Modern.az

“A gədə, o yana dur”- “Neftçi”-“Xəzər Lənkəran” oyununa sözardı

“A gədə, o yana dur”- “Neftçi”-“Xəzər Lənkəran” oyununa sözardı

İqtisadiyyat

29 May 2013, 12:48

Dünənki “Neftçi” – “Xəzər Lənkəran” oyununun nəticələri də məlumdur, oyundan sonra baş verən dava dalaş da. Gecədən idman saytları bu barədə lazım olan nə varsa, hamısını yazıblar. Mən isə müşahidə elədiyim başqa məqamları bölüşmək istəyirəm.

Əvvəla onu deyim ki, matçın təşkilatçılığı ölkə çempionatının sıradan oyunlarındakından heç nə ilə fərqlənmirdi. Fərqlənən bir neçə məqam var idi ki, bunu da nə təşkilatçılığa, nə də təhlükəsizliyə aid etmək olar. Məsələn, 10-15 nəfər qara kostyumlu, qırmızı qalstuklu əməkdaş oyunboyu meydanın ətrafında dövrə vurur, əllərində seçki qutularını xatırladan şəffaf qutularda oynanılacaq lotereya biletlərinin kodlarını yığırdılar. Təsəvvür edin, “Qalatasaray”la “Fənərbağça” oynayır ya fasilədə ya da elə oyunun gedişatında əliqutulu 10-15 nəfər düşüb tribunaların canına. Hələ bilinmir ki, o qutulara atılan kodlar gedib mənzilbaşına çatacaq ya yox. Burası da belə...

İkincisi, bizim azarkeşlər hələ də üzərinə düşən görəvin nədən ibarət olduğunu tam dərk edə bilməyiblər. Bunlara elə gəlir ki, oyun boyu “semiçka” çırtlayıb, hər dəfə hakim səhv edəndə onun anasını, bacısını söymək azarkeşlikdir. Sonra da deyirik ki, Azərbaycanda qadınlar çox nadir hallarda stadiondan oyun seyr edirlər. Nəinki qadın, heç tərbiyəsi yerində olan kişi də bu atmosferdə oyun seyr etməyi özünə sığışdırmır.

Respublika stadionu təmir olunandan sonra düşünmüşdüm ki, yəqin azarkeşlərimiz heç olmasa bundan sonra ayaqlarını aşağı cərgədəki oturacaqların üstünə qoymayacaqlar. Amma...

Bir iki kəlmə də “Neftçi”nin qolkiperi Saşa Stamenkoviç haqda. Bu gədə bakılılar Avroliqanın qrup oyununda  “Partizan”la Serbiyada oynayanda serb oyunçulardan biri bunu az qala stadionun ortasında minirdi at əvəzinə. Özü də olsa-olsa Saşanın çiynindən idi. Halbuki,  Serbiya bu adamın vətənidir. Amma burda oyunboyu və oyundan sonrakı penaltilər seriyasında sanki əsas görəvi rəqibləri təxribata çəkmək, aranı qızışdırmaq, dava-dalaş salmaq idi və buna da nail oldu. Təsəvvür edin ki, lənkəranlı oyunçu (hərçənd ki o komandada Lənkərandan başqa hər yerdən oyunçu var idi) penalti  vurmağa gəlir. Bu uzundraz qapıçı gəlib onun qabağında mühazirə oxuyur, psixoloji təzyiq göstərir, hakimin də ağlı kəsmir desin ki, a gədə o yana dur.

Bir sözlə, biz futbol oynamaqdan başqa hər şeyi öyrənmişik-mədəniyyətsizliyi, təxribatçılığı, oturacaqları sındırmağı...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?