Modern.az

Şeyxin Gürcüstan üzrə nümayəndəsi “Borçalı” Cəmiyyətinin qonağı olub

Şeyxin Gürcüstan üzrə nümayəndəsi “Borçalı” Cəmiyyətinin qonağı olub

26 Mart 2010, 16:54

“Borçalı” Cəmiyyətinin ofisində bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Məşədi Əli Əliyevlə görüş keçirilib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə cəmiyyətin sədri Zəlimxan Məmmədli açaraq, əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, “Borçalı” İctimai Cəmiyyətinin əsas məqsədi Azərbaycan və Gürcüstan dövlətləri arasında dostluq, mehriban qonşuluq ənənələrinin inkişafına yardımçı olmaqdan, Azərbaycan və Gürcü xalqlarının qarşılıqlı inteqrasiyasında ictimaiyyətin qüvvələrini səfərbər etməkdən ibarətdir. Onun sözlərinə görə, cəmiyyət Gürcüstanda yaşayan türklərin, həmçinin Azərbaycanda yaşayan gürcülərin mədəni-sosial problemlərinin həllində dövlət qurumlarına da yaxından köməklik göstərir: “Biz Azərbaycan və gürcü cəmiyyətlərində barış, dözümlülük, Vətən sevgisi prinsiplərinin təbliğində maraqlıyıq. İstəyirik ki, hər iki dövlət və xalq arasında sağlam dayaqlar üzərində qurulan  mənəvi körpü rolunu oynayaq. Bunun üçün də hər iki xalq arasındakı mədəni əlaqələrin inkişafında daha çox maraqlıyıq. Bunu gürcü cəmiyyəti də aydın dərk edir. Bu baxımdan bizim mədəniyyətə istinad etməyimiz əhəmiyyətlidir və artıq bu öz bəhrəsini verməkdədir. Buna misal olaraq bir neçə gün əvvəl cəmiyyət tərəfindən Gürcüstanın azərbaycanlılar yaşayan regionlarında, o cümlədən Şida-Kartli bölgəsində, Kaspi, Qardabani rayonunlarında keçirilən Novruz bayramı tədbirlərini, həmçinin Gürcüstan dövləti tərəfindən Marneuli rayonunda təşkil olunmuş və Prezident Mixeil Saakaşvilinin də qatıldığı Novruz şənliklərini misal göstərmək olar. Qeyd edilən tədbirlərdə çıxış edən soydaşlarımız təhsil, sosial və sair sahələrdə üzləşdikləri çətinlikləri də dilə gətirməkdən çəkinmədilər. Öz narahatlıqlarını gürcü rəsmilərinə olduqca mədəni şəkildə çatdırdılar. Ümid edirik ki, mədəni əlaqələrin bu cür inkişafı Gürcüstanda yaşayan soydaşlarımızın qarşılaşdığı çətinliklərin də aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək”.

Hacı Allahşükür Paşazadənin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi, Tiflis məscidinin axundu Məşədi Əli Əliyev “Borçalı” İctimai Cəmiyyətinin üzvləri ilə görüşündən məmnunluq hissi keçirdiyini dilə gətirib. Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətindən söhbət açan axund, Gürcüstanın dünyada ən sərvətli dövlət, onun prezidentinin isə dünyada ən varlı insan olduğunu diqqətə çatdırıb: “Gürcüstan ən varlı dövlətdir. Ona görə ki, burada 500 mindən artıq Azərbaycan türkü yaşayır. Tarixə nəzər salsaq görərik ki, həmin azərbaycanlılar müxtəlif illərdə Gürcüstan ictimaiyyətinə kifayət qədər tanınmış şəxsiyyətlər bəxş ediblər. Hazırda da Gürcüstandakı azərbaycanlılar arasında siyasi, dini, dövlətçilik baxışı nöqteyi-nəzərindən kifayət qədər yetkin gənclər var. Belə gənclər sabah da yetişəcək. Bütövlükdə Gürcüstan dövlətinin formalaşmasında, güclənməsində həmin gənclərin rolu danılmazdır. Bu torpaqda doğulub boya-başa çatanlar heç zaman dövlətinə xəyanət etməyiblər. Çünki onların hər birinin ürəyində Vətənə məhəbbət, yurda bağlılıq hissi, Allah qorxusu var. Bunu 2008-ci ilin avqustundakı müharibə bir daha sübut elədi. O zaman yüzlərlə azərbaycanlı Vətəninin müdafisəinə qalxaraq, Gürcüstanın ərazi bütövlüyünün qorunması yolunda döyüşə atıldı”.

Gürcüstandakı dini vəziyyət barədə məlumat verən Məşədi Əli Əliyev oradakı azərbaycanlı gənclərin İslam dininə böyük       maraq göstərdiklərini söyləyib. Lakin o, bir din xadimi kimi oradakı gənclərin sadəcə dini təhsillə kifayətlənmələrinin əleyhinə olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənclər dini təhsillə yanaşı, dünyəvi elmlərdən də xəbərdar olmalı, müasir texnologiyalardan baş çıxarmalı və Gürcüstanın dövlət strukturlarında təmsil olunmağa can atmalıdırlar: “Gürcüstanda əsas problemlərdən biri də təhsil sahəsindədir. Buna da səbəb pedaqoji kadr çatışmazlığıdır. Bu ildən etibarən hər il 160 azərbaycanlı gəncin Gürcüstanın ali məktəblərində təhsil alması gələcəkdə bu problemi də aradan qaldıracaq. Dini təhsilə gəldikdə isə, hazırda Gürcüstanda 4 mədrəsə fəaliyyət göstərir. Bunlardan ikisi qızlar, ikisi oğlanlar üçündür. Həmin mədrəsəslərdə ən ucqar dağ kəndlərindən dini təhsil almaq üçün gələn hər bir kəs üçün maksimum şərait yaradılıb. Qalmağa yeri olmayanlar həmin mədrəsələrdə də qala bilərlər. Bundan başqa, Gürcüstanda 5 mədəniyyət mərkəzimiz də fəaliyyət göstərir. Məscidlərin sayı da diqqət çəkəndir. Təkcə son illər Gürcüstanda 30 məscid tikilərək istifadəyə verilib. 30-cu məscid bu yaxınlarda Marneuli rayonunun İmir kəndində açılıb. Lakin biz bununla kifayətlənməmişik. Hazırda Dmanisi rayonunun mərkəzində torpaq sahəsi ayrılıb. Orada Gürcüstanın ən böyük məscidlərindən biri ucaldılacaq. Artıq məscidin layihəsi də hazırdır”.

Tədbirdə “Borçalı” İctimai Cəmiyyəti üzvlərini maraqlandıran suallar Məşədi Əli Əliyev tərəfindən ətraflı cavablandırılıb. Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir