Modern.az

Siyasi ekspert: “Azərbaycanın “Madrid prinsipləri”ni imzalamasına təəssüf edirəm”

Siyasi ekspert: “Azərbaycanın “Madrid prinsipləri”ni imzalamasına təəssüf edirəm”

13 May 2013, 14:29

ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojera ilə ABŞ dövlət katibi Con Kerri arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirə olub. 20 ildən çoxdur ki, problemin çözülməsi üçün bir sıra təklif irəli sürülsə də, məsələ həll olunmamış qalır. ABŞ-ın isə Qarabağ probleminin həlli üçün səylərini artırmasının şahidi oluruq. Ekspertlər hesab edir ki, ABŞ Türkiyəni də danışıqlar prosesinə cəlb etməklə müzakirələrdə yeni bir mərhələ yarada bilər. Bəs ATƏT-in fəaliyyətdə olan sədri ilə ABŞ dövlət katibi arasında olan görüşdə Qarabağ münaqişəsinin çözümü ilə bağlı yeni təkliflər ortaya qoyula bilərmi?

Modern.az-ın bu və digər suallarını politoloq Qabil Hüseynli cavablandırıb.

Azərbaycanın ərazi bütövlüyü yoxsa sülh?

Siyasi analitik bildirib ki, münaqişənin həlli üçün təklif edilən variantlar hamısı köhnədir. Politoloqun fikrincə, sülh yaratmaq istiqamətində istifadə edilən çərçivə və baza prinsiplərində nəzərdə tutulan elementlər Azərbaycanın ərazi bütövlüyünə ziddir.
“Bura bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, öz müqəddəratını təyin etmək məqsədi ilə referendum keçirilməsi daxildir. Bu da əslində Azərbaycanın ərazi bütövlüyü məsələsini sual altına qoyur. Düzdür, münaqişənin həll olunması üçün ortada müəyyən cəhdlər və səylər nəzərə çarpır. Amma bunlar Azərbaycanı kompromisə getmək, problemin həllində Qondarma “Dağlıq Qarabağ Respublikası”nın statusunun tanına biləcəyi qədər təklifləri dəyərləndirmək kimi məqamları özündə ehtiva edir. Məsələn separatçı quruma keçici statusun verilməsi məsələsinə qədər həmin sənədlərdə müddəalar var. Bu məsələlərin hamısı Madrid prinsiplərində öz əksini tapıb”, –deyə Q. Hüseynli qeyd edib.

Sonrakı peşmanlıq

Siyasi ekspert Azərbaycanın “Madrid prinsipləri”nə imza atmasını təəssüflə deyib. “Sonradan “Madrid prinsipləri”nə müəyyən düzəlişlər etməklə məsələnin həllində yeni bir təklif irəli sürmüşük. Ermənistan isə yenilənmiş “Madrid prinsipləri”ni qəbul etmir. Həll variantı ilə bağlı ortada olan baza prinsipləri mövcuddur. Hələ ki, bundan əl çəkmək istəmirlər. ABŞ da birmənalı qaydada Azərbaycanın ərazi bütövlüyünü xələl gətirə biləcək həmin prinsipləri dəyişdirilməsi və onun yeni variantda hazırlanmasını israr etmir”.

Sıfır nöqtəsi

Politoloq hesab edir ki, münaqişənin həlli üçün Azərbaycan təkliflər irəli sürməlidir. “Azərbaycan başqa mövqedən çıxış edir və bildirir ki, əvvəlcə sülh sazişi imzalanmalıdır. Daha sonra isə bu sazişin mətnini lazım olan müddəalarla doldurmağın vacibliyi vurğulanır. Azərbaycan ATƏT-in baza prinsiplərini və “Madrid prinsipləri”ni kənara qoymaqla yenidən sıfır variantından başlamaq niyyətindədir. Bununla da sülh yaratmaq prosesinə Azərbaycan yeni bir töhfə vermək istəyir. Sonda isə Böyük Sülh Sazişi imzalanmasının Azərbaycan tərəfdarıdır”-deyə vurğulayıb.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir