Modern.az

XƏBƏRDARLIQ

XƏBƏRDARLIQ

6 May 2013, 13:27

İnadla susan telefon, çalınmayan qapı zəngi XƏBƏRDARLIQdır. Doğma sandığın qəlblərin sərhədlərindən kənarda qaldığını bildirir. Zatən, mayasında mənfi yüklü “darlıq” ifadəsi olan sözdən xeyir xəbər ummaq da gülünc... Könüllümü tərk etdin o səltənəti, yoxsa deportasiyamı olundun? Bu, müəmmadır. XƏBƏRDARLIQ tikanlı məftillərlə çəpərlənmiş sərhədin arzuolunmaz tayında qaldığını konkret bildirir. 

Ayrılığın bürküsü qırx dərəcəni ötmüş iyul bürküsündən daha şiddətli. Yoxluğun doğurduğu vaxt bolluğu içində acizliyin hüdudsuz. Kimisə düşünməkdən, kimisə gözləməkdən savayı vaxtını nəyəsə həsr etmək iqtidarında deyilsən. Bu məqamda heç nəyə yaramayan zaman adlı sərvətini yığıb-yığışdırmaq olmur. Zamanı konservləşdirmək imkansız. Aşıb-daşsa belə. Büküb-qatlayıb taxçaya-boxçaya qoymaq, sandıqda saxlamaq mümkünsüz. Buna cəhdin özü... ölməkdə olan ümidin çin olmayacaq arzuları sırasındadır.

İnsanlar zamanın əlində oyuncaq. O, hər kəsi istədiyi qədər əzizlər. Zamanla insan divlə cırtdan misalında. Zamanı kimsə idarə edəmməz. Vaxtın əlində aciz qaldınsa, “hara gedim, nə ilə məşğul olum?” sualları beynini gəmirdisə, XƏBƏRDARLIQdır – zamansızlığa yol almağın zamanı yetişib. Daha kimsəyə gərək deyilsən... 

Maddiyyata varanda xoşbəxtlik pulda yox, onun miqdarındadır. Ömrün xoşbəxtliyi isə tam tərsinə – illərin sayında deyil, mənalı günlərin-anların çoxluğundadır.                                                                                                    

2009

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı