Modern.az

Mənim uşaqlıq şəklim

Mənim uşaqlıq şəklim

21 May 2013, 11:02

Ələmdar Cabbarlı

Universiteti bitirən il tələbələrin dövlət imtahanı, diplom işi kimi qayğıları ilə yanaşı,  vinetka çəkdirmək kimi azarı da olur. Və bu azarı öldürmək üçün tələbələr studiyalara gedir, fotosessiyaslar çəkdirir, bir-biri haqqında sözlər yazırlar və s. və.i. Biz universiteti bitirən il mən də əksər tələbələr kimi bu azarımı öldürmək istədim, amma az qala bu azar məni öldürəcəkdi. Bu istəyim mənim hələ də sağalmayan azarımı elə təzələdi, heç zaman qaysaq tutmayan yarama ilə bir divan tutdu ki, indi də o ağrının təsirindəyəm. Məsələ burasındadır ki, həmin tələbə vinetkasını bəzəyən şəkillərin sırasında hamımızın uşaqlıq şəkli də olmalıydı və mənim uşaqlığım kimi uşaqlıq şəkillərim də doğulduğum kənddə girov qalmışdı, şəhid olmuşdu, qanına qəltan edilmişdi.
Mən bu ümumi işi pozmamaq və tələbə yoldaşlarımın yanında üzü qara olmamaq üçün məndən heç seçilməyən bacım oğlunun şəklini həmin vinetkaya verdim.
Amma mən bununla yalnız tələbə yoldaşlarımı aldada bildim. Özümün, eləcə də doğulduğum o müqəddəs kəndin yanında üzüm hələ də qaradır. Və həmin gündən mənə elə gəlir ki, o kənddə mənim qoyub gəldiyim ən qiymətli sərvət nə atamın-babamın mülki deyil, nə o əzəmətli dağlar, şəfa mənbəyi olan bulaqlar, sarsılmaz qayalar və s. deyil, məhz mənim orada qalan uşaqlıq şəkillərimdir.
Bu, doğulduğum yurdun itkisindən də ağır bir itkidir, ona görə ki, biz heç şübhəsiz o yurdlara dönəcəyik, orada yarımçıq qalan həyatımızı, dağıdılmış evlərimizi bərpa edəcəyik, amma o dağılmış, yandırılmış evin qalıqları altından mənim uşaqlıq şəkillərimin heç külü də tapılmayacaq. Və heç külü də qalmayan bu şəkillərin odu məni bütün ömrüm boyu yandıracaq. Bu, ermənilərin mənim uşaqlığıma, gəncliyimə - bütün həyatıma vurduğu ən böyük zərbədir, sağalmaz yaradır. Uşaqlıq şəkillərimin heç külü də qalmayan kəndimdən təxminən 7350 günlük bir müddət ayırır məni.
Çox qəribədir ki, bu yara az da olsa sağalmır, bir gün də olsa qaysaq tutmur, hər gün təzələnir. Və yaşım artdıqca elə bil dərdim də artır, o qərib yurdlar məni özünə daha çox çəkir. İndi o yurdları əvvəlkindən daha tez-tez yuxuda görürəm və mənə elə gəlir ki, hər şeydən güclü olan sözün özü belə bu ağrını ifadə etmək gücündə deyil. Və mən nə qədər uzunçuluq eləsəm, böyük bir roman yazsam belə bu ağrını ifadə etmək gücündə olmayacam. Ona görə də yazımı uşaqlıq şəkillərimin heç külü də qalmayan kəndimi yuxuda görüb və oyanıb da dərhal, ürəyimin qanı ilə yazdığım şeirimlə bitirirəm.

Vətən həsrətiylə, yurd həsrətiylə,
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım od tutur, huşum göynəyir.

Qalmışam dünyanın dar qəfəsində
Gedib yetişəydim son nəfəsimdə.
Bahar həvəsində, yaz həvəsində
İçimdə köç salan qışım göynəyir.

Könlüm Kəlbəcərə köçüb yuxuda
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda –
Səhər dururam ki, dişim göynəyir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır