Modern.az

“BAXCP-dən başqa 4 partiya mənə sədrlik postu təklif etmişdi” - MÜSAHİBƏ

“BAXCP-dən başqa 4 partiya mənə sədrlik postu təklif etmişdi” - MÜSAHİBƏ

Aktual

22 May 2013, 14:12

Teyyub Qəni 10 min üzvü olan “Təkümül”ün sədrliyindən niyə getdiyini açıqladı

Bir müddət öncə Azərbaycan Təkamül Partiyasının sədri vəzifəsindən istefa verən Teyyub Qəni  (Əliyev Teyyub Qəni oğlu) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarına qoşulub.  BAXCP sədrinin əmri ilə o,  partiyanın elm və təhsil məsələləri üzrə katibi vəzifəsinə təyin olunub. Modern.az Teyyub Qənioğludan müsahibə alıb.

- Siz Təkamül Partiyasından BAXCP-yə gəldiz. Bəs bundan sonra həmin partiyanın  sədri kim olacaq?

- Təkamül Partiyasının Mərkəzi Şurasının qərarı ilə ilə Namizəd Babayev sədr əvəzidir. O, qurultaya qədər partiyanın sədri vəzifəsini icra edəcək. Qurultay isə rayon konfransları yekunlaşandan sonra olacaq.

- Təkamül Partiyasının nə qədər üzvü var idi?

- On mindən yuxarı.

- BAXCP-yə qoşulmaq üçün təklifi sizə kim etdi? Yoxsa özünüz müraciət etdiniz?

- Mən partiya sədrliyindən istefa verəndən sonra sıravi üzv olaraq qalırdım. Mənə dörd partiyadan həmsədrlik və birinci müavin, baş katib  olmaq üçün  təkliflər gəlib. Ancaq mən razılıq vermədim. BAXCP ilə Təkamül Partiyası on üç ilə yaxındır ki, Milli Demokratik Qüvvələr Birliyində müttəfiq olublar. Biz bir yerdə fəaliyyət göstərmişik. Mən çox götür-qoy edəndən sonra BAXCP-nin təklifini qəbul etdim.

- Həmin dörd partiya hansılar idi?

- Bunların adını deməyə məncə ehtiyac yoxdur. Sadəcə ikitərəfli söhbətlər olmuşdu. Adları açıqlamağa heç bir ehtiyac görmürəm.

- Təkamül Partiyası ilə BAXCP-nin ideyaları üst-üstə düşürmü?

- Əgər bizim BAXCP ilə müttəfiqliyimiz olubsa, deməli, baxışlarımız üst-üstə düşüb. Bizim aramızda fərqli düşüncələr də olub. Ancaq biz Milli Demokratik Qüvvələr Birliyində müzakirələr aparanda birgə qərarlar qəbul edirdik. Fikir ayrılığı olan məsələləri isə hər öz partiyasında bildiyi kimi qəbul edib həyata keçirib. Milli dövlətçilik maraqları, Qarabağ və beynəlxalq münasibətlərə, hakimiyyətin sosial-iqtisadi siyasətinə dair məsələlərdə baxışlarımız eyni olub. Mən o biri partiyaların təkliflərini dəyərləndirəndə fikirləşdim ki, BAXCP daha yaxşıdır. Çünki BAXCP-nin ideyalarını öyrənmək üçün mənə əlavə vaxt lazım deyildi. Digər partiyaları tanımaq isə uzun vaxt tələb edirdi.

- Gələcəkdə nə planlarınız var?

- Mən özüm təhsil sahəsində çalışıram. 90-dan çox elmi məqaləm, kitablarım və monoqrafiyalarım var. Hesab edirəm ki, müəyyən qədər BAXCP-ni təhsil sahəsi istiqamətində fəaliyyətinə töhfə verə bilərəm.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır