Modern.az

“Bakıxanov Avropanın kəşf etdiyi velosipedi yenidən kəşf etmək istəyirdi”

“Bakıxanov Avropanın kəşf etdiyi velosipedi yenidən kəşf etmək istəyirdi”

4 May 2013, 11:51

Ədəbiyyatşünas Rüstəm Kamalın Kulis.az-da XIX əsr Azərbaycan ədəbiyyatı ilə bağlı səsləndirdiyi mülahizələr mübahisələrə səbəb olub. Belə ki, 19-cu yüzilliyin Azərbaycan ədəbiyyatını ümumilikdə zəif və ədəbi proseslərin passiv inkişaf etdiyi bir dövr adlandıran alim həmin vaxt yaşayıb-yaradan mütəfəkkirlər barədə də birmənalı qarşılanmayan fikirlər açıqlayıb. Mirzə Şəfi Vazehi sufiyanə həyat tərzi keçirən, ictimai proseslərə qoşulmayan, Avropada tanınan şeir və qəzəllərinin isə tam olaraq Fridrix Bodenştedtə məxsus olduğunu iddia edən R. Kamal Abbasqulu ağa Bakıxanov barədə də Seyid Əzim Şirvani və Qasım bəy Zakir haqqında müəyyən iddialar irəli sürüb. O, Zakiri o qədər də güclü ədəbi xadim olmadığnı bildirib.

Modern.az-a açıqlamasında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yeni dövr (XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı) şöbəsinin müdiri, professor Zaman Əsgərli qeyd edib ki, Qasım bəy Zakiri ortabab bir şair adlandırmaq qərəzli fikirdir. “O, Azərbaycan ədəbiyyatı üçün çox mühüm işlər görüb. Mirzə Fətəli tanısa da, tanımasa da, Zakir divan müəllifidir və bu, həvəskar bir şairin, hansısa bir nəzm qurucusunun işi deyil. Rüstəm Kamalın Bakıxanov haqqında deyilən fikirlər isə tamam səhvdir”.

XIX əsr ədəbiyyat tarixi üzrə digər mütəxəssis – Məti Osmanoğlu Mrzə Şəfi Vazehi Azərbaycan ədəbiyyatı tarixində öz fərqli yeri olan bir şəxsiyyət hesab edir. “O, Mirzə Fətəli Axundzadənin formalaşmasında da mühüm rol oynayıb. O zaman Bodenştedt Tiflisdə rus gimnaziyası açmışdı. Mirzə Şəfi Vazeh də bu gimnaziyaya Axundovun təkidi və təklifi ilə Gəncədən dəvət olunmuş bir müəllim idi. Mirzə Şəfi Vazehin Azərbaycan ədəbiyyatı və maarifçiliyi tarixində ən böyük xidməti ana dilini gimnaziya səviyyəsində tədris fənninə çevirmək oldu. Bunun nəticəsi olaraq o, Qriqoryev soyadlı biriylə ana dilində dərslik yaratmağa müvəffəq olmuşdu. “Kitabi-türkü” adlanan dərslik Mirzə Şəfinin ölümündən sonra çap olundu. Bu kitab həm həmin gimnaziyada, həm də başqa rus məktəblərində dərs vəsaiti kimi tədris olunurdu. Tək bu faktın özü Mirzə Şəfini Azərbaycan ədəbiyyatı və ictimai-fikir tarixində yaşatmağa kifayət edər. O ki qaldı onun şairliyi və Azərbaycan ədəbiyyatında tanınması barədə, onun şairliyi bizə  daha çox bir obraz kimi çatdırılıb. Bodenştedtin Avropada yaratdığı isə Mirzə Şəfi obrazı olub. Bir real şəxsiyyət olan Azərbaycan şairi Mirzə Şəfi ilə Bodenştedtin yaratdığı Mirzə Şəfi obrazı tamamilə başqa-başqadır. Amma çox təəssüf ki, obraz olan Mirzə Şəfinin adından çıxış edirik. Onu Bodenştedt obraz kimi yaradıb və Avropa da onu tanıyır. Lakin bunlar arasında fərqi tam müəyyənləşdirə bilməmişik. Mirzə Şəfinin cəmi bir neçə qəzəli əlimizdədir. Həmçinin başqa janrda olan əsərləri də var. Amma o əsərlər Mirzə Şəfini Azərbaycan ədəbiyyatı tarixində Seyid Əzimlə eyni səviyyəyə qoya bilməz. Olduqca savadlı və məlumatlı adam olsa da, orta səviyyəli bir şair idi. Rüstəm Kamal onu düz deyir ki, bu dövrdə Avropanın Şərq yaradıcılığına çox böyük marağı olub. Ömər Xəyyam üslubunda şeirlər Avropanın marağında idi. Bu ərəfədə Bodenştedtin təqdim etdiyi Mirzə Şəfi nəğmələri də Avropada yayımlandı. Kitabın müəllifi Bodenştedt idi və orda Şərq təsiri var idi”.

Daha sonra Bakıxanovla bağlı danışan ədəbiyyatşünas qeyd edib ki, Abbasqulu ağanın həm elmi, həm maarifçi, həm də poetik yaradıcılığı var. O yeni zamanın tələblərini ictimai sifarişi dərk edən birisi idi. Bakıxanovun yaradıcılığında ana dilində əsərlər çox az idi. Odur ki, onun poeziyada yeni bir təkan yaratmaq imkanları az idi. O dövr Nizami dövrü, yaxud Səlcuqlar dövrü deyildi ki! XI əsrdə artıq milli şüur qapıları döyməkdə idi. Odur ki, Bakıxanovun poetik yaradıcılığı barədə deyilənlərlə mən də razıyam. Amma onun da Azərbaycan ədəbiyyatı tarixində mühüm bir rolu var. Biz onun ən çox iki əsərinə layiq olduğu qiyməti verməmişik. Onlardan biri “Gülüstani-İrəm”, digəri isə “Qanuni-Qüdsi” əsəridir. İkinci rus məktəbləri üçün fars dilinin tədrisi üçün hazırlanmışdı. Bu əslində böyük bir hadisə idi. Cavan yaşına baxmayaraq Abbasqulu ağa bu işi görə bilmişdi. “Gülüstani-İrəm” əsəri isə Azərbaycan tarixini bütöv şəkildə öyrənmək üçün ən dəyərli mənbələrdən biridir. Bu çox böyük təşəbbüs idi və indi də tarixçilərin stolüstü kitabı idi. Amma onun bəzi əsərləri var idi ki onlar artıq Avropaya məlum idi. Yəni o, Avropanın kəşf etdiyi velosipedi yenidən kəşf etmək istəyirdi”.

M. Osmanoğlu Qasım bəy Zakirlə bağlı fikirlərə də aydınlıq gətirib: “Onun yaradıcılığı lazım olan məqamdan bizə tanıdılmayıb. Zakiri həmişə Vaqifin davamçısı kimi təqdim etməyə çalışmışıq. Bəzən isə o, hətta Füzulinin davamçısı kimi də dəyərləndirilib. Əslində isə Qasım bəy Zakir yaradıcılığının ən böyük tərəfi Azərbaycan bədii fikrinə bədii düşüncəsinə ictimai-siyasi məzmun gətirməsindədir. Qasım bəy Zakirin ədəbiyyata gətirdiyi həcvlər də özünə qədər yaranmış həcvlərdən tamam fərqlidir. O, Zakir Azərbaycan ədəbiyyatını daha çox ictimai müstəviyə qaldıra bildi. Həmin dövr üçün Mirzə Fətəli Axundzadə demişdi ki, “bizə indi cəmiyyətin işinə yarayan bir ədəbiyyat lazımdı”.
Bu nöqteyi-nəzərdən Zakirin ictimai məzmunlu şeirləri Azərbaycan bədii fikri tarixində çox böyük bir mərhələnin başlanğıcı idi. Qasım bəyin yaradıcılığında görürük ki, dilin sığallı poetikasına o qədər də əhəmiyyət verilmir. Daha çox dil prozaikləşdirilir, daha çox həyata yaxınlaşdırılır. Bu öz növbəsində böyük bir mərhələnin başlanğıcıdır və bu başlanğıc Mirzə Fətəli Axundzadənin də Seyid Əzimin də yaradıcılığından keçir və Sabirin yaradıcılığında özünün ən böyük zirvəsinə çatmış olur”.

 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu