Modern.az

Rəşid Behbudovun şəxsi fotoqrafı: “Ondan bir qəpik də qonorar almamışam” - MÜSAHİBƏ

Rəşid Behbudovun şəxsi fotoqrafı: “Ondan bir qəpik də qonorar almamışam” - MÜSAHİBƏ

Müsahibə

18 May 2013, 14:30

“Rəşid deyirdi ki, 80 yaşında səhnəyə əsa ilə çıxacaq...”

"Ölümünə yaxın çox kövrək olmuşdu"


İnsanlar sözlərlə, jestlərlə, mimikalarla danışır, Azərbaycanın tanınmış fotoqrafı  Mir Ələkbər Ağasiyev isə fotoların dili ilə. Onun çəkdiyi fotoların əksəriyyətini görmüşük. Kitablarda, açıqcalarda, bayram təqvimlərində… 


ARAYIŞ:
Ələkbər Ağasiyev Milli İncəsənət Muzeyi fotolaboratoriyasının müdiridir. 1976-cı ildən SSRİ Jurnalistlər Birliyinin, 1991-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Humay 2008” milli mükafatının qalibi olan Ə.Ağasiyev bu mükafatı Azərbaycanın görkəmli ziyalıları və sənətkarlarının silsilə fotoportretlərini yartdığına görə alıb. 2010-cu ildə Milli Mətbuatın 135 illiyi münasıbətilə keçirilən tədbirdə Azərbaycan Jurnalistləri Birliyi tərəfindən “Həsən Bəy Zərdabi ”mükafatını alıb.


2001-ci ildə Ələkbər Ağasiyevin yaratdığı Səttar Bəhlulzadənin portreti Londonda ilk beynəlxalq foto müsabiqəsinin “Qran-Pri” mükafatını alıb. Yarışmada 9 ölkədən 127 iştirakçı olub.
Azərbaycanın avtoportret ustası kimi tanınmaqla yanaşı, Ələkbər Ağasiyev eyni zamanda mənzərə şəkilləri ustası kimi də məşhurdur. Onun işləri müxtəlif kataloqları, fotoalbomları, fotokitabları, poçt markalarını bəzəyir. Bütün bunlarla yanaşı, Ələkbər Ağasiyev pedaqoq kimi də çalışır. O, Bakı Slavyan Universitetində tələbələrə fotonun sirlərini öyrədir. 46 illik fotoqraflıq fəaliyyəti ərzində öncə SSRİ-ni, daha sonra isə müstəqil Azərbaycanı Şərqdən-Qərbəcən təmsil edib.

Ələkbər müəllim düz 22 il dünya şöhrətli sənətkar Rəşid Behbudovun yeganə fotoqrafı və yaxın dostu olub.


Modern.az
saytı tanınmış fotoqrafla müsahibəni təqdim edir.


- Sizdə foto işinə bu məhəbbət haradan yaranıb?


- Mən 10 yaşımdan şəkil çəkirəm. Uşaq vaxtı valideynlərim mənə o dövr üçün ən mükəmməl fotoaparat hesab olunan “Zorki-5” hədiyyə eləmişdilər. Elə təxmini o vaxtlarda da pionerlər evinin foto dərnəyinə gedib-gəlməyə başladım. Çəkdiyim ilk foto ağ-qara fonda “Nizami” kinoteatrının şəkli olub. Həmin fotonu o zaman “Bakı” qəzetində çap etdilər. Qısa bir müddət sonra mənim çəkdiyim ilk rəngli şəkillər  “Azərbaycan” jurnalının səhifələrini bəzədi. Elə ondan sonra da davamı gəldi. Orta məktəbi bitirdikdən sonra Ümümittifaq Kinematoqorafiya İnstitutunun operatorluq fakültəsinə qəbul oldum. Daha sonralar isə “İşıq ” qəzetinin redaksiyasında və Azərbaycan Jurnalistlər Birliyində fotolaboratoriyanın müdürü oldum.


- İlk mükafatınız xatirinizdədir?


- İlk medalımı Moskvada keçirilən “Gənc Fotoqrafların Beynəlxalq Müsabiqəsi” yarışmasında almışdım. Onda cəmi 15 yaşım vardı. Bu mükafatdan sonra həvəsləndim və şəkillərimi müxtəlif foto yarışlarına göndərdim. Demək olar ki, hamısında müxtəlif medallarla, mükafatlarla təltif olunurdum. Mənim evdə üç qutu medalım var.


-  Ölkədə sərgiləriniz keçirilibmi?


- Mənim Bakıda üç dəfə sərgim açılıb. 1985-ci ildə açılmış ilk sərgim İspaniyaya həsr olunmuşdu. 1987-ci ildə açılmış ikinci sərgim isə Almaniya Federativ Respublikasına həsr olunmuşdu. Sonuncu sərgim isə 1997-ci ildə keçirilib.


- Foto çəkmək indi asanlaşıb. İndi hər adam fotoaparata malikdir. Hətta bir-iki şəkil çəkib, özlərini peşəkar fotoqraf elan edənlər də var. Bu barədə nə düşünürsünüz?

- Rəsm sənəti ilə məşqul olanlara pis münasibət göstərmək olmaz. Amma burda mühüm detal var: bu şəkilləri dərc edən mətbuat orqanlarının fotoqraflara qarşı tələbləri daha ciddi olmalıdır. Belə tələbkarlıq məsuliyyət hissi yaradır. Mənə inanın, insan özünü nə qədər sərt mühakimə etsə, o qədər də yüksək nəticə əldə edəcək.

- Ələkbər müəllim, siz çox məşhur insanların şəkillərini çəmisiniz. Bildiyimizə görə, çəkdiyiniz şəkillərdən ibarət möhtəşəm albomlarınız var. Bu haqda nə danışa bilərsiniz?



- Mənə nəinki Azərbaycanda, hətta şöhrəti ölkəni aşan bir çox incənət xadimi ilə işləmək xoşbəxtliyi nəsib olub. Bunlar mərhum Rəşid Behbudov, Niyazi, Mikayıl Abdullayev, Çingiz Abdullayev, Həsənağa Turabov, Anar və bir çox insanlardır. Rəşid Behbudovla münasibətimdən çox gözəl xatirələrim qalıb. Mən onun 22 il şəxsi fotoqrafı olmuşam. Məndən başqa heç kimi yaxına  buraxmırdı. Rəşid Behbudovu məndən savayı heç kəs çəkməyib.


- Bəs sizin Rəşid Behbudovla ilk görüşünüz necə olub?


- 1967-ci ildə dekabr ayının son günləri idi. Opera və Balet Teatrının qarşısından keçirdim. Gördüm Rəşidin afişaları vurulur. Bilet də yoxdur. Teatrın işçiləri məni tanıdığına görə içəri keçə bildim. O vaxtlar sintezator yox idi. Xalq çalğı alətlərinin vəhdəti və Rəşid Behbudovun sözlə ifadə olunmaz ifası məni ovsunladı. Uşaqlıqdan bəri sevdiyim, filmləri ilə böyüdüyün insanı, birdən-birə qarşımda canlı görmək... Konsertdən sonra mən də onu görmək üçün növbəyə durdum. Mənə sıra çatanda Rəşid Behbudov soruşdu: “Nə istəyirsən, bala?”. Konsertin proqramının arxasını imzalayıb mənə verdi. Elə o gündən sonra arada böyük yaş fərqinə baxmayaraq, onun vəfatına qədər biz əməkdaş və çox yaxın dost olmuşuq.
Onu da qeyd edim ki, bu 22 il ərzində mən Rəşid Behbudovdan bir dəfə də olsun qonorar almamışam. Heyranı olduğum üçün təmənnasız işləyirdim. Bunu teatda da hamı bilirdi. İndi də deyirəm: halal xoşu olsun...


- Bəs Rəşid Behbudovu necə bir insan kimi xatırlayırsınız? Bir az bizə onun xarakterindən danışa bilərsiniz?


- Həyatda çox ciddi adam idi. Çox az gülüb-danışardı. Həddən artıq tələbkar adam idi. Mən çox tanınmış insanlarla işləmişəm. Çoxları ətrafdakılara qarşı tələbkar olur, amma özlərinə qarşı yox. Rəşid Məcidoviç isə əksinə, özünə qarşı daha tələbkar idi. Bir dəfə səhər çəkiliş olası idi. Gəldi mənə dedi ki, “Ələkbər, səhər üzümü 3 dəfə soyuq-isti su ilə yumuşam ki, yorğun görsənməsin”. Bax o işinə bu cür yanaşırdı. Çox koloritli danışığı var idi. Qazax, Gəncə, Qarabağ ləhcələrinin qarışığında danşırdı. Aradada təmiz rusca sözlər işlədirdi.


- Rəşid müəllim özü foto çəkmək həvəskarı idi?


- Mənzilindəki otaqlardan birini fotolaboratoriya eləmişdi. Çox peşəkar bir fotoaparatı vardı. O illərdə elə aparat hər adamda yox idi. Bəzən mənə verib deyirdi ki, “konsertləri bununla çək”. Rənglərin və işiğın kompozisiyasını əla bilirdi. Özü də şəkil çəkməyi sevirdi.


- Dediniz aranızda yaş fəqrinə baxmayaraq, yaxın dost olmusunuz. Ailədə necə idi?


- Onların evlərində çox olmuşam. Yoldaşı Ceyran xanımın da, qızı Rəşidə xanımın da mənə münasibətləri yaxşı idi. Rəşid müəllim çox ailəcanlı insan idi. Onların çox maraqlı sevgi tarixçəsi olub. Rəşid Behbudov gec evlənib, amma öz yarını tapıb. Çox gözəl cütlük idilər, bir-birilərinə yaraşırdılar. Rəsid müəllim ölən gününə kimi yaraşığını saxlamışdı. Qəribə bir aurası vardı. Elə bil işıq saçırdı.
1985-ci ildə Qərbi Almaniyada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Rəşid Behbudov böyük nümayəndə heyətilə getmişdi. Mənə maraqlı idi: almanlar onu necə qarşılayacaqlar? O, hamıdan axırda əlində dəf, başında tacir Əsgərin papağı çıxdı səhnəyə, Tofiq Quliyevin “Neftçilər” mahnısını 3 dildə oxudu. İnanın, hamıdan çox alqışlayan almanlar oldu.
Rəşid Behbudovun vəfatı mənə çox pis təsir elədi. Çox üzdü məni. Həyatımın müəyyən mərhələlərində 4 şəxsiyyət - Rəşid Behbudov, Mikayıl Abdullayev, Nəbi Xəzri və tanınmış jurnalist Hacı Hacıyev mənəvi istinad dayaqlarım olub. Dəfnində fəxri qarovulda mən də dayanmışdım. Amma heç cür inanmırdım ki, Rəşid Behbudov artıq yoxdur.


- Son günlərini necə xatırlayırsınız?
 

- Ölümündən iki-üç ay əvvəl teatrda oturmuşdu. Məşq edirdi. Mən girdim içəri.. Gördüm məşq gedir, mane olmamaq üçün çölə çıxmaq istədim. Çağırdı məni.

Yanında oturdum. Repertuara görə sonda “Sənədə qalmaz” mahnısını oxuyası idi. Oturduğu yerdən mahnını elə yanğılı bir ovqatla canlı ifa etdi ki… İnanın lentə alınan mahnılarının heç birini bu cür oxumamışdı. Elə eşitdiyim son mahnısı o oldu. Ölümünə yaxın çox kövrək olmuşdu. Bir dəfə yazı masasının üzərindən ata-anasının şəklini götürüb dedi “bax eey, gör kimlərdənəm!”. Atası dövrünün məşhur xanəndsəsi, anası Firuzə xanım ziyalı qadın olub.


- Qocalığını səhnədə necə təsəvvür edirdi?


- Hərdən qocalmaq barəsində söhbət düşəndə deyərdi ki, “mən 80 yaşıma çatanda üzümə bığ-saqqal qoyacam, əlimə də əsa alıb çıxacam səhnəyə. Hamı deyəcək ki, “nə oldu ə, bu Rəşidə? Nə tez qocaldı?”. Bax onda əlimdəki əsanı atıb, üzümdəki bığ-saqqalı çıxarıb tullayacam, başlayacam oxumağa”.
Heç unuda bilmirəm. Bir dəfə konsert zamanı teatrın qadın qapıçısı öz işini buraxıb Rəşid bəyə qulaq asırdı. Birdən özündən asılı olmadan qəfildən “ikinci Behbudov olmayacaq, ay camaat” deyə ağzınacan dolu olan zala qışqırdı. İllər keçib, amma qapıçı qadının qışqıraraq dediyi bu söz hələ də yadımdan çıxmır...

Günəş FƏRHADLI


Fotoqraf Ələkbər Ağasıyevin  Modern.az-a təqdim etdiyi digər şəkillər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?