Modern.az

2 yaşlı “Gün.az”ın redaktoru: “Özümüzü aparıcı informasiya saytlarının sırasında görürəm”

2 yaşlı “Gün.az”ın redaktoru: “Özümüzü aparıcı informasiya saytlarının sırasında görürəm”

Qarabağ

2 May 2013, 15:45

İki il öncə, 2011-ci il mayın 2-də “Gün.az” saytı fəaliyyətə başladı. Bu gün “Gün.az” saytının iki yaşı tamam olur. Bəs bu zaman çərçivəsində sayt nələr əldə edib?

“Gun.az”ın redaktoru Emil Quliyev Modern.az-a açıqlamasında bildirib ki, 2 illik zaman çərçivəsində müəyyən mənada öz yerlərini tuta biliblər. “Hazırda sayta gündəlik daxil olanların sayı qaneedici səviyyədədir. Ən azından iki il bundan öncə formalaşan kollektivimizin 90 faizi bu gün də işləyir. Yəni stabil kollektivimiz var. Hesab edirəm ki, bu 3 amil bizim bu iki illik fəaliyyətimizdə uğurlu addımdır”.

E.Quliyev bildirib ki, “Gün.az” sayılıb-seçilən informasiya saytları arasındadır.

“Düzdür, bizdən təcrübəlilər, eyni zamanda bizə baxanda uğurları az olan da var. Amma mən özümüzü aparıcı informasiya resurslarının içərisində görürəm”.

Redaktor qeyd edib ki, “Gün.az” saytını digər informasiya resurslarından fərqləndirən bir sıra xüsusiyyətlər var.
“Bizim elə layihələrimiz var ki, digərlərində yoxdur. Məsələn, bizim “Din” layihəmizdə  maarifləndirici işlər aparılır. Eyni zamanda gənclərə xüsusi yer verilir, ayrıca olaraq “Yeni nəsil” layihəmiz var ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları öz məlumatlarını orada yerləşdirə bilirlər. Avtomabil sevənlər üçün “Avto” kateqoriyası var. Bir neçə belə fərqləndirici işlərimiz var”. 

E.Quliyev eyni zamanda gələcək planlarından da danışıb. “Bizim “onlayn məsləhətxana” rubrikamız var idi. Əvvəl burada tibb sahəsində müxtəlif sahələr üzrə insanların sualları alınır,  onlar cavablandırılırdı. İndi bunu davam etdirmək istəyirik. Təkcə tibb yox, hesab edirik ki, hüquq sahəsində də “onlayn məsləhətxana” çərçivəsində maarifləndirmə işlərini davam etdirək”.

Redaktor 2 yaşlarını iş şəraitində keçirəcəklərini bildirib. “Ad günümüz adi iş günlərindən birinə düşdü. Şənbə və ya bazar olsaydı, bunu qeyd edərdik. Bu gün ola bilsin ki, dar çərçivədə ad günümüzü qeyd edək. Amma kollektivdən təklif var ki, Azərbaycanın bölgələrindən birinə gəzməyə gedək. Heç bir problem olmazsa, bunu reallaşdıra biləcəyik”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı