Modern.az

Babalarımızın müəllimi - sovet dövründə onun adını çəkmək qorxulu idi

Babalarımızın müəllimi - sovet dövründə onun adını çəkmək qorxulu idi

2 May 2013, 15:32

Bu günlərdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakıda rəsmi səfərdə olanTürkiyənin Qazi Universitetinin rektoru Süleman Böyükbərbərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Maraqlıdır ki,  əsası 1926-cı ildə qoyulan  Qazi Universitetinin pedaqoji şöbəsinin qurucusu 1923-1926- cı illərdə   Azərbaycan  Dövlət Universitetidə professor və Xalq Maarif Komissarlığında şöbə müdiri işləyən Xəlil Fikrətdir.   

Babalarımızın müəllimi

Xəlil Fikrət (1892-1974) Azərbaycanın elmi-pedaqoji  fikir tarixində özünəməxsus yeri olan türk ziyalılarından biridir. O, 1923-1926-cı ilərdə Bakıda ali təhsil ocaqlarında azərbaycanlı tələbələrə pedaqogika və psixogiyadan dərs demiş, paytaxt və  əyalət mətbuatında  onlarla  elmi və elmi-kütləvi  yazılarla şıxış etmişdir. Xəlil Fikrət müasir Azərbaycan gənclərinin  babalarına dərs deyən türk alimlərdəndir. Sovet dövründə onun adını çəkmək qorxulu idi: adamı millətçilikdə günahlandıra bilərdilər, xüsusi orqanların sorğu-sualları onlara baha başa gələ  bilərdi.

Alimlərimiz öz tədqiqatlarında onun yazılarından istifadə edirdilər, amma istinad nöqtəsini, ilkin mənbəyi göstərmirdilər. Gənc alımlər onu tanımırdılar, onların çoxu ərəb əlifbasını bilmədiklərinə görə, təbii  ki, Xəlil Fikrətin əsərlərindən istifadə edə bilmirdilər.

Xəlil Fikrət XX əsrin 20-ci illərində Türkiyədə yaxşı tanınan alimlərdən idi, o,Türkiyənin Almaniyada psixologiya üzrə təhsil  almış  ilk alimi -elmlər doktoru idi. Həmin illərdə BDU-ya işləməyə dəvət olunan alimlərin cərgəsində onu görmək məhz buna görə heç də təəccüblü deyildi. Xəlil Fikrət və digər türk alimlərinin Bakıya dəvət olunması, söz yox ki, dövlət səviyyəsində razılaşdırılmışdı. Türk alimlərinin  Bakıya işləməyə dəvət olunması ideyası meydana çıxan vaxtlarda  N.Nərimanov  hələ  Moskvaya   rəhbər  vəzifəyə dəvət olunmamışdı.  
1923-cü ildə  Bakı Dövlət Universitetində işləmək üçün Xəlil Fikrətdən  başqa, İsmayıl Hikmət, Mühiddin Birgen kimi öz işinin ustası olan bir qrup türk mütəxəssisi də dəvət olunmuşdu. Onların çoxunu siyasi və elmi əqidəsinə görə N.Nərimanov yaxşı tanıyırdı. Türk mütəxəssisləri Bakıya gələndə N.Nərimanov artıq Bakıda deyildi: onu etimad göstərmək adı ilə Bakıdan Moskvaya aparıb, yüksək vəzifəyə təyin etmişdılilər. Bakıda yenə də küləklər əsir, aləm bir-birinə qarışırdı, ancaq N.Nərimanovun  əqidə dostları fəaliyyətdə idilər. Xalq Maarif Komissarlığına tabe olan nəşriyyat şöbəsinə  türkiyəli Mühitdin Birgen  rəhbərlik edirdi, nazirliyin məktəbəqədər tərbiyə  şöbəsinin  müdiri  Xəlil Fikrət idi.

Moskvanın siyasəti ilə barışmayan türk müəllimləri 1926-cı ildə Bakıdan getməli olurlar. Xəlil Fikrət əvvəcə vaxtilə oxuyub ali təhsil  aldığı  ölkəyə- Almaniyaya gedi, burada ona dərs deyən müəllimləri ilə görüşür, Türkiyə təhsilinin yüksəlişinə kömək etmək məqsədilə bir müddətdən sonra Almaniyadan Türkiyəyə qayıdır. O, 1926-cı ildə Bakıda çapdan çıxan "Tərbiyə və tədris tarixi " kitabını yenidən  çapa hazırlayır,  Bakı və Berlin arxivlərindən topladığı materiallar əsasında   yeni kitablarının  yazılmasını sürətləndirir.
   
Xəlil Fikrət 1931-ci ildə yaradılmış Türk Kooperativçilik Kurumu ilə də  əlaqələrini genişləndirir, adı qurumun gördüyü işlərdə çəkilir.
Maraqlıdır ki, Xəlil Fikrətin Azərbaycana dəvət edilməsinə razılıq verən N.Nərimanov da Azərbaycanda kooperativ hərəkatının liderlərindən biri olub. 1918-ci ildə Bakıda N.Nərimanovun  rəhbərliyi ilə  kooperativlik hərəkatına önəm verən "El fəryadı" adlı jurnal nəşr edilib. Cəmi  3 nömrəsi çıxandan sonra jurnal öz işini dayandırmalı olub. 1920-ci ilin may ayında Bakıya qayıdan N.Nərimanov  kooperativ işinə xüsusi qayğı göstərmiş, bir müddətdən sonra  "El fəryadı" başqa ad ilə öz işini davam etdirmişdi.  Bakıda olarkən Xəlil Fikrətin bu jurnalda  iştirakı güman edilir.  Xəlil  Fikrət  sonralar Türk Koopertivçilik Kurumunda  işləyərkən Bakıda qazandığı  təcrübi, elmi-metodiki və elmi-pedaqoji  vərdişlər onun karına gəlirdi.

X.Fikrət  1934-cü ildə İstanbulda yaradılan  "Karınca" adlı  dərginin işində fəal iştirak edir. Bu dərgi  kooperativ  alanında  elmi bir başvuru qaynağıdır. Dərgidə çeşıdli  elm, fikir və sənət  xəbərlərinə  yer verilir, oxucular  bilgilənirdi.

Xəlil  Fikret 1944-cü il iyunun 12-dən  1945-ci il  arpelin 16-dək Türk  Kooperatifçilik   Kurumunun başkanı olur.
Bakıda  və Şəkidə çap olunan bir sıra yazılarını "Tərbiyə doktoru Halil   Fikret"  kimi imzalayan  Xəlil Fikrət  pedaqogika, təhsil tarixi,  tərbiyə məsələlərinə aid onlarla  elmi əsərin müəllifidir. Onun Bakı və Şəki nəşriyyatlarında çap etdirdiyi yazılar  hələ də öz   işgüzar   və səriştəli   tədqiqatçılarını gözləyir.

Xəlil  Fikrətin  Nuxa  ( Şəki -N.N.)  Maarif  Şöbəsi  və  Maarif   Xadimləri  İttifaqı  tərəfindən ayda  bir dəfə  çıxarılan "Bilgi" adlı  ictimai, ədəbi, fənni, iqtisadi, tərbiyəvi  məcmuəsində "Tərbiyə qismi" başlığı altında  çar edilən "Öz özünü idarə məsələsi haqqında  bir- iki söz" adlı məqaləsində müəllifin  məktəb və müəllim, müəlimin cəmiyyətdəki rolu haqqında dediyi sözlər, aşıladığı  fikirlər bu  gün də  diqqəti cəlb edir.
Xəlil  Fikrət  yazırdı: "Bütün  müəllimlər  çocuqlar  tərəfindən  sevilməli, onların  dərin  bir  surətdə  əmniyyət  məhəbbətlərini   qazanmış   olmalıdırlar.  Müəllimləri   sevilməyən   bir  məktəbdə bu  prinsip koç  tətbiq edilir. Müəllimlər  fövqəladə   birərəf   olmalı,  heç  bir  çocuğu  heç  bir  surətdə  digərlərinə  tərcih (üstün  tutma -N.N. )  etməməlidir. Müəllim  və müdirlərin  nəzərində hər bir çocyq eyni  surətdə  şayan (layiq -N.N.) hörmət  olmalıdır. Hətta bir  müəllim  tələbəsinin  kəndi  əleyhində  bulunduğunu bilsə belə, yenə ona  qarşı  bitərəf  xeyirxah ruh taşımaqdan vaz keçməməlidir. Bundan  başqa,  çocuqlara insan müamiləsi (rəftar- N.N.) yapmalı,  heç  bir vəchlə   çocuqların  həyatlarını  qırmamalıdır. Bu  nüqtələr (incə mətləblər-N.N.)  tətbiq  edilərsə, müvəffəqiyyətdən  əmin  olmaq  mümkündür".

Xəlil  Fikrətin  həyatının  bütün mərhələləri  diqqətlə araşdırılmalıdır.                                         
                                    
Keçən il Xəlil Fikrətin  anadan olmasının 120 ili tamam olub.  Ölkəmizdə onun yubileyini keşirilməli, Türk-Azərbaycan  elmi-pedaqoji əlaqələlərinin öyrəniməsində Xəlil  Fikrətin  yaradıcılıq yoluna xüsusi  diqqət və qayğı göstərilməlidir.
Azərbaycanın pedaqoji ictimaiyyəti babalarımızın və müəllimlərimizin müəllimin Xəlil Fikrətin kitablarının yeni nəşrləri hazırlanmalı, təhsil müəssisələrinin birinə onun adı verilməlidir.  Pedaqogika  fakültələrində  əla qiymətlərlə oxuyanların bir qrupuna Xəlil Fikrət Kanad
 ( Kanad-Xəlil Fikrətin 1934-cü ildə qəbul olunmuş Soyad Kanunundan sonra seçdiyi takma addır-N.N.) təqaüdünün verilməsi barədə də  dövlət səviyyəsində müvafiq qərar qəbul edilməlidir.
  
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
AAM-in kafedra müdiri.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir