Modern.az

Sabirin “çimizdirilməsi”, Qabilin xahişi və xeyriyyəçi Gülağa Tənha...

Sabirin “çimizdirilməsi”, Qabilin xahişi  və xeyriyyəçi Gülağa Tənha...

27 May 2013, 19:01

Sabir Poeziya  günləri. Bu  Azərbaycanda hər il mayın 30-da təşkil olunan bir poeziya bayramıdır. Üç mərhələdə keçirilir. Sabirin vətəni olan Şamaxıda qəbri və heykəli  ziyarət olunur. Sonra ev muzeyinin qabağında poeziya bayramıyla başa çatır. Ertəsi gün Balaxanıda – Sabirin dərs dediyi məktəbdə davam etdirilir. Ən nəhayət İstiqlal küçəsində -  Sabirin heykəli önündə Poeziya günlərinə yekun vurulur. Əsası xalq şairi Rəsul Rza və görkəmli Sabirşünas Abbas Zamanov tərəfindən qoyulub. Şair Qabil ustadların bu yolunu davam etdirib. Onların Sabirə məqbərə ucaldılması arzusunu da məhz o həyata keçirib. Ölümündən sonra Poeziya günlərinə Fikrət Sadıq rəhbərlik edib. Hal-hazırda bu yolu şair Əjdər Ol davam etdirir. Sovet dövründə hər il “Sabir Poeziya günləri” adlı almanax da buraxılıb. Bu quru bir icmal idi. Mən isə Sizə bəzi maraqlı, məzəli məqamları çatdırmaq istəyirəm.

Yanğınsöndürənlər və Mirzə Ələkbər Sabir

May ayı idi. Atam zəng elədi ki, bəs “yanğınsöndürmə idarəsində idim. Bu Murad Babayev (general-mayor Murad Babayev-idarənin rəisi-M.Q.) nə yaxşı oğlandır. Özü də Mirzə Ələkbər Sabiri də çox istəyir”. 
Məəttəl qaldım ki, atam hara, yanğınsöndürənlər hara, Böyük Sabir hara? Davam etdi:

- Deməyimi gördüm. O dəqiqə iki dənə maşın göndərdi. Sabirin heykəlini qəşəngcə şampunladılar, çimizdirdilər. Axı, sabah Sabirin ad günüdür?!

Növbəti illərdə də Murad Babayev bu ənənəni könüllü davam etdirirdi.

Qabaqda “Volqa”, arxada  “İkarus”

Atam zəng elədi ki, “sabah Sabir Poeziya günləri başlayır. Səhər tezdən İttifaqın qabağından yola düşürük. Gəl “Volqa”mızı götür, bir yerdə gedək. Qabaqda biz, arxada “İkarus””. Dedim ki, bəs Anarın hökumət maşını  var da, mənim işlərim çoxdur. Dedi ki, “Anar xaricdədir. Ona görə də sən gəlməlisən”. Nəsə höcət elədim. Dəstəyi asdı. Bir azdan zəng elədi ki, “day gəlmə. Dayın Rafiq gələcək onunla birgə gedəcəyəm”. Yenə də dilimi dinc qoymadım. “Niyə axı öz maşınımızla gedirsən, o boyda “İkarus”da yer yoxdur?”.  Əsəbiləşdi, dəstəyi  yenidən asdı.

Sonradan başa düşdüm ki, bu bir ənənədir. Rəsul Rza da, Abbas Zamanov da qabaqda “Volqa”yla gedirlərmiş. Arxasıyca da avtobus.  Qabil də bu ənənəyə sadiqmiş.

Sabir, Qabil və Gülağa Tənha

Sabirin qəbirüstü abidəsi  onun adına layiq deyildi. Amma nədənsə bu işə bir əncam çəkən olmamışdı. Nə Sovet vaxtı, nə də müstəqillik illərində. Rəsul Rza və Abbas Zamanovun da Sabirin qəbri üstündə məqbərə tikdirmək arzuları olmuşdu. Atam da bunu bilirdi. Bu arzu ustadlarından ona miras kimi qalmışdı.

Gülağa Tənha adlı bir şair var. Rusiyada yaşayır. Şairliyindən daha çox xeyriyyəçilik əməlləriylə məşhurdur. Azərbaycanda çox yaradıcı insanın kitablarını çap etdirdi, yaradıcılıq gecələrini keçirdi. Atama da müraciət etmişdi ki, cildlərini çap etsin. Amma razı olmamışdı. Onun yaratdığı “Gülağa Tənha Fondu” var idi. AzTV-də iş yoldaşlarım İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Rafiq Kərimov və redaktoru  Surxay Gülağanın (onlar həm də bu fondla əməkdaşlıq edirdilər) təkidiylə hər dəfə məndən soruşurdular ki, “Qabil müəllimin bir sözü-qulluğu var?”. Mən də atamdan hər dəfə soruşuranda cavabı eyni olurdu: “Sağ olsun. Hər şey var”.
Günlərin bir günü Rafiq Kərimov evə zəng etdi. Əlbəttə ki, Gülağa Tənhanın təkidiylə. Eyni müraciətlə. Atam o biri otaqdaydı.

-  Mahir, Qabil müəllimin bir sözü, qulluğu olar. Gülağa soruşur.

- Var.

- De, bu dəqiqə zəng edim çatdırım.

- Atam deyir ki, Sabirə məqbərə tikdirsin. Mənə hörməti bu olar.

Sağollaşdıq. Üstündən 10 dəqiqə keçdi. Rafiq zəng etdi:

- Mahir, Gülağa müəllimə dedim. Məqbərənin tikintisinə pul buraxdı.

Sevinirdim. Qorxa-qorxa o biri otağa keçdim. Kəşfiyyat xarakterli bir-iki söz dedim:

- Papa,  istəyirəm Gülağa Tənhaya sənin adından deyim ki, bəs Sabirə məqbərə tikdirsin.

- Demə! Eləməz!

- Niyə?

- Bahalı şeydir. O ancaq kitab çıxarar. Yaradıcılıq gecəsi keçirər. Məqbərəyə çoxlu pul lazımdır.

- Birdən eləsə?

- Lap əla olar.

Rafiq Kərimovun sözün çatdırdım. Uçmağa qanadı yox idi. Bircə bunu dedi:

- Abbas müəllim edə bilmədi, Rəsul müəllim edə bilmədi, axır ki, mən bacaracağam.

“Kəndxudanı gör, kəndi çap”

Rafiq Kərimov mənə dedi ki, “Mahir məqbərənin tikintisi üçün bəzi rəsmiyyətlərin həyata keçirilməsi lazımdır. Bunun üçün  atan, sən, mən, Surxay və İlqar (Gülağanın sağ əli-M.Q.) Şamaxıya getməliyik”.
Səhəri gün Şamaxıya getdik. Birbaşa İcra Hakimiyyətinə. Başçı - indi Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini işləyən - Natiq Məmmədov idi. Bizi mehribanlıqla qarşıladı. Atamın birinci sözü bu oldu:

- Natiq müəllim, belə bir misal var: “Kəndxudanı gör, kəndi çap”.

Gülüşdülər. Natiq müəllim  öz tərəfindən nə lazımdırsa köməklik göstərəcəyini bildirdi. Orada bəzi qəbirlərin köçürülməsi problemi vardı. Hər şey qaydasında, tam sürətlə davam etdi. 2005-ci il mayın 30-da - Sabir Poeziya günlərində boz qranitdən  ucaldılmış məqbərənin açılışı oldu.

Bu Natiq müəllim qəribə adamdır e...

Məqbərənin açılışından sonra Gülağa müəllim Şamaxı rayonunun icra başçısı Natiq Məmmədova yaxınlaşır. 5 dəqiqəlik söhbətdən sonra yenidən atama yaxınlaşaraq:

- Qabil müəllim, mən çox icra başçıları görmüşəm. Amma bu Natiq müəllim qəribə adamdır e. Soruşuram ki, mənə görə bir sözünüz, qulluğunuz? İndi elə bildim ki, nəsə şəxsi bir tələb qoyacaq, elədiyi xidmətin müqabilində. Nə desə yaxşıdır? “Əlillər üçün evin tikilməsinə köməklik edə bilərsinizmi?”

Gülağa da “şair”  çıxdı

Atamın Sabir haqqında zərbi-məsələ çevrilən çox fikirləri vardı. Günlərin bir günü “Səhər” proqramının qonağı idi. Veriliş başa çatdı. Atamı evə yola saldım. Üstündən 10 dəqiqə keçirdi. Operatorumuz Şakir özünü tövşüyə-tövşüyə çatdırdı ki, “aton hanı?” Dedim ki, getdi. Qucaqladı məni bərk-bərk öpdü.

- Bax çatdırmadım. Evə gedəndə atonu mənim adımdan bax bu cür öpərsən.

- Niyə?

- Bircə sözünə görə: “Mirzə Ələkbər Sabir xalqımızın vətəndaşlıq pasportudur”

Atamın Sabir haqqında bir rübaisi də vardı:

Sabir köhnəliyin vəlvələsiydi,
Milli idrakımın zəlzələsiydi.
Vətən fəxr etsə də, şairləriylə
Sabir tək başına xalqın bəsiydi.

Atam Gülağa Tənhaya dedi ki, məqbərənin içində, qəbrin baş hissəsində bu rübaini həkk eləsin. Müəllifin adını isə yazmasın. Məqbərə hazır olandan sonra məlum oldu ki, Gülağa atamın bu arzusunu yerinə yetirməyib. Sənətkarlar bir-birinə qısqanc olur axı... Gülağa Tənha “şair” çıxmışdı. Sonralar Şahmat Federasiyasının prezidenti olmaq istəyirdi. Amma “şahmatda uduzdu”.

Gülağa Tənha həm də bivəfa çıxdı

Atamın son kitabı olan “Ömrün gecə qatarı” kitabı çapdan çıxırdı. Sıralamada birinci şeir də Gülağaya həsr etdiyi şeir idi. Arzusu da bu idi ki, Gülağa Tənha “Hyatt Regency” otelində bu kitabın təqdimat mərasimini keçirsin. Amma atam rəhmətə getdi. Kitab da 40-na hazır oldu. Avtoqraf yazıb Gülağa Tənhanın sağ əli İlqara verdim. Atamın son arzusunu da çatdırdım. Gülağa Tənha bivəfa şıxdı.

SON

Hər il Sabir Poeziya günləri keçirilir. Şair Əjdər Ol da poeziya günlərinin rəhbəridir. Ənənəyə uyğun olaraq poeziya günləri AzTV tərəfindən başdan-ayağa çəkilir. Əjdər müəllimin dediyinə görə, hər dəfə öz sələflərinin, o cümlədən atam Qabilin də adını razılıqla çəkir. Onların Sabirin ruhu qarşısında xidmətlərini qeyd edir. Amma nədənsə mən bunu televiziya ekranında görmürəm.

Bilmirəm. Bəlkə də Sadıq Elcanlının buraxdığı səhvdir. Əminəm ki, bu il Sadıq müəllim daha diqqətli olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir