Modern.az

Yenilənmə

Yenilənmə

İqtisadiyyat

16 May 2013, 19:27

(İçsəs)

İnsan idrakından qıraqda nə varsa – yaranışdır, insan idrakı ilə yaradılanlar – yaradılış. 
***
Yaranan – həmişə diri qalır, gərəkli olur; yaradılan – köhnəlir, gərəksizləşir, diriliyini itirir. 
***
Köhnəlmiş, gərəkliyini, diriliyini itirmiş göy, yer, dəniz, bulud, günəş... – yaranış yoxdur. Ona görə ki, özündən yaranır, hər an yenilənir, diri qalır. 
***
Köhnəlməyən, gərəkliyini, diriliyini itirməyən ev, kitab, maşın, qurğu, yol, əşya... – yaradılış yoxdur. Ona görə ki, insan idrakı ilə yaradılır, özünü yeniləyə bilmir, sıradan çıxır.
***
Təbiətdə gərəksiz yaranma yoxdur, toplumda gərəksiz yaradılma çoxdur. 
***
İnsan – yaradılış deyil, yaranışdır. Ona görə yarada bilir, yaratdığını yeniləyir. 
***
Dünyada yenilənmə gərəkliyi, qaçılmazlığı – yaranış tələbidir. 
***
Dünyada baş verən olaylar, yenilənmələr hansısa ilahi iradədən asılı deyil – olayların öz mahiyyətindən, mənasından asılıdır. 
***
Dünyada, təbiətdə məcburilik yoxdur: günəş məcburi çıxmır, yağış məcburi yağmır, çaylar məcburi axmır, otlar məcburi göyərmir... 
***
Məcburilik – yaranışa uyğun deyil, yaradılışa – uyğundur. 
***
Yaradılış – məcburidir, ona görə ki, başqasının (insanın) istəyindən, iradəsindən asılıdır. 
***
Təbiətdə olaylar məcburi baş vermir, bu baxımdan, təbiət hansısa məcburiliyi də qəbul etmir. 
***
İnsanın təbiətə düzəlişlər etməsi – təbiəti nəyəsə məcbur etməkdir. 
***
Yaranış – mütləq qanunauyğunluqdur, yaradılış – insan idrakına uyğunluq. 
***
Yaranış – doğaldır (təbiidir), yaradılış – qondarmadır (sünidir).
***
İnsan yaradıcılığının özülü, örnəyi – doğadır, diri çevrədir. 
***
Dünya insan üçün hər an inam qaynağı olaraq qalır. Ona görə ki, bir an belə köhnəlmir, gözdən düşmür, gözəlliyini, inandırıcılığını itirmir, hər an yenilənir, diri qalır. 
***
Dünya yenilənməsə – diriliyini itirər, tükənər. 
***
Keçmiş – ölən, başa çatan, yeniliyini itirmiş olaylardır. 
***
İnsan keçmişdə yaşamır, indidə – yenilənmənin, yaranmanın baş verdiyi anda yaşayır, ona görə diri qalır.
***
İnsan dünya içində öz insani dünyasını yaradır. 
***
Dünya məcburi yaradılsaydı – tükənərdi, dağılardı.
***
Dünya tükənmir, dağılmır – ona görə ki, özündən yaranır. 
***
Özündən yaranan – tükənmir, yenilənir, diri qalır.
***
Dünya – sonsuz, saysız olaylar birliyidir. 
***
Olaylar yenilənir, bu üzdən dünya diri qalır. 
***
Olayları yeniləyən – mahiyyətdir. 
***
Mahiyyət – olaylardan artıqdır, yüksəkdir, gerçəkliyə sığmazdır. 
***
Mahiyyət gerçəkliksiz yaşamır, ona görə ardıcıl gerçəkləşir. 
***
Gerçəkliyin yenilənməsiylə Mahiyyət də yenilənir. 
***
Yenilənmə – hər an yaranmadır, diri qalmadır, əbədi var olmadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar