Modern.az

Milli Məclisdə qanunverici təklifləri “dəfn edilən” deputatlar: “Artıq belə təşəbbüslərdən əl çəkmişik”

Milli Məclisdə qanunverici təklifləri “dəfn edilən” deputatlar: “Artıq belə təşəbbüslərdən əl çəkmişik”

23 May 2013, 08:57


Modern.az
saytı Milli Məclisində təmsil olunan deputatlardan kimlərin qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərini araşdırır. Parlamentin sessiyaları dövründə bəzi millət vəkilləri müxtəlif qanun layihələri ilə çıxış edir və bunun nəticəsində müzakirələr açılır, bir sıra hallarda həmin sənədlər bəyənilərək qəbul olunur. Amma bəzən təklif kimi qalan və heç üzünə baxılmayan  qanun layihələri də olur. Maraqlıdır, hansı deputatların qanunvericilik təşəbbüsü “dəfn edilib”.

Modern.az bir sıra deputatlardan münasibət öyrənib.

Millət vəkili İlyas İsmayılov 2007-ci ildə “İkili vətəndaşlıq haqqında” qanun layihəsi irəli sürdüyünü, amma müzakirəyə çıxarılmadığını deyib.
“Bundan əlavə, ürək çatışmazlığı ilə doğulan uşaqlarla bağlı qanun layihəsi hazırlamışdım, o da eləcə qalıb. Qazax və Tovuzda seçicilərlə görüşüm zamanı qucağı uşaqlı iki ana mənə yaxınlaşıb dedilər ki, uşaqlar ürək çatışmazlığı ilə doğulublar və onların əməliyyatı üçün 8 min dollar lazımdır. Buna isə təbii ki, onların gücü çatmır. O iki uşağı Rövnəq Abdullayev və Mehriban xanım Əliyevanın köməyi ilə əməliyyat etdirə bildik. Amma biz bu cür uşaqlara yiyə durmalıyıq, onların dövlət hesabına əməliyyat olunması üçün hazırladığım qanun layihəsini təəssüflər olsun ki, keçirə bilmədim”.

Millət vəkilinin vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını qadağan edən qanun layihəsi də elə təklif olaraq qalıb. “Ən varlı adamlar vəzifəli şəxslərdir, biznesmenlər deyil. Bu o deməkdir ki, vəzifəli şəxslər vəzifələrindən sui-istifadə edib, özlərinə bu və ya digər adamın adı ilə biznes qururlar və sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Qanunda onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaöa icazə verilmir. Təklif etmişdim ki, bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulsun. O sənəd də keçmədi. Ümumiyyətlə belə qanun layihələri çoxdur”.

Mübariz Qubranlı qeyd edib ki, deputatlıq fəaliyyəti dövründə təklif etdiyi bu və ya digər məsələlərin əksəriyyəti qəbul edilib.
“Deputatlıq fəaliyyətim dövründə qanun layihələrinə istər konseptual, istərsə də bu və ya digər maddələrlə bağlı təkliflərim olub. Parlamentdə verilən səmərəli təkliflərin böyük əksəriyyəti qanun layihəsini təqdim edən subyekt tərəfindən, o cümlədən komitələr, komitə sədrləri və parlament rəhbərliyi tərəfindən çox diqqətlə yanaşılır və qəbul olunur. Bütün səmərəli təkliflərimizi qəbul ediblər. Hesab edirəm ki, parlamentdə gözəl, yaradıcı mühit var”.

Buna baxmayarq, M.Qurbanlının da qəbul olunmayan qanun layihələri var.
““İşağal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı təklifimi il yarım əvvəl irəli sürmüşəm, həmin təklifimlə bağlı ekspertlərlə müzakirələr aparmışıq, bu təklif tam reallaşmayıb, amma üzərində iş gedir. Eyni zamanda “Tütün və tütün məmulatları haqqında” qanuna düzəlişlər edilməsi təklifi ilə çıxış etmişəm. Tütün və tütün məmulatlarının ictimai yerlərdə tam qadağan olunması və bununla bağlı cərimələrin müvafiq olaraq sərtləşdirilməsi təklifim var idi, bu təklifimlə bağlı müvafiq komitədə ekspertlərlə müzakirələrimiz gedir və əminəm ki, bunları da nəzərə alacaqlar”.

Zahid Oruc bildirib ki, deputatlıq fəaliyyəti ərzində müxtəlif qanunların müzakirəsində fəal iştirak etməyə çalışıb.
“Bu, konkret götürdükdə ayrıca bir layihə ilə bağlı deyil, eyni zamanda hər hansı qanunun ümumi müddəaları, dəyişiklər və əlavələrin müzakirəsini özündə ehtiva edib. Hətta Konstitusiyaya dəyişiklik zamanı irəli sürdüyümüz fikirlər öz əksini sonralar hazırlanan sənədlərdə tapıb. Ayrıca hazırladığım layihələr də var. “Xocalı soyqırımı haqqında” qanun layihəsində verilən izah belə olmuşdu ki, burada bir sıra beynəlxalq məsələlərin həyata keçirilməsi gərəkdir ki, ondan sonra bu qanun qəbul olunsun. Lobbiçilik fəaliyyəti ilə əlaqəli, ayrı-ayrı qanunların başqa xarakterli hissəsi, hərbi sferalarla bağlı müxtəlif təkliflərimiz isə bir sıra hallarda keçməyib. Bu bizi heç bir halda üzməyib, növbəti dövrdə fəallığımıza, yeni ideyalarla və təşəbbüskarlığımıza öldürücü zərbə vurmayıb. İstər qanunvericilik işinə, istər ictimai fikrin tribunaya gətilrilməsinə yenə də davam edirik”.

Qüdrət Həsənquliyev qeyd edib ki, ancaq iqtidaryönlü deputatların təklifləri qəbul olunduğu üçün onlar daha heç bir qanun layihəsi ilə çıxış etmirlər. “Biz müxalifət deyilik, neytralıq, amma nə mən, nə Fazil Mustafa, nə Vahid Əhmədov, nə də Əli Məsimlinin qanun layihələri qəbul olunur. Özüm bir neçə qanun layihəsinin müəllifiyəm, amma qəbul etmirlər. Sonuncu dəfə Vahid Əhmədovla Əli Məsimlinin “Təhsil kreditləri haqqında” qanun layihəsi gündəliyə salınmışdı, amma o da təklif olaraq qaldı”.

Fazil Mustafanın hazırladığı, amma qəbul olunmadığı qanun layihələri bunlardır: “Müharibədən zərər çəkmiş insanların icbari sığortası haqqında”, “Siyasi partiyalar haqqında”, “Eks-prezidentlərin statusu haqqında” və bir neçə qanun layihələri:
”Bunlar bizim tərəfimizdən parlamentə təqdim olunub, amma müzakirəyə çıxarılmadığı üçün artıq biz belə qəbul etmişik ki, parlament qanunvericilik fəaliyyətindən daha çox müəyyən məsələlərə münasibət bildirmək yeridir. Ona görə də faktiki olaraq qanun layihəsi hazırlamaqdan əl çəkmişik. Son il yarımdır biz heç bir qanun layihəsi ilə çıxış etməmişik”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir