süfrəsinə su dolu qab qoyub, içinə xırda balıq buraxırlar. Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzərinə burun vurunca ilin təhvil olduğu bilinərmiş.

Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: “Qoy odlu-ocaqlı olsunlar”.

Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə doğru atarlar. Əgər, ayaqqabının burnu qapıya tərəf düşsə,demək yaxın vaxtda ərə gedəcəklər.

Axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə də qara pulu bir kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günün, duz acgözlük və şorgözlüyün, qara pul isə yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub atmaqda məqsəd qara gündən, acgözlükdən, yoxsulluqdan qurtulmaqla bağlıdır.

                                                                                                         Sevinc İltifatqızı BDU-nun tələbəsi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı