Modern.az

Masallıya getdik, gəzdik, gördük... - REPORTAJ

Masallıya getdik, gəzdik, gördük... - REPORTAJ

4 İyun 2013, 10:24


Səhər tezdən oğlum Yusufla qısa “dialoq”dan sonra tez-tələsik hazırlaşıb, axşamdan qablaşdırdığım əşyalarımı da götürüb evdən çıxıram. Çünki səhər saat 8-də “Əjdaha”nın yanında görüşməliyik...
...Deyəsən özümü çox çətinə saldım axı. Nə əjdaha, nə zad? Deməli vəziyyət belədir-səhər saat 8-də bir qrup jurnalist “Azneft” meydanında görüşüb Masallıya getməliyik.

Yolda fotomüxbirimiz Elçinə zəng vururam. Deyir ki, metroya düşür. Gözlə-deyirəm və bir yerdə metroya düşə-düşə planlarımızı qururuq.

“İçərişəhər” stansiyasından çıxanda Elçinə, daha doğrusu Elçinin telefonuna zəng gəlir. “Kaspi” qəzetinin redaktoru İlham Quliyevdir. Hərçənd ki, səfər ərzində məlum olacaq ki, onu işdə daha çox soyadı ilə çağırırmışlar. Səbəb də odur ki, bu redaksiyada eyni adda 4-5 nəfər var.

Təyin olunmuş vaxtda “Əjdaha”nın yanındayıq. Uzaqdan gözəyarı baxanda görünür ki, 8-10 nəfər olacağıq. Yaxınlaşdıqca tanış simalar görürəm. Necə deyərlər, ağsaqqallar burdadır, gənc kadrlar gecikib. Deməli, “Komanda” qəzetindən Natiq Muxtarlı, “Qafqazinfo”dan Elnur Məmmədli, tanınmış yazar Ziyadxan Əliyev, “qhtxeber.az” saytının redaktoru Sənan Nəcəfovla yol yoldaşı olacağıq.

Doğrusu, Sənan müəllimlə ilk dəfədir görüşürük. Elə adını da yolda öyrənirəm. Amma sürücümüz İlhamı “tərifləməyindən” bəlli olur ki, “kruq”da təzə olan elə Elçinlə mənəm.
Bir neçə dəqiqəlik məsləhətləşmədən sonra maşınlara minirik. Etiraf edim ki, Sənan müəllimin sürücü İlhamı “tərifləməsi”nə görə onun maşınına minməyə tərəddüd edirəm. Amma kapriz göstərmək zamanı deyil. Çünki hava özünü göstərməmiş mənzilbaşına çatmalıyıq. Allah, Məhəmməd, Ya Əli!

Şəkili “Şumaxer


İlk kilometrlərdən proqnoz özünü doğruldub. Hətta bəzi məqamlarda mənə elə gəlir ki, Masallıya Şumaxerlə gedirik. Elçinlə arxada oturmuşuq. Əsgərlikdən, fotojurnalistikadan, mətbuatdan, taksidən... ağlımıza gələn nə varsa, hamısından danışırıq. Artıq Salyana çatmışıq. Yolüstü qəlyanaltıdan sonra davam edirik. Maşında maraqlı atmosfer var. Hər kəs bildiyi lətifələrdən, əhvalatlardan danışır. Başımız söhbətə necə qarışıbsa, deyəsən yolu səhv salmışıq...
Biləsuvarda “Bizim Şumaxer” qəfil maşını saxlayır. Hə, lap yadından çıxmışdı onun Şəkidən olduğunu demək. Maşından aşağı düşür, təkərə baxır. Səbəbini soruşuruq. Şəki ləhcəsi ilə cavab verir.

- Elə bildim ki, təkər fısdıyıf.

Yəni ona elə gəlib ki, təkər partlayıb.

Masallıya çathaçatdayıq. Getdikcə yarımsəhralıqları yaşıllıqlar, bir də uzaqdan görünən dağlar əvəz edir.

Bizi rayonun icra başçısının müavini Nəsir Muxtarlı qarşılayır. İstisuya gedən yolun üstündə yerləşən “Viləş” hotelə yerləşirik. Ardınca isə “Nağıl” istirahət mərkəzində nahar edirik. Burdan Masallıya maraqlı görüntü açılır. Nəsir müəllim deyir rayonda 28 iri turizm obyekti fəaliyyət göstərir ki, bunlar eyni zamanda 1200 nəfər turisti qəbul etmək imkanına malikdir. Söhbətin gedişatından məlum olur ki, bu obyektlərdə mental dəyərlərə də yetərincə hörmətlə yanaşılır. Yəni əgər hansısa qadınla bura gəlirsənsə, mütləq rəsmi nikah kağızı tələb olunacaq. Yol çox uzun olmasa da, hər kəsdə yorğunluq hiss olunur. Otelə qayıtsaydıq bir az dincələrdim-deyə düşünürəm.

“Padyom

Nömrəyə girər-girməz Elçin yatır. Elnurla xeyli söhbətləşirik-“Qafqazinfo”nun yaranmasından tutmuş, ayrı-ayrı həmkarlarımıza qədər hər şeydən. Bəribaşdan deyim ki, danışdıqlarımız qeybət deyildi haa... Bir azdan Masallının məhur İstisuyuna getməliyik, yaxşısı budur mürgüləyim.
- “Padyom”.
Ayılıram. Elnurdu, bizi oyatmaq istəyirmiş. Özü də hərbisayaq. Otelin qarşısında yığışıb maşınlara minirik. Yolboyu əsrarəngiz mənzərlələr bir-birini əvəz edir. Düşünürsən ki, niyə insanlarımız bu cür yerlərimiz ola-ola Antalyada, Bodrumda milyonlar xərcləyirlər? Başa düşəndə ki, zövqlər müxtəlifdir...
 
İstisudayıq. İstirahət mərkəzinin rəhbəri İldırım Allahyarovun (Bu şəxs məşhur “Viləş” futbol komandasının prezidenti olub. Onun maraqlı açıqlamalarla dolu müsahibəsini Modern.az-da oxuya bilərsiniz-İ.V) qarşılamasından sonra ərazini gəzirik. İldırım müəllim deyir ki, burda yerdən çıxan suyun ilk mənbədə istiliyi 68 dərəcə olduğundan maksimum 10 saniyə dözmək mümkündür. İndiyə kimi yalnız bir xanım ayağını 13 saniyə bu suda saxlaya bilib. Maraqlı bir məqam diqqətimi çəkir.


Düz suyun yerdən çıxdığı həndəvərdə ağaclar var və bu istilik onları qurutmur. Hər halda ilahi möcüzə adlandırmaq olar bunu.

Məşhur İstisu

 

Pilləkənlərlə aşağı düşürük, dağın dibinə. Burda hələ də “Son zəng”dir. Bir neçə məzun çay kənarında əylənirlər. İstisudakı “Mədə bulaq”la tanış oluruq. Adından da göründüyü kimi bu bulaq bir çox xəstəliklər, əsasən də mədə və bağırsaq problemlərinin dərmanıdır.

Bərbad “Viləş”

  

Vaxtımız az, görməli yerlər isə çox. İstisudan çıxıb bir zamanlar Masallının rəmzlərindən birinə çevrilmiş “Viləş” stadionuna yollanırıq. Mübaliğədən və fantaziyadan kənar deyirəm-ürəkağrıdan mənzərədir. Bir zamanlar ölkə çempionatında at oynadan “Viləş”in stadionunun da demək olar ki, adı qalıb. Bu komanda indi həvəskarlar liqasında mübarizə aparır. Meydançanın və tribunaların vəziyyətini isə sözlə izah etmək mümkün deyil.Şəkillər hər şeyi deyir.


“Viləş” hazırda rayon İcra Hakimiyyətinin himayəsi ilə çıxışlarını birinci dəstədə davam etdirir. Komandaya məşhur masallılı futbolçu Alay Bəhramov rəhbərlik edir. Əslən Masallıdan olan həmkarım Natiq Muxtarlı deyir ki, komanda həvəskarlar liqasında çıxış etsə də, hər oyuna 1000-1200 azarkeş gəlir.
“Heç Bakıda superliqa komandalarının oyununda bu qədər azarkeş olmur” deyən həmkarımla rayon futbolunun keçmişindən danışırıq. Danışırıq deyəndə ki, o danışır, mən isə dinləyirəm. Fotomüxbirimiz Elçin isə tez-tez yoxa çıxır, 5-10 dəqiqədən sonra çəkdiyi maraqlı kadrları mənə göstərir. Deyirəm ki, “axırda səni bu Masallıda itirməsək yaxşıdır”.

“Qamo” nə”Qamo”

Stadiondan ayrılıb rayonun mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkirik. Burda son tamamlama işləri görülür. Bütün rayonlarda olduğu kimi Masallıda da Bayraq meydanı var. Nəsir müəllimdən öyrənirik ki, bayraq dirəyinin hündürlüyü 34 metrdir. Bayraq meydanı ilə eyni ərazidə isə Qəhrəmanlar parkıdır.


 

Beynimə futbol oynamaq düşüb. Kimə deyirəmsə, hamısı “hə” deyir. Amma yekun qərar belə olur ki, axşam rayonun ən ucqarında yerləşən “Qamo” istirahət mərkəzinə baş çəkək. Deyilənə görə,buranı rayonun qurtaracağı sayırlar. Yəni bu istirahət mərkəzindən sonra ancaq dağlar var, vəssalam.

“Qamo”ya qışda gəlmək yəqin ki mümkün deyil. Çünki elə bir reylefə malikdir ki... Yolüstü düşüb şəkillər çəkdiririk. Həm də buranın mənzərəsini sözlə ifadə etmək mümkünsüz kimi bir şeydir. Ətrafda yaşıldan başqa rəng görmürsən. Meşə, dağ, dağ, meşə, yaşıllıq... Mənzərələr bir-birini təxminən belə bir şəkildə əvəz edir.



İtkin fotomüxbir

Gecə 12-də nömrəyə qayıdırıq. Enur qeydlərini aparır. Çox yorğunam, yazacaq halda deyiləm. Amma müəyyən qeydlər etməyim mütləqdir.

Elçin yenə də yoxa çıxıb. Amma bu dəfə qəti qorxusu yoxdur. Deyəsən hamamdadır, yuyunur. Ağsaqqal-otaqda hər ikimizdən yaşca böyük Elnurdur-deyir ki, “bizə qalan bu şəkillər olacaq”.

Televizora baxırıq. Deyəsən Türklər yenə qızışıblar ya da kimsə qızışdırıb. Əşşi özləri bilər-deyə düşünürəm. Oturub gün ərzində çəkdirdiyimiz şəkillərə baxırıq. Ürəyimdə Facebook-a yerləşdirəcəyim şəkilləri seçirəm. Yeri gəlmişkən, həmin şəkillər artıq Facebook-dadır. Bu dəfə Elnur yuxu normasını doldurmağa çalışır. Deyəsən alınmadı. Qalxıb “mini bar”dan iki ”Redbull” götürüb bizə atır. Pulunu özü verəcək, sağ olsun.

O biri həmkarlardan xəbərim yoxdur.

Sayıqlayan jurnalist

Heç yanımdakıların da məndən xəbərləri yoxdur. Çünki artıq ikisi də yatıb. Gecənin bir aləmi noutbukla güləşirəm. Çünki internet çox güclü olduğundan noutbukun ona gücü çatmır. Səhər saat 5-dir hələ də yatmamışam. Amma tezdən oyanıb yola çıxmalıyıq.

Elçin deyir ki, gecə yuxuda “şəkili Şumaxer”ə yolda dediklərimi təkrarlayırmışam. Ürəyimdə fikirləşirəm ki, görəsən demədiklərimi də deməmişəm ki...

 


Səhər yeməyindən sonra əşyalarımızı yığıb rayon mərkəzinə qayıdırıq. İcra Hakimiyyətində Nəsir Muxtarlı bizi qəbul edir, Masallıda görülən və görüləcək işlər barədə məlumat verir.

Amma mənim dünəndən elədiyim xahiş qüvvəsində qalır. Masallının Qasımlı kəndində 107 yaşlı bir nənə var, onunla görüşmək. Axır ki, alındı...


Gəzəcəyimizi gəzdik, görəcəyimizi gördük. Yola düşməyin tam zamanıdır. Nəsir müəllim bizi yola salanda tez gəlməyimizi xahiş edir. Amma o bilmir ki, jurnalist tayfasını bir yerə bircə dəfə dəvət eləmək kifayət edir ki, oranın daimi sakininə çevrilsinlər. Yetərincə maraqlı təəssürat var. Hələ heç kim bilmir ki, Bakıya qayıdarkən bizi yetərincə təsirli hadisə gözləyir.


 

İntiqam Valehoğlu
Fotolar Elçin Ağayevindir

P.S. Bakıya qayıdarkən maşınlarımızdan birini yol polisi saxlayır. Azacıq mübahisədən sonra məlum olur ki, həmin bu yol polisi Milli Qəhrəman Mübariz İbrahimovun əmisi oğludur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı