Modern.az

Rəsul Quliyev: “Həyat yoldaşımla gəlib Azərbaycanda yaşamaq istəyirik” - MÜSAHİBƏ

Rəsul Quliyev: “Həyat yoldaşımla gəlib Azərbaycanda yaşamaq istəyirik” - MÜSAHİBƏ

20 May 2013, 11:35

“Birinci sinifə gedəndə dəhşətli isti olmasına baxmayaraq, anamın yundan toxuduğu rəngli corabı geymişdim” 


Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, uzun illərdir Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevin Modern.az saytına müsahibəsini təqdim edirik:

- Rəsul bəy, uzun illərdir Azərbaycandan xeyli uzaqda, Amerikada mühacirətdəsiniz. Vətən üçün heç darıxırsınızmı? Doğulub boya-başa çatdığınız yerləri necə xatırlayırsınız?

- Həyatda vətənlə əlaqədar əsasən iki formalaşmış xarakter vardır. Birinicisi, harada yaşamasının insan üçün fərqi yoxdur, ona yaxşı olan ölkədə yaşamağa üstünlük verir. İkincisi, normal, dolğun həyat yaşamasına baxmayaraq, insan vətənini unutmur və onu həmişə xatırlayır. Yaş artdıqca bu hisslər hər ikisi bir qədər formasını dəyişir. Birincilər az qala vətəninin hara olduğunu yaddan çıxardır. İkincilər isə əksinə, daha çox onu vətəninə bağlayan hadisələri daim xatırlayır. Ancaq bu demək deyil ki, pessimizmə qapılır, depressiyaya düşür. Bu da təbii ki, yaşadığın həyatın mənalı və gərgin olmasından aslıdır. Mən ikincilərə aidəm. Məsələ ondadır ki, yaş artdıqca əgər yaddaşında bir problem yoxdursa, daha tez-tez keçmiş həyatını xatırlayırsan.

- Keçmişinizlə bağlı daha çox nəyi xatırlayırsınız? Unutmadığınız, gözünüzün önündən getməyən hadisələr varmı?

- Qəribəsi odur ki, məsələn, birinci sinifə getməyimdən orta məktəbi qurtarana qədər baş verən hadisələr daha çox yaddaşımda ilişib qalıb, nəinki məsələn, son 30 ildə baş verənlər. 1954-cü ildə birinci sinifə gedəndə çox dəhşət kasıbçılıq idi. Ayaqqabı, corab kimi şeyləri çox az ailənin uşaqları geyinə bilirdi. Mənim üçün bir çarıq tikmişdilər. Anam da yundan rəngli corab toxumuşdu. Təsəvvür edirsiniz, sentyabrın 1-də güllü yun corabla göydən od yağan Naxçıvanın kəndində dərsə getmək necə gülünc görünürdü. O vaxtdan hadisələrin hamısını xatırlayıram və darıxmaqdan çox, bunlar məndə gülüş doğurur.

Vətənlə bağlı mənim çox gərgin əmək fəaliyyətim olub. 1967-ci ildə 'Müstəqil Azərbaycan' Partiyası yaratmaq cəhdinə görə DTK bizi qısa müddətə həbs edib, sonra buraxıb, komsomolun siyasi səhvlərinə görə, şiddətli tömət verilib.

Sonra zavodda fəaliyyətə başlayandan gündə 12-14 saat işləmişəm. 28 yaşımda artıq baş mühəndisin müavini, 32 yaşında baş mühəndis və 33 yaşında 4000 adamın çalışdığı zavodun direktoru olmuşam. O dövrdə müdafiə əhəmiyyətli, yüksək partlayış və yanğın təhlükəli bu tip zavodların direktorları arasında ən gənci hesab edilirdim. İşlədiyim dövrdə insanların çətin yaşayış şəraitlərini yüngülləşdirmək üçün çalışmışam. Ən azı 2-3 ilə bizim zavodda əmək haqqı Sovet İttifaqında ən yüksək səviyəyə çatdırılmışdı. Zavodun fəhlələrinin maaşı istənilən elmlər doktorundan yuxarı idi. Mən özümsə ixtiralarımla birlikdə Azərbaycanda ən yüksək maaşı olan MK birinci katibindən azı 4 dəfə çox maaş alırdım.

- Gənclik illərini Naxçıvanda keçirən Rəsul Quliyev artıq 17 ildir Amerikada yaşayır. Özünüzdə nə kimi dəyişikliklər hiss edirsiniz?

- Yenə qeyd edim ki, bir çox yerlərdə yüksək postlarda çalışmışam. Hətta Baş nazirin müavini və parlamentin sədri işləyəndə belə, formalaşmış xarakterim dəyişmədi. Ümumiyyətlə, düşünürəm ki, insanın xarakteri maksimum 30 yaşına qədər formalaşır, o yalandır ki, filankəs birdən dəyişdi. Əlbəttə belə gərgin həyat izoliyasiyada keçə bilməz.

- İndi Azərbaycanda dostlarınız varmı? Bir vaxtlar sizinlə yaxın olan insanlarla, yaxınlarınızla, keçmiş dostlarınızla əlaqələr saxlayırsınız?

- Azərbaycanın hər yerində, xüsusilə Bakıda kifayət qədər dostlarım və yaxın tanışlarım var. Bəlkə də Azərbaycanda mənim qədər bir çoxları ilə ünsiyyətdə olan ikinci adam tapmaq olmaz. Nəzərə alsaq ki, mənim yaxın tanışlarımın ranqı məni heç vaxt maraqlandırmayıb, onların içərisində fəhlə və aşpazdan tutmuş,  prezidenlərə qədər müxtəlif, bir-birlərini qəbul etməyən təbəqələrə rast gəlmək olar.

Onların bəziləri cəsarət edib mənimlə əlaqə saxlayır, ancaq əksəriyyəti ürəklərindən qara qanlar axsa da, emosional vəziyyətdə ağlasa da, mənimlə əlaqə saxlamırlar.

- Həmin dostlarınızı qınayırsınız?

- Mən onları qınamıram. Qorxu insan üçün labüd olan keyfiyyətdir. Qorxmağı etiraf etmək qəbahət deyil. Amma “uşaqlarıma görə qorxuram” deməklə əsaslandırmaq qəbahətdir.

Dünyanın dahi alimlərinin ixtiralarına görə, dünya büsbütün dəyişib. Məsələn, bu günkü səviyyəni hətta yaxın 1990-cı illə belə, müqayisə edə bilməzsən. Ancaq insanların daxilində baş verənlər inqilabı dəyişikliyə uğramayıb. Məsələn oğlanla qız arasında məhəbbət hissi min il ərzində heç bir faiz də olsa, dəyişməyib. Və ya qorxu hissi. Bir milyon ildən çox formalaşan insanın genlərinin qismən dəyişməsi üçün əlavə bir milyon il də lazımdır. Öz uşaqlarına münasibətdə beş min il bundan öncə ilə indinin arasında nə fərq var ki?

- Azərbaycana gəlməyi, həmişəlik burada yaşamağı çox istəyirsiniz?

- Əlbəttə, mən həyat yoldaşımla gəlib həmişəlik Azərbaycanda yaşamaq istərdim. Övladlarım və nəvələrim barədə isə bir söz deyə bilmərəm. Çünki qərarı mən yox, özləri qəbul edə bilərlər.

- Əgər sirr deyilsə, övladlarınızla da bağlı bizə yeni məlumat verərdiniz. Övladlarınız haradadırlar, nə işlə məşğul olurlar?

- Onlar da yaxşıdırlar. Ailələri, uşaqları ilə yaşayırlar. Nəvələrimin hamısı Amerikada doğulublar və təhsillərini də burada alırlar. Sözsüz ki, Amerikada həyat tərzi Azərbaycandan köklü şəkildə fərqlənir. Birincisi. onlar üçün yalan demək ən böyük qəbahətdir. İkincisi, onlarda müstəqillik hissi o qədər güclü formalaşır ki, 90 faizi 14-15 yaşından haralardasa bəzi işlərdə çalışıb, pul qazanmaq və valideynlərindən asılı olmaq istəmirlər, üçüncüsü, 18 yaşında instituta daxil olandan sonra heç biri valideynləri ilə yaşamır, bankdan borc götürüb təhsillərini davam etdirirlər. ABŞ gənclərinin 90 faizi belə bir yol keçir və özlərinin əqli və fiziki imkanlarını maddiləşdirməkdə bərabər hüquqludurlar. Ona görə də ABŞ elitasının 80 faizinə yaxını valideynləri varlı olmayanlardan formalaşır.

Belə bir ziddiyətli həyat tərzini onlar qəbul edəcəklər ya yox, mən deyə bilmərəm. Əlbəttə, nəvələrin hamısı bilir ki, onların vətəni Azərbaycandır. Burada təhsili ingilis dilində alsalar da, azərbaycanca da danışa bilirlər.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı