Modern.az

İki bacı əfsanəsi - acı gerçəklik...

İki bacı əfsanəsi - acı gerçəklik...

23 May 2013, 16:22

İlhamə Qasımlı

Anamın bir bacısı vardı...bir-birindən 15 il aralıqla dünyaya gəlmişdilər...Anama böyuk bacı, mənimçünsə ikinci ana idi... Üzərimdə cox böyuk zəhməti vardı.. Uşaqlığım yanında keçmişdi...
Anamla xalam üzdən baxanda bir-birinə düşkün bacı kimi görünmürdü...həmişə deyirdim ki, görəsən, sizin 4-5 saatdan artıq sakit, mübahisəsiz söhbətiniz olacaqmı? Çünki dediyim kimi, ən çoxu 4-5 saat mehriban söhbət edərdilər, sonra dartışmaları başlayardı...
Amma bir-birinin çətin anlarında da səhhətləri pozulacaq dərəcədə üzülərdilər...
Anam Bakıdaykən xəstə olanda Çexiyada yaşayan xalam uşaqları bizi maddi-mənəvi baxımdan bir an da tək qoymadılar...
Anam bacısının Çexiyada xəstəxanaya düşdüyünü eşidəndə çox sarsılmışdı, ağlamış və "bacıma sarılmaq mənə bir də nəsib olsun" əhdi ilə kiçik təqaüdündən qurban demişdi...Allah bu qurbanını qəbul etdi... Hətta qurban kəsiləndə belə, bir-biriylə o didişmələrindən vaz keçməmişdilər...
Anam martın 5-də xəstəxanaya yatırılandan 2-3 gün sonra xalamın vəziyyəti ağırılaşdı...
Son 3 ayda iki bacının səhhəti sanki bir-biriylə yarışmaya girdi...
Anam əməliyyat olunan gün xalam, qızıni təcili Aqstafaya çağırdı – “ölürəm, son nəfəsimdə yalnız qalmayım”...
Anam ilk əməliyyatindan sonra vəziyyəti ideal olmasa da, sabit idi - ən azından danışır, eşitdiklərinə reaksiya verə biləcək halda idi... Xalam da, qızı gələndə vəziyyəti sabit idi... Hətta zarafatla deyirdik ki, deyəsən, qızını görub düzəlir...
Anamın səhhəti barədə həkimi pozitiv ruhda danışırdı... Bu cümləsini isə heç unutmaram - "xususilə ciyərləri biz gözlədiyimizdən də yaxşı durumdadır" demişdi..
Həkimi Kərəm hocayla bu söhbətdən sonra evə yüksək əhval-ruhiyyədə gəldim... Səhər xalam qızına zəng elədim ki, xalamın durumunu öyrənim... Dedi, vəziyyəti ağırlaşıb, ciyərləri pozulub...
Xəstəxanaya gəldim, anamdan əvvəl həkimlə görüşdüm ki, durumu haqqında öyrənim... Kefsiz halda "gözləmədiyimiz halda ananızın ciyərləri pozuldu... Bilmirəm nədən belə oldu... Qan nümunələri götürmüşük, təhlillər yapılır" dedi...
Bu ardıcillıqdan qorxmağa başladım...
Bu cür ardıcillıqlar adətən əkizlərdə olar...
Kərəm hocayla bu durum haqda danışıb bunun bir bilimsəl mənasının olub-olmadığını soruşhdum... O da həmən "teyzəniz annenizle ekizmi" sualını verdi... Anamdan 15 il böyük olduğunu eşidib fikrə getdi... Sonra "nasıl ki, nazarın bir bilimsel manasi yok, ama insanlar nazara inanır, oyle de teyzenizle annenizin durumunun bilimsel manasi konusunda bir şey deyemem, ama mutlaka bir sheyler vardır" dedi...
Bundan sonra Aqstafayla təmaslarımı daha da sıxlaşdırdım... Gündə 2-3 dəfə danışır, yazışırdıq...
Anam reanimasiyada yataqda vəziyyətinin sabit olduğu günlərdə xalamdan buna bənzər xəbərlər alırdım...
Ən son keçən bazar günü xəstəxanada anamla görüşəndə dəşhətə gəldim... Detallara varmaq istəmirəm - amma durumun çox-çox-çox ağır olduğunu anladım...
Dəhlizə hönkürərək çıxdım... Az qala əlim-ayağım qıc olurdu... Yoldaşımı və ailəvi dostlarımızı təlaşla xəstəxanaya cağırdım... Hansı ki, bunu anam xəstəxanada olduğu iki ay yarım müddətində bir dəfə də olsa, eləməmişdim...
2-3 saatdan sonra elə xəstəxanadaykən telefonla xalamqızına zəng edib anamın durumu barədə dedim və gördüklərimin bir-iki detalını yana-yana İlahəylə bölüşdüm... Dəhşətlə xalamda da eyni detalların olduğunu dedi...
Anamın ölümündən bir gün sonra, bu səhər xalam qızı telefonla xalamın ölüm xəbərini mənə çatdırdı...


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi