Modern.az

"ZQAN Holding"in adı dəyişdirildi

"ZQAN Holding"in adı dəyişdirildi

Aktual

10 May 2013, 15:06

Ölkənin ən iri holdinqlərindən biri olan “ZQAN Holding” korporativ adını dəyişərək “Garant Holding” oldu.


Modern.az-ın məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında «Garant Holding»in İdarə Heyətinin sədri Vaqif Həsənov bu barədə ətraflı məlumat verib: “2005-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “ZQAN Holding” 8 il ərzində müxtəlif sektorlarda uğurlu şirkətlərlə təmsil olunub. İnşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, nəqliyyat və yükdaşıma, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidmətləri, restoran servisi, səyahət kimi sahələri əhatə edən holdinq tərkibində olan şirkətlərin fəaliyyətinə və strateji qərarlarına bilavasitə nəzarət etməklə onların xidmət və istehsal keyfiyyətini nizamlayır”.

V.Həsənov onu da bildirib ki, fəaliyyətinin səkkizinci ilindən etibarən yeni sahə – kənd təsərrüfatı məhsulları istehsalı sektoruna qədəm qoyan Holdinq daha bir neçə dəyişikliklə inkişafının yeni mərhələsində olduğunu xüsusi qeyd edir. Belə ki, şirkətlər qrupu bu ildən “ZQAN Holding” adını dəyişərək, onu yeni korporativ brend “Garant Holding”lə əvəzləyir.

Holdinqin rəsmisi qeyd edib ki, bu il ərzində qida sənayesində “Garant Holding”in tərkibində “Garant Agricultur Group” fəaliyyətə başlayıb və sözügedən təşkilat sentyabr ayından etibarən halal standartlara əsasən toyuq əti istehsalına başlayacaq: “Bundan başqa, 2014-cü ildə biz balıqçılıq sektorunda da fəaliyyətə başlamaq niyyətindəyik. Perspektivdə isə heyvandarlıq, əkinçilik, süd məhsulları və bu kimi sahələrdə fəaliyyət göstərəcəyik”.

Yem bazasının formalaşdırılması üçün hazırda Ucarda yem zavodu inşa olunur: “Biz istehsal edəcək kənd təsərrüfatı məhsullarımızı xarici bazarlara da ixrac etmək niyyətindəyik və ilk olaraq ixrac üçün Şimali Qafqaz regionunu qənaətbəxş saymaq olar” - deyə, V.Həsənov əlavə edib.

V.Həsənov həmçinin bildirib ki, 8 il ərzində Holdinq istər xidmət, istərsə də istehsal sektorunda kifayət qədər uğurlu nailiyyətlər əldə edib: «Müştəri və istehlakçı marağını, onun məmnuniyyətini hər zaman özümüz üçün prioritet sayırıq. Bu günə qədər “ZQAN Holding” adı altında ərsəyə gələn hər layihə və məhsul Azərbaycan bazarında özünü tam təsdiqləyib. İlk vaxtlardan «Azərbaycan üçün dəyərlər yaradaq!...» missiyasını rəhbər tutaraq imza atdığımız hər bir layihəmizi də dəyərə çevirməyə qadir olduq. Təvazökarlıqdan uzaq olsa da, söyləyəcəyəm ki, “ZQAN Holding”, yəni bu gündən “Garant Holding” güclü Azərbaycan iqtisadiyyatının ən önəmli tərkib hissələrindən biridir», - deyə V.Həsənov qeyd edib. 

Yeni, korporativ ad olaraq “Garant Holding” ifadəsinin istifadə olunmasını izah edən V.Həsənov bildirib ki, rebrendinq haqqında düşünəndə bütün işçi heyəti bu məsələyə cəlb olunub: “Hər kəsə fikrini ifadə etmək və yeni ad fikirləşməyi təklif etdik. Ümumi müzakirələr nəticəsində çoxluğun gəldiyi qənaət məhz “Garant” sözü oldu. Əvvəla ona görə ki, bu söz beynəlmiləl olmaqla bir çox dillərdə eyni cür səslənir və eyni məna ifadə edir, istehsal və xidmət keyfiyyətinə bilavasitə zəmanət verdiyimizi və əmin olduğumuzu anladır. Həm də indiyə qədər Holdinqin tərkibində fəaliyyət göstərən və fəaliyyəti ilə Azərbaycan istehlakçısına sözün yaxşı mənasında tanış olan şirkətlərimiz var. Yeni korporativ ada öyrəşmək o qədər də çətin olmayacaq”.

Mətbuat konfransının sonunda V.Həsənov həmçinin qeyd edib ki, gələcəkdə “Garant Holding”ə daxil olan bir neçə təşkilat da rebrendinq olunacaq.


Keçirilən mətbuat konfransında həm də korporativ sosial məsuliyyət prinsiplərinə böyük məsuliyyət və həssaslıqla yanaşan “Garant Holding”in Azərbaycan mədəniyyətinin, tarixinin, idman və təhsilinin inkişafına yönələn layihələri bundan sonra da dəstəkləyəcəyi qeyd olunub.

Qeyd edək ki, rebrendinqlə əlaqədar olaraq Holdinq yaxın zamanda yeni internet səhifəsini də istifadəyə verəcək. Holdinqin yeni “Garant Holding” korporativ adı altında dəstəklədiyi ilk idman hadisəsi mayın 10-da Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan K1 yarışıdır. Bu yarışda holdinq “Qızıl sponsor” qismində çıxış edib.

 

Elçin AYEV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır