Modern.az

Nəriman Əbdülrəhmanlı: “Başqa yerdən dolanacağım olsa, bu işlə aradabir məşğul olardım” - MÜSAHİBƏ

Nəriman Əbdülrəhmanlı: “Başqa yerdən dolanacağım olsa, bu işlə aradabir məşğul olardım” - MÜSAHİBƏ

18 May 2013, 14:57

“Ədəbiyyat ədəbi qurumlarda yox, qələm adamının intim, qapalı aləmində, ancaq özünə məxsus olan yazı masasının üstündə yaranır”


Modern.az
saytı öz müsahibələrində elm, mədəniyyət və ədəbiyyat problemlərinə toxunur. Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı ilə müsahibədə də oxucu, ədəbiyyat və tərcümə məsələlərindən danışıldı.  

 - Ədəbiyyat insanı fərdiyyətdən şəxsiyyətə yüksəldə bilərmi? Ümumiyyətlə, onun belə bir funksiyası varmı? Ədəbiyyatı sosial problemləri həll etmə vasitələrindən biri kimi saymaq olarmı?

- Mənə görə, ədəbiyyat nə tərbiyəçidi, nə də məsələ qaldırıb problem həll eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğuları, görüşlərini SÖZlə ifadə eyləmək sənətidi. Əsl ədəbiyyat, əslində, gözəl avantüradı, insanı həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq, havalandırmaq cəhdidi. Əlbəttə, ədəbi əsərlərin insanın zənginləşməsinə təsirini də inkar eləmək olmaz. Orxan Pamukun romanlarından biri təxminən belə başlayır: “Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Danmaq olmaz ki, insanın həyatını dəyişdirən əsərlər də var. Xüsusilə elektron rabitə vasitələri olmayan, kitabın daha çox oxunduğu vaxtlarda belə təsirlər hiss edilən idi.

- Yazıçı öz pəncərəsindən ətrafa boylananda ətrafı bəzən niyə bir rəngli, bəzənsə çox rəngli görür? Siz öz pəncərənizdən bugünkü cəmiyyətimizə boylananda hansı rəng(lər)i müşahidə edirsiniz?

- Mənə görə cəmiyyət elə çoxsəsli, çoxrəngli, çoxqatlı orqanizmdi, hər baxan qələm adamı da həmin orqanizmdə öz səsini, öz rəngini, öz qatını axtarır. Rənglərin, eləcə də səslərin arasındakı fərq yazıçının həmin məqamdakı ovqatı, ruhi vəziyyətilə bağlıdı. Yenə Orxan Pamuka müraciət eləyim. Onun yeganə bir hekayəsi var, “Pəncərədən baxmaq” adlanır. Radio, televiziya olmayanda adamlar həyata pəncərədən baxırdılar, onda həyat tamam başqa rəngdə görünürdü. İndi həyata daha çox monitordan baxırlar. Həyatısa insan gözündən başqa aradakı bütün vasitələr deformasiyaya uğradır. Təbii ki, mənim də həyatda axtardığım səsim, rəngim, duyğu qatım, ən azı, bugünümüzlə bağlı hekayə və povestlərimdə, “Yalqız” və “Yolsuz” romanlarımda oxucuya məlum olur.

- Bu gün bizim modern ədəbiyyat nümayəndələri kimdir - ədəbiyyatı sevən insanlar, ədəbiyyatdan o qədər də xəbəri olmayanlar, nəyinsə xatirinə ədəbiyyata gələn insanlar..?

- Sözün düzü, mən özünü modernist ya postmodernist adlandıran qələm sahiblərinə başqa cür baxıram. Məndən ötrü gözəl bədii mətn yazmaqdan başqa heç bir cərəyan - filan mövcud deyil. Normal cümlə qura bilməyən, hisslərini bədii səviyyədə ifadə eləməyi bacarmayan adamın özünü nəsə adlandırması ancaq təəssüf doğurur. Bu yaxınlarda özünü postmodernist sayan, üstəlik, səs-küylü mükafat-filan da almış bir gənc yazarın son kitabı əlimə keçdi, bircə abzasını oxudum, ona da, hamilərinin köməyilə at oynatdığı ədəbiyyata da yazığım gəldi. Ona görə ədəbiyyatı sevmək də,  bilməmək də, iddia ortaya qoymaq da olar, amma somn məqamda hər şeyi ƏLAHƏZRƏT MƏTN göstərir.

- Dünya ədəbiyyatından çoxsaylı tərcümələr etmisiniz. Tərcümə etdiyiniz əsərlərdə özünüzü - Nəriman Əbdülrəhmanlını bir xarakter kimi axtarmısızmı?

- Sifariş olunan əsərləri nəzərə almasaq, öz istəyimcə o əsərləri çevirməyə çalışmışam ki, ruhən mənə yaxındılar, həmin əsərlərin altına da məmnuniyyətlə öz imzamı qoyardım. Hətta elə məqamlar olub ki, tərcümə məqamında oxuyanda öz yazdıqlarımla həmin əsərlər arasınıda hissi paralellərlə ratlaşmışam. Təbii ki, hər bir yazıçının əsərində, illah da nəsrdə müəllifin özündən çox şeylər olur, mənim də hansısa əsərdə öz portret cizgilərimə, duyumuma, yazı üslubuma rast gəldiyim məqamlar yetərincədi... Ədəbiyyat elə buna görə cəlbedicidi.

- Gənc yazarların tərcümələrinə münasibətiniz necədir?

- Tərcümə çox əzablı və naşükür işdi. Mənim başqa yerdən dolanacağım olsa, bu işlə yalnız aradabir məşğul olardım, həm də ancaq o əsərləri çevirərdim ki, ədəbi kriteriyalarıma tam cavab versin. Axır vaxtlar yaşanan “tərcümə bumu” şübhəsiz, gələcəkdə bəzi peşəkarların ortaya çıxmasına səbəb olacaq, amma mənə elə gəlir, hər bir qələm sahibi tərcüməyə üz tutmazdan əvvəl öz qələmini püxtələşdirməlidi. Tanış olduğum kitabların tərcüməçiləri arasında istedadlı cavanlar da var, amma mənə elə gəlir, nəsrlə də, nəsr tərcüməsilə də 40 yaşından, həyatı və ədəbiyyatı kifayət qədər əxz eləyəndən sonra məşğul olmaq lazımdı.

- Rast gəldiyiniz uğursuz tərcümələrdən bir-iki nümunə göstərə bilərsinizmi?

- Onlarla misal çəkərdim, amma ekspert qismində çıxış eləmək istəmirəm, bu ədəbiyyatşünasların, tənqidçilərin, tərcüməşünasların işidi. Həm də təcüməçilərin qələm haqqını heç olmasa, postsovet ölkələrində mövcud olan səviyyəyə qaldırıb ondan sonra səviyyəli tərcümə tələb eləmək lazımdı. Uğursuz tərcümələrin günahı o tərcümələri eləyənlərdən çox bizim tərcümə təsərrüfatımızın dağınıq, baxımsız və yiyəsiz olmasındadı. Heç kəsə deyə bilməzsən ki, tərcümə eləmə, amma heç olmasa, tərcümə krtiteriyalarını nizama salan bir qurum lazımdı ki, çəkilən zəhmət səviyyəli və faydalı işə çevrilsin. Xüsusilə də türk ədəbiyyatından çevirmə bu gün xoşagəlməz vəziyyətdədi, elə bil, bəzi əsərləri Anadolu və Azərbaycan türkcəsində yox, üçüncü, hibrid bir türkcədə oxuyursan.   

- Tərcümələrinizdən hansının daha çox oxunmasını gənclərə məsləhət görürsünüz? 

- Sifarişlə tərcümə elədiklərim öz yerində, elə əsərlər də var ki, dilimizə çevirmək istəyimə qarşı çıxa bilməmişəm. Belə əsərlər, məsələn, gürcü nasirləri Qoderzi Çoxeli və Otar Çiladzenin əsərləridi, Orxan Pamukun “Qara kitab” və “Mənim adım Qırmızı”, İsgəndər Palanın “Şah və Sultan”, “Od”, Elif Şafakın “Eşq” romanlarıdı, Andrey Platonovun povest və hekayələridi, Xorxe Luis Borxes, Migel Anxel Asturias, Tomas Bernhard və Tomas Vulfun nəsridi...

- Hazırda rəsmi dövlət qurumu olan Azərbaycan Yazıçılar Birliyi və müstəqil Azad Yazarlar Ocağı var, bu iki qurumdan hansının fəaliyyəti sizi qane edir?

- Mən hansısa ədəbi quruma bağlı adam deyiləm. Baxmayaraq ki, on beş ildi AYB-nin üzvü, yeddi ildi AYB İdarə Heyətinin üzvüyəm. Amma son yeddi ildə nə bir dəfə rəsmən hansısa tədbirə dəvət olunmuşam, nə də bir umacağım olub. Heç AYB-nin mətbu orqanlarında da çap olunmuram. Ona görə də AYB-nin işinə heç bir qiymət vermək istəmirəm, İH-nin qərarlarına görə də heç bir məsuliyyət daşımıram. AYB-nin fəaliyyətinə onun orqanlarında işləyənlər cavabdehdirlər, necə məsləhət bilirlər, necə bacarırlarsa, elə də fəaliyyət göstərirlər. Eləcə də AYO-ya münasibətdə tam neytral mövqedəyəm. Məndən ötrü hər hansı qurum yox, ədəbiyyat havası olan əsərlər daha maraqlıdı. Ədəbiyyat ədəbi qurumlarda yox, qələm adamının intim, qapalı aləmində, ancaq özünə məxsus olan yazı masasının üstündə yaranır.

- İndi nə üzərində işləyirsiniz?

- “Könül elçisi” romanından sonra yenə tarixə üz tutdum, Azərbaycan tarixinin çox maraqlı və fırtınlı, həm də ziddiyyətli dövrü olan XVIII yüzilin birinci yarısında baş verən hadisələr diqqətimi çəkdi. “Yoçu” romanını artıq bitirmişəm, redaktəsilə məşğulam. Eyni zamanda da “Qanun” nəşriyyatının sifarişilə Elif Şafakın daha bir əsərini – “Qara süd” romanını çevirirəm.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub