Modern.az

Tahir Kərimli Milli Şuradan danışdı: “Bir neçə tanınmış şəxs mənimlə söhbət edib”

Tahir Kərimli Milli Şuradan danışdı: “Bir neçə tanınmış şəxs mənimlə söhbət edib”

22 May 2013, 14:40

“Qanun Milli Şuraya siyasi fəaliyyətlə məşğul olmağı qadağan edir 

Yeni yaradılacaq Milli Şura ətrafında müzakirələr səngimək bilmir. Klassik Xalq Cəbhəsi Partiyası da Milli Şuraya namizədlərin adını açıqlayıb. Həmin siyahıda Ali Məhkəmənin sabiq sədri və Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli də var. Modern.az məsələ barədə Tahir Kərimlidən münasibət öyrənib. Milli Şuranın yaradılması ilə bağlı məsələləri müqayisəli təhlil edən partiya yaxın tarixə nəzər salaraq, yayılan informasiyalara aydınlıq gətirib.

Konstitusiyaya zidd təşkilat

Partiya sədri bildirib ki, indiki Milli Şura isə narazı qüvvələrin birliyi kimi ortaya çıxıb və burada heç bir parlamentari iştirak etmir.
“Bunu qanunverici hakimiyyət yaratmır. Digər tərəfdən “Siyasi partiyalar haqqında” Qanunda ictimai təşkilatlara siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilir. Məsələ ondadır ki, Milli Şura partiya bloku və birliyi deyil. Bu ayrı-ayrı insan və ictimaiyyət nümayəndələrinin birliyidir. Deməli Milli Şura ictimai təşkilatdır. Onun siyasi fəaliyyətlə məşğul olması Konstitusiyaya ziddir. Bundan başqa, Milli Şuranın qarşısına qoyduğu vəzifələr də mövcud Konstitusiya ilə uyğun deyil. Belə olan təqdirdə açıq görmək olar ki, Milli Şuranın hüquqi legitimliyi yoxdur”-deyə T.Kərimli vurğulayıb.

“Yalnız o zaman Milli Şurada ola bilərik ki...”

Tahir Kərimlinin fikrincə,  Milli Şura yalnız dövlət böhranı zamanı keçid müddəalar nəzərə alınmaqla yarana bilər.
“Bu zaman həm iqtidar, həm də müxalifət burada təmsil oluna bilər. 90-cı illərdə Milli Şurada 25 iqtidar və eyni sayda müxalifət nümayəndəsi var idi. İndi isə ancaq narazı qüvvələrdən təşkil olunur. Bir sıra partiya lideri artıq Milli Şurada təmsil olunmaqdan imtina edib. Milli Şura yaransa belə, hamının yox, müxalifətin bir hissəsinin təşkilatı olacaq. Bizim partiyanın orda iştirakı isə ancaq o zaman ola bilər ki, bunu dövlət orqanları böhrandan çıxış yolu üçün yaratsın. O zaman biz də konstitusion hakimiyyət formalaşdırmaq üçün orda olardıq. İndi isə Milli Şurada təmsil olunmaq fikrimiz yoxdur”.   

Nüfuzlu şəxslərlə görüş

Sonda isə partiya rəsmisi ona gələn təkliflərdən də söz açıb. “Mən adları açıqlamaq istəmirəm.  Bu müddət ərzində bu işlə məşğul olan  bir neçə tanınmış nüfuzlu şəxslər mənimlə söhbət ediblər. Utopik və fors-major vəziyyətə hesablanmış bir ideyanı gerçəkləşdirmək mümkün deyil. Milli Şuranın yaradılmasına indiki durumda ehtiyac yoxdur. Onu kim idarə edəcək? Konfransların və tədbirlərin harada keçirəcəklər? Hamısı sual altındadır. Rüstəm İbrahimbəyov da Azərbaycana qayıda bilmir. Mən bu sözləri mənimlə söhbət edən həmin şəxslərə də demişəm”.

Milli Şuranın tarixi

Sabiq Ali Məhkəmə sədri qeyd edib ki, Rüstəm İbrahimbəyovun bu ideyasını tarixi Milli Şura ilə eyniləşdirmək cəhdləri düzgün deyil:
“1918-1920 və 1990-cı illərdə yaradılmış Milli Şuranın analoqu olması ilə bağlı fikirlər səslənir. Amma belə deyil. Çünki Rusiya imperiyası dağılandan sonra Dumanın üzvləri Tiflisdə Milli Şuranı yaratmışdılar. Orda səlahiyyətli parlament üzvləri təmsil olunurdu. 1990-cı illərdə də Azərbaycan Respublikasının Ali Soveti eyni addımı atıb. Bu Milli Şura demək olar ki, dövlət orqanı idi. Düzdür Konstitusiyaya zidd elementlər var idi. Ancaq legitimlik və qanunilik baxımından o zaman həmin Milli Şuraya don geyindirmək olardı”.

Aqşin KƏRİMOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub