Modern.az

Musa Yaqub: “Bəziləri öz payızını, bəziləri isə baharını yaşayır” - MÜSAHİBƏ

Musa Yaqub: “Bəziləri öz payızını, bəziləri isə baharını yaşayır” - MÜSAHİBƏ

30 May 2013, 09:28

“Cəmiyyətə tərifdən, pafosdan uzaq şeirlər lazımdır”

Modern.az-
ın müsahibi şair Musa Yaqubdur.

– Nə yazırsınız, yaradıcılıq eşqiniz təqaüdə çıxmayıb ki ?

– Elə əvvəlki həvəslə yazıram. Düzdür, hərdən bəzi problemlər, qayğılar yaradıcılığa təsir edir, amma mən yenə də həmin şövqlə yazıram. Hərdən xəzəl altından yeriyən su kimi, hiss edirsən ki, əlin-ayağın başqa forma aldı. Onda anlayırsan ki, yaradıcılıq zamanı gəldi.

Şair ancaq ilham vaxtında şairləşir. O öz bahar vaxtında yazır. Bu yaxınlarda “Azərbaycan” jurnalının 4 nömrəsində şeirlərim çap olunub. Daha sonra bir neçə şeirlər silsiləsi yazıram. Şeir məndə zaman-zaman yığılır, sonra onu kağıza köçürürəm. Hərdən keçmişimə qayıdıram. Keçmiş ruhuma qayıdıram. O qayıdış insanda qəribə hislər yaradır. Məhəbbət şeirləri də yazıram. Onlar da çap olunub. “Qanun”  nəşriyyatı mənim sevgi şeirlərimdən ibarət bir kitab çap etmək fikrindədir. Həm köhnə, həm də təzə sevgi şeirlərimi çap edəcəklər. Sevgi onsuz da heç vaxt köhnəlmir.   

Son zamanlar yazılan şeirlərdə ağrı yoxdu. Sanki o şeirlərdən göz yaşı tökülmür...

– Bir misalla demək istəyirəm. O vaxt ağrını da, göz yaşlarını da həsrət yaradırdı. Bu həsrət bəzən sevgi məktublarını yaradırdı. “Ürəyimin ən dərin guşəsində saxladığım sevgi dolu salamları sənə göndərirəm”. Çox incə duyğular idi bunlar. Məktubun necə yetişməsini, nə zaman yetişməsini həsrətlə düşünürdük. İndi hər şey üzdədir, hər şeyə çatmaq çox asandı. Ona görə də bəzi məqamlar, bu duyğular süniləşib. Əgər Leyli ilə Məcnun qovuşsa, idi bu boyda dastan yaranmazdı. Təbii mən istəmirəm ki, hamı Leyli-Məcnun kimi olsun. Amma hər bir halda fikrinizlə razıyam.

– Amma şeirləriniz sanki od-alov püskürür... 

– Keçən il  çap olunan “Dövrün dəyirmanı” adlı kitabım ictimai mövzuda olan şeirlərdən ibarətdir. Siz demiş, bir az üsyan şeirlərini o kitabda yığmışam. Dostlardan, cəmiyyətdən, insanlardan narazı qaldığım vaxt şeirlər üsyan püskürür.

Ən böyük dərd odur ki,
Sünbül-sünbül tarladan,
Adın vətəndaş olsun
Vətən sənin olmasın.

Bu cür hallar var deyə, adamın ürəyində üsyankarlıq əmələ gəlir. Haqsızlıqlar, nahaq olanlar adamda üsyankarlıq yaradır. Bu üsyankarlıq siyasi mənada deyil, bədii, obrazlı surətdə əks olunur. Bədii surət siyasi mənadan daha kəskindi. Məsələn, BMT tam olaraq siyasi anlayışdır, amma mən ona poetik şəkildə üsyan tipli şeir yazmışam, həmçinin adi ürək dərmanına aid bədii obrazlılıqdan istifadə edərək maraqlı şeirim var. Bunun özü də üsyankarlıqdır. Ürək nələrlə qarşılaşır ki, sonda dərmana ehtiyac duyur? “Burax məni çıxım gedim azadlığa”, “Camışxanada marş” və s. Şeirlərimdə üsyan elementləri var.

– “Bu dünyanın qara daşı göyərməz” adlı şeirniz və eyni adda kitabınız var. Bizlər qara daşları göyərtmək gücündə deyilikmi ?

– Bu o məna daşıyır ki, keçən ömür bir daha qayıtmayacaq, sönən ocaq yenidən yanmayacaq. Burda ömrün qayıtmamağı, faniliyi məsələsi var. Məzar daşları bir daha göyərməyəcək. Ümidlər göyərər bəlkə, amma ömürlər göyərməyəcək,

Ot bitirib o çığırım, o izim 
Tufanlanıb çalxalanmaz dənizim
Daha məndən sevgi umma əzizim
Bu dünyanın qara daşı göyərməz.

Yəni məhəbbət və hörmət yenə də olacaq, amma  o sevgi geri dönməyəcək. Şeir də bu məzmunu əks etdirir.

– İnsan öz ümidlərini də göyərdə bilməz?

– Şairlər ümid anlayışını çox poetikləşdiriblər. Özümün də bu barədə xeyli şeirlərim var. Amma ümidlərin hamısı sonda puç olub gedir.

– Bəs cəmiyyətimizin gələcəyi ilə bağlı ümidlər nə zamansa göyərə bilərmi ?

– Vallah cəmiyyət nə qədər düzəlsə də, dünya baş-başa cənnətə dönsə də, ömür yenidən göyərən deyil. Bəzən sənin göyərməyən arzuların göyərə bilər, nəsə yaxşı tərəfə dəbərə bilərsən. Amma ömür qayıdan deyil. İnsanın qaladığı əvvəlki ocaq heç vaxt yana bilməz. Hislər də onun kimi.

Ömür axan çaya bənzər bir daha geri qayıda bilməz. Bu cəmiyyətin düzəlməyi ilə deyil, dünyanın düzəlməyi ilə deyil. Ömür gəlir və gedir...

Hiss edirsinizmi, bütün insanların payızı bir-birinə oxşayır?

– Payızda hər şey bir birinə oxşayır. Yarpaqların saralması solması, təbiətin çılpaqlaşması hamısı bir birinə oxşayır. Amma bir dənə payız bir-birinə oxşamır.

Daha bitməyəcək o solan çiçək
Yellər o ağacı oyatmayacaq
Düzdü min-min belə payız gələcək
Amma ki, o payız qayıtmayacaq.

Dünyanın ömrü də bir payızın ömrü kimidir. Dünyanın ömrü eşqin yaşamı qədərdir. Sənin eşqin yaşayırsa, deməli, dünya da var.

– Payızdan danışmışkən, Azərbaycan bu gün öz payızını yaşayır, yoxsa baharını?

– Bəziləri öz payızını, bəziləri isə baharını yaşayır.

– Gənclik vaxtlarınızda “Yarpaqlar oxuyur” adlı kitabınız çap olunub. Artıq ömrün ahıl çağlarını yaşayırsınız, yarpaqlar bəs indi sizə nə oxuyur ?

– İlk şeirlər kitabımdır. Təbiət, ağac, daş, qaya, ot, çiçəklər mənim əzəli qəhrəmanımdı. Mən həmişə onlardan ilham almışam. Amma o dağ həmin dağ deyil, o çəmən həmin çəmən deyil, o ot həmin ot deyil. Mənə görə onlar indi də mənimdi. Əvvəl necə görmüşəmsə indi də nəzərimdə o cür qalıb. Yarpaqlar indi də o cür oxuyur. Dünyada bu dil qədər poetik dil yoxdur.

– Bu gün hansı şairlər bizə daha çox vacibdir?

– Elin, camaatın dərdini təsvir edən, meydana qoyan şairlər bu gün daha çox bizə vacibdir. Tərifdən, pafosdan uzaq, xalqın ruhu olan şeirlərin müəllifi bu gün bizə daha çox vacibdir.

– Məsələn.....

– Məmməd Araz.

– Bəs ziyalılardan kimlər bu gün bizə lazımdır?

– Mənim əsl həqiqəti danışan, sözünü deyə bilən ziyalı dostlarım çoxdur. Onların heç birini fərqləndirmirəm.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu