Modern.az

Unutmaq hikməti

Unutmaq hikməti

18 May 2013, 13:49

[email protected]

“Düşüncələr” silsiləsindən

YAŞAMAQ İSTƏYİRSƏNSƏ UNUTMAĞI BACARMALISAN! Sənə əzab verən xatirələri, həyatını cəhənnəmə döndərən adamları, qəlbindən daş kimi asılıb ürəyini əzən faktları... qətiyyətlə silib atmalısan. Özü də həmişəlik. Unutmalısan yaddaşını didən, beyninə rahatlıq verməyən, vücudunu əsir alan ağrılı-acılı günləri, hadisələri. Unutmalısan içində qovğa edib, səni için-için üzən “niyə? nə üçün? nə səbəbə?” suallarını. Rahat yaşamına, xoşbəxtlik hissiyyatına qənim kəsilən nə varsa, hamısından uzaqlaşmalısan. Bunu ancaq SƏN bacararsan. Ancaq ÖZÜN. Kimsədən kömək umma və gözləmə! Bu, SƏNİN ARENANDIR.

Mənfi enerjili yükdən qurtula bilməsən çətin olacaq sənin üçün, çox çətin. Vaxtında dəf etməlisən qəlbini qüssəyə bürüyən təəssüratları, səni yandırıb yox edən həsrətləri. Bilməlisən ki, SƏNDƏN ALIB DA ƏVƏZİNDƏ HEÇ NƏ VERMƏYƏN SİTUASİYALAR HƏYAT DEYİL, QARƏTDİR. (Valideyninin dar günündə  ona dayaq olmayan övladın, sevgisinin oduna qızındığı tərəfdaşını saymayan insanın, kollektiv başçısının xeyirxahlığından sui-istifadə edib də vəzifəsini yerinə yetirməyən işçinin, dostun-yoldaşın səxavətindən bəhrələnib yeri gələndə bir udum suyu qıymayanın,.. münasibəti qarətdir.) Hisslərin qarəti, sənə bircə dəfə verilmiş ömrün qarətidir. Hərəkət et, ağlını işə sal, özünü belə qarətə məruz qoyma. Heç kəs bu dünyaya öz sifarişi ilə gəlmir. İnsanın doğuluşu və ölümü ondan asılı olmayaraq tənzimlənir. Lakin yaşamını tənzimləmək hər bir şüurlu məxluqun öz əlindədir.

İnsan beyni hikmətli bir xüsusiyyətə malikdir: yadda saxlamağı bacardığı kimi, unutmağı da bacarır. Artıq yükdən xilas olan beyin lazımsız informasiyanı izi-tozu qalmadan itirmir, sadəcə onu fəal qatdan passiv qata ötürür. Bəzən elə gizlədir ki, ömrünün sonuna qədər o məsələ insanın yadına düşmür. Bəzən də qəfildən peyda olur, keçmişin ştrixləri qismində özünü xatırladır. Ağrılı-acılı, arzuolunmaz informasiyanı unutmaqda beyninə kömək et! Kömək et ki yaşaya biləsən, həyat eşqini itirməyəsən, ətrafındakı gözəllikləri duya biləsən.

Əzizinin itkisini, sevdiyinin laqeydliyini, işindəki uğursuzluqları, dost bildiyinin xəyanətini, qohum-əqrəbanın etibarsızlığını, yoldaşlarının dönüklüyünü, övladlarının sayğısızlığını, xırda inciklikləri, idarə başçısının ədalətsizliyini, qonşunun pisliyini, avtobusda toqquşduğun sərnişinin kobudluğunu, bir sözlə, Tanrının və Bəndələrin sənin rakursundan haqsız görünən əməllərini unuda bilməsən, sənə çətin olacaq. UNUT!!!

oktyabr 2009

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub