Modern.az

Cənub ədəbiyyatı: Modern.az-ın növbəti ilki - Rəsul Yunan - TƏQDİMAT

Cənub ədəbiyyatı: Modern.az-ın növbəti ilki - Rəsul Yunan - TƏQDİMAT

Ədəbi̇yyat

13 May 2013, 17:46

Modern.az bu gündən daha bir yeni ilkə imza atır. Elektron mediada ilk dəfə olaraq müasir Cənubi Azərbaycan ədəbiyyatının təqdimatına başlanılır. Azərbaycan Yazıçılar Birliyinin cənub ədəbiyyatı şöbəsi ilə birgə, ortaq layihə çərçivəsində oxucular cənublu yazarların yeni nəsli ilə tanış olmaq imkanı qazanacaq. O tayla bu tay arasında qarşılıqlı ədəbi körpü yaradacaq bu layihə oxucuların xüsusi maraqla qarşılayacağına əminik.

Cənub ədəbiyyatı ilə tanışlığa Rəsul Yunanla başlayırıq.

Rəsul Yunan 1968-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Şair, nasir və tərcüməçidir. 17-18 şeir məcmuəsinin, xeyli sayda tərcümələrin müəllifidir. Nazim Hikməti Güneydə ən çox tərcümə edən də məhz Rəsul Yunan olub. Daha sonra onun fars dilində “Çox nigaranam, siz Leylanı görməmisiz?“  adlı romanı var. Fars dilində hekayələr məcmuəsi və dünya ədəbiyyatından tərcümələr antologiyasının tərtibçisidir. Rəsul Yunan 2006-cı ildən sonra əsaslı şəkildə Azərbaycan dilində yazmağa başlayıb. Hazırda o, Azərbaycan dilində yazan şairlərin ən güclülərindən hesab olunur. Dünya çapında tanınmış bir yazardı. Dünyada tanınmış ədəbi mükafat olan “Valson”un münsiflər heyətinin üzvi olub. Hazırda Tehranda yaşayır. Şeriləri ingilis, fransız, yapon və bir çox dillərə tərcümə olunub.

Səni düşünmək

 Səni düşünmək,
Həyata düşünməkdir.
Torpaq altında
Dar-düdük  bir qəbirdə
Günəşə düşünməkdir.
Qarlı gecədə,
Qıfıllanmamış qapılara,
Qaçmağa düşünməkdir həbsxanada.
Səni düşünmək dəyərlidir,
Ən azı
Adamın qəlbindən
Bir bulaq coşar,
Bir at gələr orada su içər,
Bir quş gələr orada oxuyar...

Həsrət

Duman boruları,
Antenlər,
Qarğalar,
Sadəcə
Keçmişimdən bunlar yadıma gəlir.
Pəncərədən
Eşiyə baxdığım günlərdən...
Sizin apartmanız
 Uzaqda idi,
Yerlə göy üzü qovuşan yerdə...

Rəsmdə görünməyən paslı piano

Yalqız adamın rəsmi,
Uzun bir küçədir.
Və onun dibində olan
Bağlı qapı.
Yalqız adamın rəsmi,
Rəsmdə görünməyən
Paslı pianodur.
Yalqız adamın rəsmi,
Əsən yeldir,
Solğun ay.
Yalqız adamın rəsmi,
Bütün kədərlərin rəsmidir...

Qələbəlik

 Mənə elə gəlir
Çin məhəllələrində itmişəm.
Hər yer hay-küydü,
Hər yer qələbəlik.
Kaş ki
Sarı bir əjdaha qarşıma çıxıb,
Məni udsun!
Son qoysun bu itkin düşməyimə.
Nə çətin bir işdir,
Qələbəlikdə yalqız yaşamaq...

Dialoq 

- Ölümdən sonra həyata inanırsan?!
– Yox!
– Amma inan!
Səndən sonra diri qaldım,
Qar altından
qurtarılan dağçı kimi!

Qalstuk 

Yavaş-yavaş modernləşirəm,
Masa arxasında
Yemək yeyirəm,
Qalstuk bağlayıram,
Rep musiqisinə
Qulaq asıram,
İnternetdə
Sevdiyim şairləri izləyirəm.
Yavaş-yavaş
Özümdən çıxıram,
Tısbağa balası yumurtadan çıxan kimi.
Yenidən doğulmaq
Komik də olmuş olsa,
Çox gözəl və həyəcanlı bir şeydir!

Hazırladı : Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır