Modern.az

Akademiyanın alimi: “Alimlərin aldığı əmək haqqı onları xeyrə-şərə yaramaz edib” - MÜSAHİBƏ

Akademiyanın alimi: “Alimlərin aldığı əmək haqqı onları xeyrə-şərə yaramaz edib” - MÜSAHİBƏ

Müsahibə

7 May 2013, 17:24

Fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov: “Arzu edirəm Akif Əlizadə Azərbaycan elmini reanimasiya edə bilsin!”

Bütün ölkələrin inkişafının mənbəyi elmdir! Elmsiz ölkələr bataqlığa bənzəyir! Azərbaycan elminin inkişafı, Azərbaycanda elmə və alimə münasibət bizi daim düşündürüb.
Modern.az saytı mütəmadi olaraq elm adamları ilə silsilə müsahibələr təqdim edir. Bu dəfə suallarımızı Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, Rusiyada nəşr olunan “Beynəlxalq Alternativ Energetika və Ekologiya” jurnalının baş redaktor müavini, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının fəxri rentgen medalı laureatı Qüdrət İsaqov cavablandırır.  

“Alimi yoxsul olan Azərbaycanda elmin piarı mənfi istiqamətdə gedəcək”

 - Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti, akademik Akif  Əlizadə  bildirib ki,  elmin piari düzgün aparılmayib. Elmin piarı necə aparılmalıdır?

- Elmin piarının aparılmasının bir çox mexanizmləri ola bilər. Bunlardan ən əsası alimlərin əmək haqqının artırılmasıdır. Bu gün Azərbaycan alimləri olduqca aşağı əməkhaqqına məhkum edilib. Azərbaycanda  bu gün elmlər doktorunun əmək haqqı orta aylıq əmək haqqından aşağıdır. Yəni elmlər doktoru bu gün yoxsulluq səviyyəsində yaşayır. Bunun özü dəhşətdir.  Dünyanın əksər ölkələrində alimlər yüksək maaş alan insanlardı. Bizim bu boyda neftimiz,  qazımız var,  ətraf respublikalardan fərqli vəziyyətdəyik. Belə şəraitdə alimlərin aşağı maaş alması anlaşılmaz işdi. Alimlər indi dözülməz  şəraitdə yaşayır. Alimi yoxsulluq səviyyəsində yaşayan ölkədə elmin piarını aparmaq mümkün deyil. Yoxsul alimlər ordusu elmin piarını mənfi istiqamətdə inkişaf etdirir. Elmin piarının ən əsas yolu alimləri yaxşı yaşatmaqdan ibarətdir.  Bu elm üçün ən böyük piardır. Əgər  alim yüksək əmək haqqı  alarsa, o zaman elmə  axın baş  verəcək. Onda alim öz işinə daha bağlı  olacaq. Mən vaxtilə öz iş  yerimə gedəndə,  orda aspirant, kiçik elmi işçi olanda,  böyük elmi işçi olanda iş yerimlə fəxr edirdim. Amma bu gün alimin nüfuzu o qədər asaği salınıb ki, cəmiyyətdə alimə hörmət yoxdu.  Elmin piarına ən böyük  zərbə vuran amil alimin nüfuzunun aşağı salınmasıdır.

“AMEA-da çoxlu ölü canlar var”

- Bu gün AMEA-da əmək haqqının artma mexanizmi necə ola bilər?

- AMEA-da əmək haqqının artırılma  mexanizmi dövlət tərəfindən aparılmalıdır.  Bütün dünyada fundamental tədqiqatlar 80 faizdən çox dövlət tərəfindən maliyyələşir. Dövlət alimləri insan kimi yaşadır.  Dövlət həmin elmi müəssələrə  sifarişlər verir. Yəni,  elmin inkişafınının ilk mexanizmi onun dövlətlə  bağlı olmasıdır.  Burada həm dövlət alimlərin qarşısında müəyyən məsələlər qoymalıdır,  həm də alimlər dövlətin qarşısında öz proqramlarını irəli sürməlidir. Bu proses qarşılıqlı olmaldır.  İlk növbədə alimlərin vəziyyətinin yaxşılaşdırılması dövlətə bağlı  məsələdir.

İkinci böyük məsələ isə  ondan ibarətdir ki,  bu gün AMEA-da çoxlu  “ölü canlar”  var.  Bu çox dəhşətli bir məsələdir.  Həmin “ölü can”lar bu gün kimlərinsə  varlanmasına və qazanmasına xidmət edir.  Bu “ölü can”lar tamamilə ixtisar edilməlidir. Həmin ölü canların əmək haqları işləyə bilən tədqiqatlar apara bilən, özünü  elmə həsr edə bilən kəslərə  verilməlidir.   İki əsas mexanizm budur.  “Ölu can”larin əmək haqları  elmin inkişafina və  işləyən alimlərin maddi vəziyətinin yaxşılaşdırılmasına yönəlməlidir. Hökumət isə alimlərin əməkhaqqlarını və elmi dərəcəyə görə aldıqları məvacibi 5-6 dəfə artırmalıdı.  

“Hacıbala Abutalıbov da bu sıradadır”

- Təqribən AMEA-da bu gün dediyiniz  “ölü can”ların sayı  nə qədərdir?

-Elə insitutlar var ki,  “ölü canlar” orda 30-35 faiz təşkil edir. Mən maraqlı  bir fakt deyim. Bu gün akademiyada guya, çalışanların biri də Bakı meri Hacıbala Abutalıbovdur. O, Fizika İnsitutunda guya, laborotoriya mudiridir. Amma 18 ildir ki, bircə dəfə də rəhbərlik etdiyi laboratoriyanın qapısını açmayıb. Hazırda oranın qapıları möhürlü vəziyyətdədir. Onun özu də yarım ştat əmək haqqı alır. Təsəvvür edirsinizmi, o boyda Bakı şəhərinin meri  bu gün AMEA-da ən böyük “ölü can”dı.  Əgər 4,5 milyon əhalisi olan Bakı şəhərinin meri “ölü can” qismində Fizika İnsitutunda işləyirsə, görün AMEA-da nələr var! Mənim fikrimcə, Hacıbala Abutalıbovun AMEA-da laboratoriya rəhbəri işləməsi Azərbaycan alimlərini və Azərbaycan elmini ələ salmaq deməkdi.

“Professor yoxsulluq səviyyəsində yaşayır”

- AMEA-dakı  yaş senzinə  münasibətiniz ...

 - Mənim fikrimcə,  Azərbaycan kimi ölkədə  alimlərə yaş  senzinin qoyulması  düzgün deyil. Bunun da əsas səbəbi odur ki,  alimlərin, hətta  elmlər doktorlarının yalnız əməkhaqqı ilə yaşayan kəsiminin sosial vəziyyəti yoxsulluq həddindədi.  Məsələn,  mən bu gün təvazökarlıqdan uzaq da olsa, deyirəm ki,  respublikanın tanınmış alimlərindən biriyəm, elmlər doktoruyam amma  əmək haqqım  324 manatdır. Respublikada orta aylıq əmək haqqı isə 350 manatdan  yuxarıdır.

-Bu 324 manatla maddi təminatınızı necə ödəyirsiz?

- Pis, çox pis. Bu gün alimlərin aldığı əmək haqqı  onları xeyrə - şərə yaramaz edib. Həm də qeyd etməliyəm ki, bu gün az və ya çox dərəcədə elmdən başı çıxan elmi tədqiqatlar aparmağa qadir olan, elmi işlərə rəhbərlik edə bilənlər də yaşlı nəslin nümayəndələridilər. Universitetlərimizin demək olar ki, tam əksəriyyəti elmdən uzaq olduğundan AMEA-nın elmi-tədqiqat institutlarına gələn gəncləırimizin elmi iş haqqında anlayışları da çox bəsit olur. Ona görə də yaşlı nəslin nümayəndələrinin elmə gələn gənclərimizə rəhbərlik etmələri olduqca vacibdir. 
Qayıdaq Akif Əlizadəyə.  Ola bilsin ki,  ona köməkçiləri və məsləhətçiləri  düzgün məsləhət verməyiblər. Ona digərləri üçün öz yaşından kənar yaş  senzi qoymaq  kimi fikirlər aşılayıblar. Akif Əlizadənin dediyindən belə məntiqi nəticə çıxır ki, birinci o özü pensiyaya çıxacaq, daha sonra isə digər AMEA əməkdaşları. Halbuki, Akif Əlizadə yenicə fəaliyyətə başlayıb və AMEA işçiləri ondan elmimizin inkişafı və özlərinin də insan kimi sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində təşəbbüslər və real işlər gözləyirlər. Bundan başqa, Akif Əlizadə sağlam adamdır,  biz bir –birimizi yaxşi tanıyırıq.
Mənim Akademiyada islahatların aparılması  mexanizmləri haqqında  keçmis prezident Mahmud Kərimov və onun əhatəsi ilə xeyli mübahislərim olub. Sizə onu da deyim ki,  AMEA Mahmud Kərimovun dövründə  dağıdıldı.

- Necə  dağıdıldı?

- Mahmud Kərimov əvvəllər çox təmiz,   çox mədəni bir adam olub. Prezident təyin olunandan bir müddət sonra da  təmizliyini saxlaya bildi. Çox səmimi insan idi.  İnsanları gülərüz qarşılayıb gülərüz  yola salardı. Hətta qapıyacan da özü ötürərdi. Amma çox təəsüflər olsun ki,  onun bu yüksək mədəniyyəti Azərbaycan elminin inkişafina yox, dağılmasına xidmət etdi. O, ömrü boyu heç bir qərar qəbul etməmişdi.  Bu insan qərar qəbul etmək qabiliyyətində deyildi. Mən gəlib ona özbaşınalıqlar haqqında deyirdim. O məsələlər dərhal aradan qaldırılmalı idi. Deyirdim qabağında telefon var götür zəng elə. O,  telefonu götürüb zəng eləmirdi.

- Bəs Akif Əlizadə necə, AMEA-nı idarə edə biləcəkmi?

- Mən Akif Əlizadəyə  arzu edirəm ki,  onun özu akademiyanı idarə edə bilsin. O da Mahmud Kərimov kimi akademiyanı  idarə etməyəcəksə, onda elmin inkişafindan danışmağa dəyməz. O zaman onun  bəyanatlarının hamısı quru söz olacaq.

“Demişdim ki, AMEA prezidenti mən olmalıyam”

- Keçən il AMEA-nın müxbir üzvlüyünə namizəd olaraq, fizika –riyaziyyat və texnika elmləri bölməsinin akademikləri qarşısında çıxış etdim.   Belə bir söz dedim:  “AMEA-nın prezidenti mən olmalıyam”. Orada hər kəs öz elmi fəalliyəti haqqında danışırdı. Sizə deyim ki,  o çıxışların heç bir mənası yoxdur.
Mən də onların qabağında çıxış etdim və dedim ki,  akademiyanin prezidenti mən olmalıyam ki,  orada reformalar həyata keçsin. Dedim ki,  mənim bunları deməyə haqqım var. Çünki problemləri həmişə mən demişəm. Əgər bu problemləri qaldıran yalnız mənəmsə, deməli AMEA prezidenti də mən olmalıyam. Bu gün ağzına su alıb susan adamların hansını AMEA prezidenti qoysalar, onlar da heç nə ilə fərqlənməyəcəklər. Bunları deyərkən gördüm ki, bir-iki nəfər yerdən gülümsəyir. Mən gülümsünənlərə dedim ki, “niyə gülürsən, mən sənin maaşını artırmaq,  səni qaldırmaq üçün deyirəm”. Akademiklər çox diqqətlə və ciddi qulaq asırdılar, amma maddi yardıma ehtiyacı olanlar, məndən də pis vəziyyətdə  olanlar gülümsəyirdülər.

- Bəs Akif Əlizadə  necə, qərar qəbul edib, təşəbbüs göstərəcəkmi ?

- Akif  Əlizadənin Mahmud Kərimov dövründə  hər hansı  neqativ hadisələrə qoşulmasının şahidi olmamışam və  bunu digər akademiklərdən də  eşitməmişəm. Eyni zamanda Akif Əlizadə və digər akademiklərin heç biri Mahmud Kərimov dövründə elmin bərbad vəziyyətə düşməsinə, alimlərimizin yoxsulluq səviyyəsində yaşamasına hər hansı bir etiraz etmədilər. Allah eləsin ki,  Akif Əlizadə təşəbbüskar insan olsun.  Ola bilər ki,  o vitse-prezident olduğu zaman dinmirdi və öz dövrünü  gözləyirdi.  Allah  ona artıq bu şansı verib və o da yəqin ki,  ona verilən fürsətdən istifadə edərək bəkə də reformalar keçirdi.
Mubaliğəsiz olaraq deyirəm ki,  akademiyada islahatlar aparılmasını  ən kəskin deyən  insan akademiklər, müxbir üzvlər yox, məhz mən olmuşam. Akademiyada islahatların vacibliyini AMEA prezidentinin öz  yerində olmamasını mən  demişəm.

Dünyanın müxtəlif ölkələrinin alimləri mənim haqqımda akademiyanın keçmiş prezidenti və ölkə başcısından xahiş ediblər ki, mənim rəhbərliyimlə İnstitut, elmi mərkəz və yaxud da laboratoriya yaradılsın. Amma AMEA-nı dağıdanlar dünya şöhrətli alimlərin təkliflərinə öz aralarında olan “işbirliyi” ilə mane oldular. Mən o zaman Mahmud Kərimova deyirdim ki, siz dünya alimlərini saymırsızsa, sizi də sayamayacaqlar. Dünyada belə qayda var. Sənin haqqında böyük insanlar təşəbbüsdə bulunursa, lakin sən o təşəbbüsü cavabsız qoyursansa deməli səni də saymayacaqlar.
Bizim bir nömrəli fizikimiz olan akademik Firidun Həşimzadə mənim barəmdə Mahmud Kərimova məktub yazdı ki, bu alim üçün laboratoriya açın.  Lakin  həmin laboratoriyanın açılmasına pulun içində üzən adamlar birbaşa əngəllər törətdilər. Mahmud Kərimov həmin vaxt pul kisəsini müdafiə etdi.

“Bərabər iş imkanları yaratmadan fərqli əməkhaqları vermək olmaz”

- Akif Əlizadənin müsahibəsində həmçinin ayrı-ayrı insitutlara və alimlərə fərqli maliyyə ayrılması məsələsinə də toxunulub. Bu məsələyə münasibətiniz necədi?

- Fərqli maliyyə yalnız institutların ştat vahidləri, alınacaq cihazlara uyğun olaraq ayrıla bilər. Maliyyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və görüləcək işlərə tələb olunan vəsaitə uyğun olaraq ayrılmalıdır. Digər hallarda mən maliyyə ayrılması məsələsində obyektivliyə qətiyyən inanmıram. AMEA dövlət strukturudur.  Burada maliyyə vəsaiti ayrılarkən real işçilərin sayı nəzərə alınmalıdır. Bütün  “ölü canlar” akademiyadan çıxarılmalıdır. Onların əmək haqları  həqiqi işçilərin əmək haqlarının üzərinə gəlməlidir. Bu haqda Prezident Administrasiyasına da məlumat verilməlidir. AMEA-ya maliyyə ayrılması  mövcud qanunauyğunluq çərçivəsində həyata keçirilməlidir. Əks halda bunların hamısı ağır fəsadlara gətirib çıxara bilər.

Ayrı-ayrı alimlərə fərqli əməkhaqqları verilməsi məsələsi əslində müsbət işdir. Amma bu hamı üçün bərabər işləyə bilmək imkanları yaradıldıqdan sonra mümkündü. Hamının işləmək üçün cihazları olmalıdı. Bərabər iş imkanları yarandıqdan sonra fərqli elmi işlərə fərqli əməkhaqları verilə bilər. Ona görə də bu gün bərabər iş imkanları yaradılmadan fərqli əməkhaqqlarının verilməsi bilərəkdən kimlərinsə əməkhaqqlarını süni surətdə artırmaqdan başqa bir şey olmayacaq.  

“AMEA-nın maddi-texniki bazası dağıdılıb”

- AMEA-da maddi texniki imkanlar bu gün təcrübələrin dünya standartları səviyyəsində aparılmasına imkan verirmi?

- Akademiyanın maddi-texniki bazası çox köhnəlib. Əksəriyyəti sovet dövründən qalmış cihazlardı. Əvvəl o cihazlardan normal işləyəni də var idi. Lakin sonradan kimlərinsə varlanmasına xidmət edən təmir proseslərində o cihazların çoxu sıradan çıxdı. Buna görə də nə qədər gec deyil, dövlət elmin inkişafı zərurətini dərk etməlidir. AMEA insitutlarının maddi texniki bazası gücləndirilməlidir.  Daha doğrusu maddi –texniki baza yenidən yaradılmalıdır. Çünki əksər insututlarda və onların əksər laboratoriyalarında maddi –texniki baza tamamilə dağıdılıb.

- AMEA-ın əsas binasında və insututlarınada aparılan uzun müddətli təmir işləri alimlərin elmi fəaliyətinə mənfi təsir etmir ki?

 - Akademiyanın əsas binasıanda 3 ilə yaxın təmir işləri getdi.  Heç kəs işə gəlmədi. Bunun nə demək olduğunu yəqin ki, hamı başa düşər. Bina özü gözəldi, lakin elmi həmin gözəlliklərə qurban vermək olarmı? Birinci elmin özü təmir olunmalıdı. Elmin özü və onun əsas istiqamətləri təyin olunmalıdı. Elmin təmir olunması üçün elmə yeni istiqamətlər və müasir cihazlar lazımdı.

“Elmdə inhisarçılıq cılızlıqdan və savadsızlıqdan yaranıb”

- Ümumiyyətlə elmdə inhisarçılıq varmı?

- Bəli var. Mən bunu Azərbaycanda dəhşətli dərəcədə hiss etmişəm. Elmdə inhisarçılığı həyata keçirən insanlar cılız və dayaz düşüncəli insanlardı. Bunlar elə bilirlər ki, filankəs filan sahədə işləsə, elm qurtaracaq. Lakin onlar bilmir ki elm işləndikcə qurtarmır. Elm işləndikcə artır. Elm tükənən deyil. Bütün zamanların ən böyük insanı olan Məhəmməd peyğəmbər deyib ki, hər şey xərcləndikcə azalar, yalnız elm xərcləndikcə artar. Elmdəki inhisarçılar başa düşmürlər ki, mənim işləməyimlə və digərlərinin işləməyi ilə elm tükənməyəcək. Əksinə inkisaf edəcək. Amma bizim elmdə həmişə elə namərd insanlar olub ki, adamın oturduğu stulu onun altından çəkib, iş stolunu oğurlayıb, iş otağını və cihazlarını da əlindən alıb.

- Öz elmi fəaliyyətiniz...

- Mənim elmi işlərimə ABŞ-ın Rusiyanın, Ukraynanın, Moldovanın, Türkiyənin və başqa dövlətlətin dünya şöhrətli alimləri rəsmi müsbət rəylər veriblər. Ən çox rəy alan alimlərdən biriyəm. Xarici ölkələrin görkəmli alimləri sonradan da mənim elmi işlərimə çox böyük dəyərlər veriblər. 80-dən çox elmi işim xaricdə çap olunub. Lakin təəssüflər olsun ki, Azərbaycanda qiymət verilməyib.

“Akif Əlizadə Azərbaycan Prezidenti ilə işləməlidir”

- Qüdrət müəllim, Mahmud Kərimov da alimlərin əməkhaqqlarının azlığı haqqında mətbuata açıqlamalar vermişdi.

- Düzdü... Mahmid Kərimov mətbuatda həmişə deyib ki, akademiayda əmək haqları çox aşağıdır. Bu da elmin inkişafına mane olur. Lakin o bu sözləri yalnız jurnalistlərə deyirdi. O Prezident Administrasiyasında bununla bağlı heç bir məsələ qaldırmadı. Mahmud Kərimov bu məsələni ciddi müzakirəyə qoymurdu . Mən o zaman ona açıq məktub yazdım. Dedim ki, hörmətli Mahmud müəllim, sizin dediklərinizi jurnalistlərə mən də bəyan edirəm. Sizlə mənim fərqim nə oldu? Sizin vəzifəniz imkan verir ki, siz bu məslələrlə bağlı birbaşa Azərbaycan prezidentinin özünə müraciət edəsiniz. Yazılı şəkildə təkliflərinizi bildirəsiniz.

İndi isə hörmətli Akif müəllimin də əmək haqlarının azlığı və s barədə təkliflərinin olduğunu eşidirik. Lakin mənim Akif müəllimə bir tövsiyyəm var: bu da ondan ibarətdi ki, bütün bu məsələləri respublika prezidenti ilə həll etmək lazımdı. Prezident Administrasiyasının prezidentdən aşağı olan heç bir məmuru bu problemi həll edən deyil. O özündə cəsarət tapmalıdı və ən azından ayda bir dəfə prezidentlə görüşməli və real tekliflərini şəxsən prezidentə çatdırmalıdı. Onun təkliflərini qanuna mindirən prezident fərmanlarının və sərəncamlarının verilməsinə çalışmalıdı.   
AMEA prezidenti olaraq Akif Əlizadə həm də bütün təşəbbüskar insanları dinləməli və bu təşəbbüsləri ümumiləşdirməlidi. 

- Qüdrət müəllim! Geniş müsahibə üçün sizə təşəkkür edirəm. Sonda nə deyərdiniz?

- Arzu edirəm Akif Əlizadə Azərbaycan elmini reanimasiya edə bilsin!

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır