Modern.az

Adolf Hitlerə qarşı “Qurd Yuvası”nda - Rubrika

Adolf Hitlerə qarşı “Qurd Yuvası”nda - Rubrika

İqtisadiyyat

25 May 2013, 12:26

Modern.az-da “Dövlət və hökumət başçılarına qəsdlər” rubrikasında növbəti yazını Adolf Hitlerə təşkil edilən uğursuz qəsddən bəhs edir.

XX əsrin ən qanlı diktatorlarından olan Adolf Hitlerə qarşı 40-a qədər sui-qəsd təşkil edilmişdi. Lakin bunların içərisində ən böyük rezonans doğuran hadisə 20 iyul 1944-cü ildə baş vermişdi. Həmin gün təşkil edilən sui-qəsd nəticəsində Adolf Hitler təsadüf nəticəsində sağ qaldı. Bu əməliyyatda iştirak edən şəxslər bu gün Almaniyada Müqavimət Hərəkatının əsl qəhrəmanları hesab edilir.

Almaniya ordusunun polkovniki, zadəgan ailəsindən olan Klaus fon Ştaufenberq qəsdin əsas ideoloqu və icraçısı idi. O, nasistlərin hakimiyyətə gəlməsinin böyük sevinc hissi ilə qarşılamış, və Hitlerin ideyalarını tam dəstəkləmişdi. O inanırdı ki, məhz Hitler I Dünya müharibəsindəki ağır məğlubiyyətdən sonra Almaniyanı dirçəldəcək. Lakin müharibənin başlanması ilə onun fikri dəyişməyə başladı.
1939-cu ildə Polşaya hücum etməklə Almaniya II Dünya müharibəsinə başladı. İşğal olunmuş ərazilərdəki hərbi cinayətləri, yəhudilərə qarşı həyata keçirilən soyqırım siyasəti onda ikrah hissi oyatmağa başladı. Hitlerin və nasional-sosializmin Almaniyaya yalnız zərər verdiyini gördü. Artıq Klaus Ştaufenberq Hitlerin öldürülməsi barədə fikirləşməyə başladı.

1942-ci ildə 34 yaşlı Ştaufenberq Şimali Afrikada gedən döyüşlərdə iştirak etməyə başladı. Tunisdəki döyüşlərin birində ağır xəsarət aldı. 2 ay hospitalda müalicə alan Klaus Ştaufenberq sol gözünü, sağ əlini və sol əlin iki barmağını itirdi. Cəbhədə isə ilk ayların uğurları məğlubiyyətlərlə əvəzlənməyə başladı. Sovet ordusu artıq bütün cəbhə boyu hücuma keçmişdi. Şimali Afrikada 200 minlik alman ordusu ingilis-amerikan qüvvələrinə təslim olmuşdu. Almaniyanın məğlubiyyəti yalnız vaxt məsələsi idi. Belə olan halda Ştaufenberq yeganə çıxış yolunu Hitlerin ölümündə görürdü.

Almaniya ordusunun qərargahında xidmət edən Ştaufenberq nasistlərdən narazı olan generalları öz ətrafına toplamağa başladı. Ən əsas müttəfiq isə general-mayor Henninq fon Treskov idi. 1944-cü ilin mayında Klaus Ştaufenberq alman ordusunun ehtiyat qüvvələrinin qərargah rəisi təyin edildi. Beləliklə, o, Hitlerin Şərqi Prussiyada xüsusi olaraq özü üçün tikdirdiyi və “Qurd Yuvası” adlandırdığı iqamətgahındakı yığıncaqlarda iştirak etmək imkanı qazandı.

Qəsd planından çoxlarının xəbəri var idi. Ona görə tələsmək lazım idi. Belə bir fürsət 20 iyul 1944-cü ildə ələ keçdi. Həmin gün Hitlerin “Qurd Yuvası” iqamətgahında cəbhədəki mövcud vəziyyətlə bağlı toplantı keçirilməli idi. Klaus Ştaufenberq toplantıya dəvətli idi. Həmfikirlərini iştirakı ilə partlayıcı qurğu hazırlanır. Qurğunu portfelə yerləşdirən Klaus fon Ştaufenberq iclas zalına daxil ola bilir və yavaşca portfeli Hitlerin yanında qoyur. Lakin böyük palıd stolun arxasında əyləşən toplantı iştirakçılarından biri təsadüfən portfeli görür və onu stolun altına itələyir. Bu, Hitlerin həyatını xilas edir. Çünki, əsas zərbə qüvvəsi Hitlerdən yan keçir və möhkəm palıd stol onun təsirini zəiflədir. Adolf Hitler yüngül sıyrıqlar almaqla xilas olur. Lakin partlayış nəticəsində toplantı otağının tavanı çökür, 20 nəfər yüksək rütbəli zabit həlak olur.

Ştaufenberq partlayış baş verməzdən biz az öncə toplantını tərk etmişdi. Hitlerin ölümündə heç bir şübhəsi olmadığından birbaşa Berlinə onun ölüm xəbərini elan etməyə yollandı. Hərbi nazirliyə özünü çatdıran Ştaufenberq Hitlerin sağ olduğunu eşidir. Tezliklə, o bir neçə tərəfdarı ilə elə nazirlikdəcə həbs olunaraq güllələnir. Qəsdlə birbaşa və ya dolayısı ilə əlaqəsi olan 300 zabit həbs olunaraq güllələnir. Klaus fon Ştaufenberqin bütün qohumları, o cümlədən həyat yoldaşı və uşaqları həbs edilir. Uşaqlarının soyadı dəyişdirilərək uşaq evinə göndərilir. Müharibənin sonunda onlar azad edilir. Müharibənin bitməsindən 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün almanlar Ştaufenberqin və onun tərəfdarlarının Hitlerə qarşı mübarizəsini fəxrlə xatırlayırlar.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır