Modern.az

Milli Qəhrəman ailəsi: “Bu vaxta kimi heç nə tələb etməmişəm, ancaq çox istərdim ki, qızımın öz evi olsun” - LAYİHƏ

Milli Qəhrəman ailəsi: “Bu vaxta kimi heç nə tələb etməmişəm, ancaq çox istərdim ki, qızımın öz evi olsun” - LAYİHƏ

Reportaj

22 May 2013, 12:52

Modern.az  saytı “Milli Qəhrəman övladları” layihəsini davam etdirir. Budəfəki həmsöhbətimiz Milli Qəhrəman Faiq Rəfiyevin həyat yoldaşı Rəhilə xanım və qızı Lauradır. 

- Laura, atanızla bağlı nələri xatırlayırsınız?  

- Desəm ki, yadımda nə isə qalıb, doğru olmazdı. Çünki çox balaca idim. Atam rəhmətə gedəndə  3 yaşım var idi. Çox istərdim ki, atamla bağlı xatirələrim olsun. Ancaq anamın, qohumlarımın dediklərindən və oxuduğum kitablardan atamı tanımağa çalışmışam.  

- Milli Qəhrəmanın qızı olmaq sizin üçün nə deməkdir?  

- Milli Qəhrəman övladı olmaq böyük məsuliyyət tələb edir. İnsan hər addımına, hər hərəkətinə fikir verməlidir. Uşaqlıqdan o cür tərbiyə alırsan ki, kimin qızısan, necə davranmalısan?  

- Atanızın qəhrəmanlığı ilə bağlı nə deyə bilərsiniz?  

- Atam qəhrəmanlıq göstərib. Ermənilərlə vuruşub, onların məhv edilməsində tutulmasında iştirak edib. Ermənilər atamdan çox qorxurmuşlar. Atamı əsir götürənə pul mükafatı ved ediblərmiş. Hər dəfə vuruşma olanda birinci ön sırada atam özü gedərmiş.

- Ən çox nə vaxt atanızın yoxluğunu hiss edirsiniz?

- Hər vaxt. Ancaq ailə quranda atamın yoxluğunu daha çox hiss etdim. Çox istərdim ki, digər qızlar kimi mən də atamın xeyir-duası ilə evdən gəlin köçüm.  

- Laura xanım, hazırda nə işlə məşğulsunuz? 
- Sumqayıtda yerləşən orta məktəblərdən birində laborant kimi işləyirəm.

- Ətrafınızdaklar sizin Milli Qəhrəman övladı olduğunuzu bilirlər?  

- Əlbəttə, bilirlər. Getdiyim yerlərdə də hörmətlə qarşılayırlar.    

- Bu gün Milli qəhrəmanlar haqda aparılan təbliğatdan razısınız? Onların tanıdılması qane edir?    

- Pis deyil. Tam da razıyam deməzdim. Bir neçə il öncəsinə baxsaq, xeyli irəliləyiş var.  

- Bəzən  həll edə bilmədiyiniz problemlər olanda, Milli Qəhrəman övladı olmaq köməyə gəlir?

- Bir ara işlə bağlı problemlərim olub. Ancaq yerli İcra hakimiyyətlərinə müraciət edirdim. Sadəcə olaraq nəticəsi olmayıb. Buna görə də elə nəticəsiz qalacağını bildiyim üçün daha müraciət etmirəm. Bəlkə buna görədir ki, bir sıra qurumlarda bizi tanımırlar. Milli Qəhrəman ailəsi kimi heç yerə müraciət etməmişik.


Milli Qəhrəmanın həyat yoldaşı da söhbətə qoşulur:



- Rəhilə xanım, qızınınzı gəlin köçürəndə həyat yoldaşınız yanınınzda olmadı. Həmin anları siz necə yaşadınız, o dəqiqələrdə sizi ovuduran nə oldu?

- İnanırsınız, həmin vaxt mən qızımın yanında ola bilmədim. Qaldım mətbəxdə. Özümdən asılı olmadı. Faiqin yeri çox görünürdü. Bacılarım, qardaşlarım xeyir-dua verdi. Elçi gələndə belə, heç nə  deyə bilmədim. Elə bil dilim bağlanmışdı. Mənim üçün çox çətin idi. Tutunacaq bir kimsə yox idi.... (kövrəlir)  

- Faiq Rəfiyev həyat yoldaşı kimi necə insan idi?

- Mehriban ailə başçısı, qayğıkeş ata idi. O vaxt qonşu idik. Elə də söz-söhbətimiz olmamışdı. O oxudu, Rusiyaya getdi, Leninqradda ali polis məktəbini bitirib qayıtmışdı. Sonra bir gün anası gəlib demişdi ki, qızınızı oğlumuza istəyirik. Əvvəlcə  mən istəmirdim, amma sonra razılaşdım. Sən demə mənə qarşı onun öz könlü də var imiş. 

Mənə elə gəlirdi ki, ondan yaxşı insan, yoldaş yox idi. Özü şeirlər də yazırdı. Uşaqlarına, Vətənə xeyli şeirlər həsr etmişdi. Onlar mənə təskinlik verir. İstəməzdi kiminsə xətrinə dəysin. Özündən kiçik birinin dediyini yerinə yetirməyə çalışırdı. Ataları rəhmətə gedəndə qızımın birinin 3, digərinin isə 4 yaşı vardı.


  - Müharibə ərəfəsi necə yadınızda qalıb?  

- Müharibə ərəfəsində  Rusiyada qalırdıq. Faiqin də işi orada idi. Sistem işçisi idi. Müharibə başlayanda Daxili İşlər Nazirliyindən məktub yazıb çağırdılar.  Ancaq Rusiyada işlədiyi yerdən göndərmək istəmirdilər. Salatın Əsgərovanın ölümündən sonra  Faiq daha da pis oldu. Dedi ki, “elimiz, obamız qalsın ermənilərə, mən oturum burda? Yox. Necə olur olsun, getməliyəm”. Qapımızı bağlayıb gəldik. Gələn kimi Daxili İşlər Nazirliyi onu Xocavəndə göndərdi. Əvvəlcə sahə rəisi, sonra isə rəis kimi getdi. Heç nədən qorxusu yox idi. Elə olurdu ki, uşaqların üzünü görmürdü. Gecənin bir vaxtında yoldaşları ilə gəlirdi. Qaz, işıq, su olmurdu. Elə edirdim ki, onlar gələnə hər şeyi hazır olurdu. Uşaqlar atalarını soruşurdular. O da evə gəlib tez qayıdırdı.. Ermənilər onun adını “quldur kapitan” qoymuşdular. Gecə ikən ermənilər tərəfə elə keçirdi ki, xəbərləri belə, olmurdu. Arada Faiqin polis yoldaşları mənə deyirdilər ki, “ay bacı, bəlkə sənin sözünə qulaq asar, de ki, tez-tez getməsin”. Faiq isə deyirdi ki, “bəs mən getməyim, kim getsin? Onda ermənilər gəlib otursun burda. Mən öndə getməliyəm ki, başqaları da mənim arxamca gəlsin”. O vaxt hələ bir dəfə də mühasirəyə düşüb ayağından yaralanmışdı. Faiq onu bizə deməmişdi. Sonradan bildik. Həmin mühasirədən özü də, yoldaşları da çıxa bilmişdi.
Ermənilər, onun başına nə qədər pul qoymuşdular. Onun dirisi də olmasa, başını kimsə aparsa mükafat veriləcəkdi. Faiq də çox çevik adam idi və heç kim ona yaxınlaşa bilməzdi.
Bir dəfə xəbər gəlmişdi ki, Fizuli rayonunun Qaradağlı kəndi mühasirəyə düşüb. Faiq dözməyib dəstəni də yığıb getmişdi. Kəndi mühasirədən çıxarmışdılar. Daha sonra Köçbək adlı kəndi ermənilərdən azad etmişdi. Həmin kənddə lap axırıncı evə gedib çatanda sən demə ermənilər orada gizləniblərmiş. Yoldaşları Faiqə getmə desələr də, o, məhəl qoymayıb. Deyib ki, “bura qədər gəlmişik, geri qayıtmaq olmaz”. Ermənilər içəridə zirzəmi kimi yer düzəldiblərmiş. Elə həmin vaxt Faiqi arxadan ürəyindən vurublar. Dostları isə onu dərhal oradan çıxartmışdılar. Ermənilər eşidəndə ki, “quldur kapitan” şəhid olub, düz Fizuliyə qədər irəlilədilər. Hər tərəfi aldılar. Ölən öldü, qalan qaldı....  


- Həyat yoldaşınızın ölüm xəbərini necə eşitdiniz?  

- Biz Fizuli rayonunda kirayədə qalırdıq. Eşitdik ki, maşın səsi gəlir. Böyük qızım qışqırdı ki, “atam gəldi, gedək qapını açaq”. Gördüm ki, yox, gələn o deyil. Qardaşımgil idi, bacım dedi ki, “gedək evə, anamın təzyiqi qalxıb, vəziyyəti pisdir”. Dedim ki, gözləyin Faiqi çağırım. Uşaqlar da ağladı ki, “atam gəlsin, sonra gedək”. Bacım isə dedi ki, “eybi yoxdur, gedək, oradan keçəndə Faiqə bildirərik”. Gedirdik, amma nəsə narahatlıq hissi məni bürümüşdü. Çünki bacımın, qardaşımın siması qəribə idi. Ağlıma gəlməzdi ki, Faiqə nəsə olar. Çatana yaxın gördüm ki, qardaşım oğlu, dayım, hamısı orada idi. Qardaşım maşını qəflətən anamgilin qapısından qaynanamgilin qapısına necə sürdüsə, heç xəbərim olmadı. Baxdım ki, nə qədər insan yığılıb. Mən bir anlıq fikrə getdim, sonra öz-özümə dedim ki, yox, belə şey ola bilməz. Ancaq onu  eşitdim ki, kimsə “Faiq” deyə qışqırır. Artıq onda bildim ki, Faiq yoxdur. Bilmədim necə oldum. Sonradan birtəhər özümə gəldim. Faiq hələ də od kimi isti idi. Döyüş bölgəsindən təzə gətirmişdilər. Onunla birlikdə ölənlər isə həmin yerdə qalmışdı. Qardaşım istəyirdi ki, Faiqi gətirib Bakıdakı Şəhidlər Xiyabanında dəfn etsinlər, ancaq qaynanam dedi ki, “mən oğlumu verə bilmərəm”. Kim bilərdi ki, Füzuli də alınacaq, Faiqin qəbri orada qalacaq? Faiqə Milli Qəhrəman adı verildi, təqaüd kəsildi, qızıl medal alındı. Onun  adına Lökbatanda 166 nömrəli məktəb fəaliyyət göstərir. Büstü var. Açılışına da prezidentimiz İlham Əliyev və Mehriban xanım da gəlmişdi.


- Milli Qəhrəman ailəsi kimi sizi yada salanlar olur?

- Fizuli rayonunun indiki icra başçısı Alı müəllim ildə 2-3 dəfə çağırır. Yardım edir, bizimlə maraqlanır. Qızım universitetdə oxuyanda Daxili İşlər Nazirliyindən kağız da verildi ki, Milli Qəhrəmanın qızıdır. Faiqin ölümündən sonra infarkt oldum, sonralar bir az düzəldim.
Ola bilər ki, bizi o qədər də tanımasınlar. Çünki cəmiyyətdə çox otura bilmirəm. Haqsızlıqları görəndə sıxılıram, özümdən çıxıram.  

- Rəhilə xanım, elə olubmu ki, harasa getmisiniz, sizi qəbul etməyiblər?    

- Axı biz heç yerə getməmişik. Ancaq gedilməlidir. Çatışmazlıqlarımız, problemlərimiz olur. Elə bilirəm ki, harasa müraciət etsəm, o nəticəsiz olar, mənə pis təsir edər. Bir dəfə haradasa iclas idi. Keçmiş icra başçısı da həmin iclasda iştirak edirdi. O biləndə ki, mən Milli Qəhrəmanın həyat yoldaşıyam, məəttəl qaldı. Biz bütün şəhid ailələrini tanıyırıq. Hər kəs hər şeyi tələb edir.

Mən tələb etməyi bacarmıram. Dolanışıq çətindir, imkansızlıqdır. 2 övladım var, mən onları oxutdum, biri universiteti oxudu, ancaq mən onu işə düzəldə bilmədim. Gərək tez-tez kiminsə qapısını döyəydim. Gedə bilmədim. Qızım ali təhsillidir. Deyirəm ki, hər yerə məktub yaza bilərsən. Sumqayıtda kirayədə qalır. Ən azından öz evləri olsa, mən də rahat olaram. Qızım işlə bağlı müraciət edəndə nəticəsiz qalmışdı. İki dəfə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət olunmuşdu. İxtisası diplomat olsa da , bir neçə dili bilsə də, qızıma uyğun iş tapılmadı. Bu vaxta qədər heç nə tələb etməmişəm. Ancaq çox istəyərəm ki, qızımın öz evi olsun. Çünki mənim imkanım yoxdur. Hökumət də araşdırsa, görər ki, bu vaxta qədər heç nədən istifadə etməmişik.

Bəlkə də bizim Polis İdarəsində belə, bilmirlər ki, burada polis ailəsi yaşayır. Gərək müraciət edək ki, bilsinlər. Artıq 21 ildir ki, burada yaşayırıq. Rusiyada olan evimiz elə olduğu kimi orada qaldı. O vaxt mənə demişdilər ki, gedək orada olan əşyaları gətirək. Məndə deyirdim ki, məni yandırmaq üçün belə edirsiniz? Faiq olmadıqdan sonra onların nə əhəmiyyəti var? İllər keçdi, gördüm ki, düz deyirmişlər. Hər şeyimiz batdı. Oturmuşuq damımızın altında. Varsa var, yoxdursa, elə də qalacaq. Nə isə mənə ar gəlir getmək. Mənə köməklik edin, deyə bilmirəm. Əvvəldən o mənim təbiətimə yaddır. Amma qızıma deyirəm sən yaz. Heç olmasa səni evlə təmin etsinlər. İnanıram ki, kömək edərlər.  

- Cəmiyyətdəki haqsızlıqları görəndə təəssüf hissi yaşayırsınız?  

- Əlbəttə, deyirəm bütün olanlar buna görə idi? Yoldaşım buna görə şəhid olub? Sonra əsəbim keçəndə fikirləşirəm ki, olmalı idi. Bəs kim qorumalı idi Vətəni?  Artıq 22 il keçir ölümündən. Onda 36 yaşı var idi.

- Milli qəhrəmanlarla bağlı təklifləriniz var?  

- Arada Milli qəhrəmanlarla bağlı verilişlər gedirdi. Son zamanlar görmürəm. Ya o verilişlər bağlanıb ya da mən izləyə bilmirəm. Mənə elə gəlir qəhrəmanlar haqqında verilişlər hazırlananda hər kəslə maraqlanmalıdırlar.  

 

***

Milli Qəhrəman Faiq Rəfiyevin şeyirlərindən....



Ulduz İBRAHIMOVA

Elçin AĞAYEV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır