Modern.az

“Peşəkar siyasətdə şəxsi ambisiyalara yer yoxdur!!!” – MÜSAHİBƏ

“Peşəkar siyasətdə şəxsi ambisiyalara yer yoxdur!!!” – MÜSAHİBƏ

Parlament

21 May 2013, 18:09

"Özlərini ağsaqqal sayan adamlar nolar ki, gəlib özləri partiyanın qapısını döysünlər"

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a müsahibəsini təqdim edirik.

- Hadi müəllim artıq may ayı yekunlaşmaq üzrədir. Bildiyimiz kimi, Milli Məclisin yaz sessiyası may ayında başa çatsa da digər deputatlar kimi siz də növbədən kənar sessiyanın çağırılmasını təklif etdiniz. Bu nə ilə bağlıdır? Məgər istirahətə getmək istəmirdiniz?

- Təbii ki, parlamentin növbədənkənar sessiyasının çağırılması ilk dəfə deyil. Bundan öncə də biz bir neçə dəfə əlavə sessiya çağırmışıq. Yadımdadır Milli Məclisin yeni binasının tikintisi ərəfəsidə deputatlar əlavə vaxt istəmədilər. Amma qalan dövrlərin hamısında əlavə vaxt istənilib. Bunun da səbəbləri var. Səbəbin birincisi odur ki, əlimizdə olan işin həcmi o qədər çoxdur ki, buna bəzən görürsən vaxt çatmır. Lazım olur ki, bu işlər əlavə vaxtlarda müzakirə olunsun. İkincisi, bəzi layihələr may ayında hazır olur. Biz sessiya dövründə bu qanun layihələrini işləyirik, bir neçə dəfə müzakirə edirik. Bəzi məsələlər var ki, məsələn, hökumətin hesabatı. Obyektiv və subyektiv səbəblərdən biz həmişə sessiyanı uzadırıq.

Hesab edirəm ki, sessiyanı uzatmağın ümumi işlərə daha çox xeyri olur. Bu ənənə davam edir. Hələ iyun ayında havalar yaxşı olur. Uşaqların məzuniyyət vaxtı başlamayıb. İyunda deputatlar da əsasən Bakıda olurlar. İyul ayının əvvəlindən etibarən əsas istirahətin vaxtı başlayır. Odur ki, iyun ayında işləmək ənənəsi bizdə var. Və bu ənənə davam edir. Maraqlı və gərgin proqramlar olacaq.

- 18 ildən çoxdur ki, millət vəkilisiz. Deputatların, siyasətçilərin istirahətləri necə keçir? Bu, adi insanlardan nə ilə fərqlənir?

-Mən Sosial siyasət komitəsinin sədri kimi istər iş günləri olsun, istərsə də istirahət günlərində insanların içində oluram. Onların problemlərini dinləməyə çalışıram. Sosial məsələlərlə bağlı insanlar harada olmağımdan asılı olmayaraq, qonaqlıqda da, toyda da mənə yaxınlaşıb problemlərini bildirirlər, söhbət edirlər. Digər tərəfdən isə deputatlar öz regionuna gedirsə mütləq camaatla görüşür. Bütövlükdə siyasətçi siyasi fəaliyyətlə məşğul olmağa məhkumdur. Siyasətçi bütün hərəkətlərində, addımlarında, danışıqlarında belə siyasi fəaliyyətini davam etdirməldir. İstirahət siyasətçi üçün ikinci planda olmalıdır. İstirahət üçün ölkədən kənara çıxanda belə sənə bir xarici vətəndaş, ucaq yoldaşı jurnalist təsadüfən sual versə belə sən məcbursan onu cavablandırasan. Bu baxımdan biz siyasətçilər daha çox fəaliyyətə üstünlük veririk, nəinki istirahətə. Bu il isə siyasətçilərin daha gərgin çalışaçaqları illərdən biri olacaq. Əlbəttə bizim üçün qələbə ilə nəticələnəcək.

-Hadi müəllim artıq seçki ilidir. Prezident seçkilərinin keçirilməsinə cəmi bir neçə ay qalır. Siyasi proseslərin getdikcə gərginləşdiyi durumda təmsil etdiyiniz Yeni Azərbaycan Partiyasının üzvləri arasında da qalmaqalın şahidi olduq. Yəqin ki, söhbətin nədən getdiyindən xəbərdarsınız? Son günlər “91”lərlə YAP funksionerləri arasında söz davası başlayıb. Partiyanın aparıcı simalarında biri olaraq sizin buna münasibətiniz necədir? Seçki ilini siz necə görürsünüz?

- Bu il əvvəlki illərdən fərqli olaraq seçim ili olduğundan cəmiyyətdə siyasi mühit daha gərgin və fəal olacaq. Siyasi mübarizədə bütün qüvvələr döyüş vəziyyətinə gətirilir və kəskin polemikalar başlayır. “91”lər mövzusu da ortaya gələ bilir, tarix də yada düşür. Bir sözlə siyasi arqumentlər, dedi-qodular, şəxsi haqq-hesablar ortaya qoyulur, bütün məsələlər gündəmə gəlir. Burda heç bir yenilik yoxdur. Bütün demokratik cəmiyyətlərdə, söz azadlığı olan ölkələrdə belə olur. Maraqlıdır nə üçün bu vaxtadək bu adamlar danışmırdılar, bu mövzular müzakirə olunmurdu, məhs seçki ərəfəsində ortalığa atılır? Mən ümumiyyətlə ayrıseçkiliyin partiyada staja görə, yaş fərqinə, il fərqinə, bir partiya daxilində qruplaşmaların tərəfdarı deyiləm.

Hər kəsin öz yerini, qiymətini verməklə, biz hər birimiz partiyamızın bütövlüyü, qərarlarının icrası istiqamətində birləşməli, bir nöqtəyə vurmalıyıq.

Həyat və zaman hər birimizin kim olduğunu da, partiyamızın liderlərini də, sədaqətlilərini də, etibarlılarını da, ambisiyalılarını da, təmkinlilərini də, fədakarlarını da tənzimləyir, nizamlayır. 20 yaşında olan cavanlar 91-lərlə bir dövrdə yaşamayıblar, onlar kimi ölümlə üzbəüz qalmayıblar, o dövrdəki hadisələri görməyiblər. İndi həmin gənclər Yeni Azərbaycan Partiyasının üzvləridirlər, bəs biz onlara nə deyək? Onlar da fəaldırlar, yeni, fərqli dünya görüşə malikdirlər, amma YAP-a sədaqətlidirlər.  Mən partiyamızın baş xəttini, əsas mövqeyini dəstəkləyirəm. Bizim indi keçirilən konfranslarda qurultaya seçilən nümayəndələrin 30 faizi gənclərdir. Həmin insanlar o hadisələrdə iştirak etməyiblər. İndi biz onları yaxın buraxmayaq, onlara nə deyək? Deyək ki, bu söz-söhbətlərin bitməsi üçün gözləyək, heç kəsi yaxına qoymayaq, o vaxta qədər ki on, iyirmi ildən sonra bu adamlar 91-lər və digər yaşlılar dünyalarını dəyişsinlər, sonra yeniləri irəli çəkək.

Mən bir həqiqəti xüsusi vurğulamaq istəyirəm ki, tarixi saxtalaşdırmaq olmaz. Xüsusi xidmətləri olan layiqli 91-lərin heç biri nə ulu öndərimizin, nə də möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqətindən kənarda qalmayıblar. Düşünürəm ki, bu həmişə belə davam edəcəkdir. Sözün açığı əgər 70-80 yaşlı “91” indi fəal deyilsə, amma gənc nəsil ondan qat-qat fəaldırsa biz ona nə deyək? Məsələnin belə qoyulmasının mən tərəfdarı deyiləm.

- Məhz bəlkə elə ona görə də partiya funksionerləri tənqid atəşinə tutulurlar?

Biz hamımız Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında birləşmişik. Əli Əhmədov Heydər Əliyevin partiyada icra aparına rəhbər seçdiyi ən uğurlu kadrdır, YAP-çıların ən yaxşılarındandır. Partiyanın icra aparatına da yaxşı rəhbərlik edir. Mübariz Qurbanlı da, Siyavuş Novruzov da öz işlərinin öhdəsindən yaxşı gəlirlər. Bu gün bizim partiyamızın aparatı çox maraqlı və işlək bir tandem qrupudur. Elmi baxış da var, müasirlik də var, siyasi texnologiya da var, yeri gələndə bir az çılğınlıq da var. Möhtəşəm bir partiyanın möhtəşəm çevik və ağıllı bir aparatı var. Bu aparatın ünvanına deyilən tənqidi, pis sözləri rədd edirəm, tamamilə qəbul etmirəm. Təəssüf edirəm ki, bu adamlar şəxsi ambisiyalarını önə çəkərək ümumi uğurlarımızı, inkişafı görmək istəmirlər. “Məni çağırmadılar, məni dəvət etmədilər” buna görə hissə qapılıb ambisiyalara uyub partiya haqqında belə fikir səsləndirmək olmaz. Maksim Musayevin, Əli Əlirzayevin partiya ilə, onun funksionerləri ilə bağlı tənqidi fikirlərini qəbul eləmirəm. Bar verən ağaca daş atan çox olar. Kim bu gün prezidentin ətrafındadır, kim prezidentə kömək edirsə, görürsən onun barəsində qara fikirlər səsləndirirlər, onları daha çox hədəfə alırlar. Mən bu tendensiyanın əleyhinəyəm. Özlərini ağsaqqal sayan adamlar nolar ki, gəlib özləri partiyanın qapısını döysünlər. Ola bilməz ki, öz sözlərini, dərdlərini gəlib desinlər? Düşünürəm ki, kompramis olmalıdır. Onları qəbul eləməsələr o zaman mətbuata çıxsınlar. Özündən müştəbehlik, şəxsi ambisiyaların axarında getmək, hissə qapılmaq, peşəkar siyasətçiyə yaraşmaz.

- Təbii ki gərgin siyasi mübarizələrdən sonra bir az istirahətə də vaxt ayırmaq gərəkdir. Milli Məclis tətilə buraxılandan sonra siz harada və necə istirahət edəcəksiniz?

-Mən Lənkəranda, seçicilərimin içində olacağam. Istirahətlə siyasi fəaliyyəti orada birləşdirəcəyəm. Qarşıdakı siyasi proseslərdə də mən siyasətçilərimizə tövsiyyə edirəm ki, ambisiyalara uymasınlar. Şəxsi inciklikləri kənarda qoysunlar: Bizimlə, YAP-ladırlarsa, bizimlə də ürəkdən, canla-başla olsunlar.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü