Modern.az

Atamın dostu, mənim müasirim - Tofiq Bayram

Atamın dostu, mənim müasirim - Tofiq Bayram

19 Aprel 2020, 09:34

Mahir Qabiloğlu

“Yeyib-içən adam”. Çoxları bu sözü sərxoşluq kimi qəbul edir, kimisi spirtli içkilərə aludəçilik. Amma hər içən, hər yeyən adam bu ada layiq ola bilmir. Yeyib-içən adam məclislərin bəzəyidir. Yeyib-içməyi hər adam bacarmır. Yeyib- içən adam məclisin sonunda yox, əvvəldə yada düşəndir. Duzlu-məzəli söhbətləriylə, şeir deməyi ilə, xatirələriylə yadda qalır. Eyni zamanda xatirələrə də həkk olunur. Necə ki Tofiq əmim - Tofiq Bayram. 19 aprel tarixi onun anım günüdür.


Tofiq əmim Əmircanlı idi. Atası, əmiləri də imkanlı adam idilər. Ümumi desək, ticarətçi. Ona görə də uşaqlarına korluq vermirdilər. Həm də qonaqpərvər idilər. Bir də görürdün Tofiq Bayram şair dostlarını yığıb başına aparır kəndə - atasıgilə. Bu təkcə yemək-içmək məclisi olmurdu. Şeir məclisi desəm, yanılmaram. Atam danışırdı ki, “günlərin bir günü o qədər yedik-içdik ki, Tofiq oldu dəm. Yapışdı atasıyla, əmisinin yaxasından ki, “bəs Siz sosializm quruluşuna ləkəsiniz, zəhmətsiz gəlirlə yaşayırsınız, sovet quruluşunda Sizin kimilərə yer yoxdu”. Necə deyərlər gəmidə oturub gəmiçiylə dava edirdi.  Nədi, nədi bizi həmişə qonaqpərvərliklə qarşılayan, lazım olanda cibimizə pul qoyan atasıyla əmisi ticarətçiydilər.  Bir balaca tənbeh etdilər. Çox da xətirinə dəymədilər Tofiqin. Şair idi axı. Özü də əsl şair. Gələn dəfə qonaq gedəndə heç üzünə də vurmadılar bu hadisəni”.

Məhəbbət şerləri qalib gəlir

Akademik Dram Teatrında poeziya gecəsiydi. Atam, Tofiq Bayram, Cabir Novruz, Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə və daha üç nəfər. Auditoriya da cavanlar - tələbə qızlar  idi. Şeir seçimi isə şairlərin öz öhdəsinə verilmişdi. Bakı şəhər Partiya Komitəsindən Etibar Babayev (şair Adil Babayevin oğlu, “Space”nin keçmiş rəhbəri), Oktyabr rayon (Yasamal) partiya komitəsindən 1-ci katib Səyavuş Məmmədov da iştirak edirdilər. İkisi də şair ruhlu adam idilər. Gecəni də onlar təşkil etmişdilər. (Görəsən indikilər təşkil edərdilər?)


Cabir Novruz 3-4 şeir dedi. Sən deyən alqış səslənmədi. Atam da eyni qaydada, alqışlar da əvvəlki səviyyədə. Tofiq Bayram “Azərbaycanım” şeirini oxudu. Zaldan gur alqışlar gəlmədi. “Azərbaycan deyəndə” oxudu, yenə də bir şey hasil olmadı. Ürəyi az qala ağzından çıxa-çıxa “Valakardin” oxudu. Xalaxətrin əl çaldılar.  Daha iki şeir oxuyub əyləşdi yerinə. Nüsrət Kəsəmənli “Gedirsən, bəhanəsiz get”  deyən kimi zal başladı gurlamağa, səhnəyə güllər axdı. Nəriman Həsənzadə cavanlıq illərində həyat yoldaşına həsr etdiyi 30 ilin  məhəbbət şeirlərini oxudu. Zalda alqış sədaları kəsilmədi. Bu, çıxış eləyib qurtaran şairlərdən heç kimə təsir etmədi. Çünki onlar təzə yazdıqları şeirləriylə oxucuların görüşünə gəlmişdilər. Baxmayaraq ki, hamısının yaradıcılığında yüksək məhəbbət poeziyası vardı. Nüsrət Kəsəmənliylə Nəriman Həsənzadə isə yeni yazdıqları şeirləri yox, auditoriyanı əsas götürüb  şeir seçimi etmişdilər.  Əvvəl çıxış edənlər hamısı sakit oturmuşdu.
Tədbirdən sonra “Azdrama”nın özündə kiçik bir ziyafət təşkil olunmuşdu. Bunu gözləyirdilər. Sonuncu Nəriman Həsənzadə idi. Çıxışını qurtarar-qurtarmaz Tofiq Bayram yenidən mikrofonun arxasına keçdi. Başladı nə başladı.

Necə rəhmlidir, necə amansız
Necə mehribandır qadın ürəyi
Sən onu sındırsan, bil ki o zaman
Ağlayan kamandır qadın ürəyi

 Alqışlar qopdu, nə qopdu. Arxasınca “Vağzalı”. Gənclər Tofiq Bayramı səhnədən buraxmırdılar. Bu da Tofiq Bayrama ləzzət eləmişdi. Alqışlar əvvəlki pərtliyindən əsər-əlamət qoymamışdı:
- Mən də səhərdən ictimai-siyasi şeirlər oxuyuram. Bilsəydim elə əvvəldən bunları oxuyardım da...


Limonaddır... gələn dəfə araq olacaq

Rəsmi hissə başa çatdı. Başladı “bədii” hissə. Yəni yemək-içmək. Mən Tofiq əmiylə yanaşı düşdüm. Atam isə bizimlə üzbəüz.  Etibar Babayev də tamada. Vəzifədə böyük o idi. Həqiqətən yaxşı aparırdı. Şairlər də “şair oğludur da” deyib, yaxşı mənada  yerdən söz atırdılar. Tofiq əmi də boşqabıma yemək çəkib (onda utancaq idim) “alə, ye. Sən onlara fikir vermə” deyiridi. Yəni ki, nə danışırlar danışsınlar da – sən işində ol... Bakalıma da limonad süzürdü. Birdən atam:

- Tofiq, neynəyirsən? Uşağa araq süzürsən?
- Yox, Qabil. Limonaddır.
-  Mən də elə bildim ki, araqdır - uşağı içizdirirsən.
- Qabil, narahat olma, bir-iki dəfə yanımda otursa, araq içəcək.

 Tofiq Bayram və Rəsul Həmzətov

Hər bir əsər  yazıçının övladı sayılır. Ömrünün son illəri qanıqara gəzirdi. Sanki “Övlad”larından birini itirmişdi. Tofiq Bayram təkçə şeirləriylə yox, tərçümələriylə də məşhur idi. Tərcümə isə çox çətin bir məsələdir. Özü də ki, Rəsul Həmzətov kimi böyük Sovet şairinin tərcüməçisi olmaq. Bu iş onda çox uğurlu alınmışdı. Rəsul Həmzətov Tofiq Bayramın sayəsində Azərbaycan oxucusunun qəlbinə, Azərbaycan ədəbiyyatının içinə yol tapa bilmişdi.


Lakin Qarabağ məsələləri başlayanda Rəsul Həmzətov müsəlman, dağıstanlı ola-ola xalqımıza dönük, ermənilərə qahmar çıxdı. Özü də SSRİ-nin mərkəzi mətbuatında. Camaat da başladı nümayişkaranə Rəsul Həmzətovun kitablarını yandırmağa. Bu həm də hansısa mənada  Tofiq Bayramın da  kitabları sayılırdı. Tofiq Bayramın yaradıcılığının bir qolu kəsilib atılmışdı.

Yemək-içməyə adam yoxdur

Yazımı yemək-içməklə başladım, yemək –içməklə də başa çatdırıram. Yazıçılar İttifaqında danışanda özüm eşitmişəm. Səhv etmirəmsə, bu söhbətdə şair İslam Səfərlinin də izi var.


- Alə, Qabil, yemək-içmək düşmüşdü könlümə. Çıxdım dəhlizə ki, görüm kim var. Gördüm  ki, adam yoxdur.
- Ağ eləmə də, Tofiq. Günün günorta çağı Yazıçılar İttifaqında adam yox idi?
- Qabil var idi e. Adam yox idi - Yemək-içməyə Adam.


Tofiq əmi, bu gün də adam çoxdur. Amma Sizin kimi, Sizlər kimi yeyib-içməyi bacaran adamlar heyf ki, yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir