Modern.az

Şuşanın qanı soyumamış oynayırıq, hansı günümüzə...

Şuşanın qanı soyumamış oynayırıq, hansı günümüzə...

11 May 2013, 16:46

 Həftənin subyektiv icmalı

  Xeyirlə şər qardaşdı bu dünyada. Elə bu həyat da təzadlarla doludur. Kimi acısına, ağrısına  fəryad edib göz yaşlarına hakim ola bilmir, kimi qəlbində közərən sevgi qığılcımlarından  böyük bir çələng düzəltməyə meylli olur. Kimi vüsalına qovuşur, kimi də hicrandan alışıb-yanır. Bir sözlə, həyatı ağ-qara  zolaqlar üzərində  təsəvvür etməmək mümkün deyil. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi başa düşəcəksiniz.  Əziz oxucularım, “Həftə sonu” rubrikasıyla  yenidən sizlərin görüşünüzə gəldim. Bu həftə həm ağladıq, həm də güldük. Beləliklə, həftənin siyasi mənzərəsinə nəzər salaq.  

 

İqtidarla müxalifət əl-ələ? 

Bu həftə iqtidarla müxalifət düşərgəsində “vur çatlasın çal oynasın” bir ab-hava yaşandı. ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joalo Süareslə görüş  keçirildi. Ölkənin ən nüfuzlu siyasi partiyaları-Müsavat, AXCP, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Həmrəyliyi, Milli Dirçəliş Hərəkatı, Yeni Azərbaycan Partiyası ilə ATƏT  bir araya gələrək  Azərbaycandakı siyasi proseslər, 2013-cü il prezident seçkiləri dialoqlar çərçivəsində müzakirə obyektinə çevrildi. Bu görüşdə əl-ələ verib yallı gedənlər arasında Sərdar Cəlaloğlunun əllərini görmədik. Bu səbəbdən də  ADP sədri Sərdar Cəlaloğlu yenə coşdu. Bu görüşə dəvət almamasından şikayətləndi.

”Beynəlxalq təşkilatlar bizim partiyanı boykot edir. Onlayn konyukturası var. Kimi dəvət edib-etməyəcəkləri yalnız özlərinə məlumdur”.
Bəs sizə naməlum qalan nədir? Bir də ki kimin ixtiyarı çatar  sizin partiyanı boykot etsin. Bir müddət öncə, Səməd Vurğunu, Həcəri açıq şəkildə ittiham etdiniz. Məncə, siz çox güclüsünüz, Sərdar müəllim. Sizin partiyanızı boykot edənləri... Buna şübhəmiz yoxdu.                                          

 

Suriyada, yoxsa Azərbaycanda döyüşmək?!    

Bu həftə həmçinin Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştirak edən Azərbaycan vətəndaşının videosunun yayılması və onların müsəlmanlara müraciət edərək cihada çağırmaları həftənin narahat doğuran xəbərinə çevrildi.  Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Qanlı döyüşlərin  beşiyinə çevrilən Suriyada vətəndaş müharibəsinin getdiyi sirr deyil. Təəssüf ki, bəzi  azərbaycanlılar arasında həm Bəşər Əsəd tərəfdən müxalifətə qarşı, həm də Bəşər Əsədə qarşı vuruşanlar var. Əslində,  bir çox ölkələrdən dünyanın qaynar müharibə gedən  ocaqlarına axın həmişə olub. Sadəcə, Azərbaycan  müharibə şəraitində yaşadığı üçün bu cür halların baş verməsi ictimaiyyət tərəfindən də normal qarşılanmır. Bir çox siyasi şərhçilər, politoloqlar da azərbaycanlıların digər ölkələrdə gedən vətəndaş müharibələrində iştirakını alqışlamır. 20%-dən çox torpağımız işğalçı rejimin boyunduruğu altındadır. Yarımçıq qalmış  Ermənistan-Azərbaycan müharibəsini başlasaq, zəfərimizi bayram etməyə nə qalacaq ki?!            

 

Qanlı 8 may və şanlı 9 may    

Bu həftə tarixin ağrılı günlərindən birini yaşadıq. 1992-ci ilin 8 may tarixinə qədər  Şuşa Azərbaycanın döyünən ürəyi idi. Əsrlər boyunca, yadellilərin hücumları qarşısında müvazinətini  itirməyən Şuşa, heç vaxt  müqavimət hərəkatına qarşı susmayıb, əksinə susdurmağı bacarıb. Amma, təəssüf ki... Təəssüf ki, biz Şuşanın başına açılan güllələri susdura bilmədik.                              

Hər il Şuşanı işğal tarixi günündə yad edirik. Həyatın işinə bax! Şuşanın qanı soyumamış 9 may qələbə günü şad-xürrəm qol çırmayıb oynayırıq. Görəsən, hansı günümüzə. Şuşada kök atıb möhkəmlənən ermənilər bizdən fərqli olaraq, mayın 9-u həqiqi qələbələri şərəfinə badə qaldırıb sağlıq deyirlər. Elə bilməyin ki faşizm üzərində qələbənin əleyhinəyəm. Əsla yox. Nə qədər ki Şuşa erməni dığalarının murdar ləpirləri altında inildəyir, nə qədər ki Kəlbəcərdə toy çalınmır, Ağdamda segah oxunmur, Laçında kabablarımız şişə çəkilmir, Cəbrayılda quzularımız mələşmir, Qubadlıda nənələrimiz nehrə çalxamır, Zəngilanda tonqal qalanmır, Füzulidə şeirlər yazılmır, Xankəndində hisslərimiz oyanmır, nə qədər ki Üzeyirin, Bülbülün, Xan Şuşinskinin, Natəvanın məzarı erməni güllələrindən deşik- eşikdir, məncə, 9 maya güllə- çiçəklə getməyin mənası yoxdu. Ta işğal altında olan torpaqlarımız azadlığına qovuşmayana qədər.  

 

Heydər Əliyev şəxsiyyəti    

Xalq bütün ümidlərini  Heydər Əliyevə bağlamışdı. Onun ikinci dəfə hakimiyyətə gəlişi məmləkəti böyük bəlalardan qurtardı. Yoxsa xalq, başına atılan qara pərdələrin içində məhv olardı. 1923-cü ilin 10 may  günündə Naxçıvanda dünyaya göz açan Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycana rəhbərlik edib.   Hə dostlar! Bu həftə rəngarəng güllərin əhatəsində bir həftə yaşadıq. Qəribədir, əslində. Kimisə qəlbən sevəndə ona gül hədiyyə edirik. Sevgimiz güllərin ömrü qədər qısa olmasın deyirik. Sevgilimizi güllərə bənzədirik. Qızlarımıza ən gözəl, ən zərif gül-çiçək adları qoyuruq. Elə dünyasını dəyişənləri də güllə-çiçəklə ziyarət edirik. Ən zərif çiçəklər sevincli, kədərli həyatımızın bir növ  bəzəyidi. Çünki  həyatımız ağ-qara zolaqlar üzərindədir.

 

Namidə Bingöl

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir