Modern.az

Elmar Qasımov: “Övladlarımın dərs qiymətləri SMS-lə telefonuma gəlir” - MÜSAHİBƏ

Elmar Qasımov: “Övladlarımın dərs qiymətləri SMS-lə telefonuma gəlir” - MÜSAHİBƏ

Müsahibə

5 İyun 2013, 10:19


Modern.az
saytında “Pəncərə” layihəsinin budəfəki qonağı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. Onunla müsahibə iş çoxluğundan bir az gec baş tutdu. Amma söhbət zamanı 13 ildir təhsil sahəsində fəaliyyət göstərən E.Qasımov tələbələrdən, müəllim kollektivindən ürəkdolusu danışdı.

– Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2011-ci il noyabrın 29-da Dövlət Neft Şirkətinin tərkibində Bakı Ali Neft Məktəbi yaradıldı. Bundan sonra məktəbin yaradılması proseduru həyata keçirildi. Bütün hüquqi-normativ sənədlər hazırlandı. Ali məktəb Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi, Təhsil Nazirliyinin lisenziyasını aldı. 2012-ci il aprelin 10-da Prezidentin sərəncamı ilə bu ali məktəbə rektor təyin olundum.                                   

İlk gündən başlayaraq ali məktəbimiz Azərbaycan ali təhsil sistemində yeni istiqamətdə fəaliyyət göstərdi. Birinci növbədə Azərbaycan iqtisadiyyatının əsasını neft, kimya, qaz kompleksi tutur. İqtisadiyyat üçün müasir texnologiyalar əsasında yüksək səviyyəli kadr hazırlığına ehtiyac var. Kadr hazırlığı beynəlxalq təcrübə əsasında qurulur. Bunu əsas götürərək, ilk növbədə ali məktəbimiz dünyada mühəndislii öndə gedən ali məktəblərlə əlaqə qurmaq qərarına gəldi. İlk növbədə dünyanın nüfuzlu universitetlərilə əlaqə saxladıq. Bunlardan biri Böyük Britaniyanın Heriot-Vatt  Universitetidir. Heriot-Vatt Universiteti Bakı Ali Neft Məktəbi ilə tərəfdaş olmaq fikrindədir. Bu tərəfdaşlıq əlaqələrinin əsas şərtləri ondan ibarətdir ki bizim məzunlar iki – həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomlarını alacaqlar. Məktəbimizin proqramları demək olar ki, Heriot-Vatt Universitetinin proqramlarıdır. Tədris dilimiz ingilis dilidir. Təhsil pulsuzdur.

– Nə vaxtsa ödənişli təhsil sisteminə keçmək fikriniz var?

– Xeyr. Bundan başqa, Heriot-Vatt Universiteti Bakı Ali Neft Məktəbinin inkişafını üzərinə götürüb. Ali məktəbimizin ən unikal cəhətlərindən biri odur ki, bizim  məktəbin semestr imtahanları da Heriot-Vatt Universiteti tərəfindən aparılır. Müəllimlərimiz yalnız tədris prosesini həyata keçirir. Bu cür prosesin aparılmasının müsbət cəhəti ondan ibarətdir ki müəllimlərimiz məsuliyyətini dərk edir. Bizə qiyməti kənardan verirlər, özümüz özümüzə qiymət vermirik.

Bakı Ali Neft Məktəbi həm təşkilati cəhətdən, həm maliyyə cəhətdən ARDNŞ-nin tərkibindədir. Bu, ən böyük üstünlüyümüzdür. Ali məktəbimizin təchizatı maliyyələşdirilməsi, binanın təmir edilməsi yeni tikilən şəhərcik Dövlət Neft Şirkəti tərəfindən həyata keçirir.

– Azərbaycan Dövlət Neft Akademiyası olduğu halda Ali Neft Məktəbinin yaradılmasına nə ehtiyac vardı?

– Həm Azərbaycan Pedaqoji Universiteti var, həm Müəllimlər İnstitutu. Pedaqoji kadrların hazırlığı ilə bir sıra ali məktəblər məşğul olur. Hesab edirik ki, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən bir sahədə bir ali məktəbin ixtisaslı kadr hazırlığı həyata keçirməklə yanaşı,  ikinci bir ali məktəbin tamamilə yeni tədris proqramının olmasını rəqabət kimi görməməliyik. Bunu ali təhsilimizin inkişafı kimi görməliyik.

– Tələbə axını necədir?

– Biz gözlədiyimizdən də artıq.

– Neçə fakültə fəaliyyət göstərir?

– İki.

– Bakı Ali Neft Məktəbini bitirən tələbələr iş problemi ilə üz-üzə qalmayacaq ki?

– Bu ixtisaslara həm ölkəmizdə, həm də ölkə kənarında böyük ehtiyac var. Onlar ARDNŞ-nin müəssisələrində işlə təmin olunacaqlar. Yeni şəhərcik kompusumuz tikilir. Kompus açıldıqdan sonra yeni ixtisaslar da olacaq.

– Əcnəbi vətəndaşların qəbulu varmı?

– Hələ ki yox. Yaxın gələcəkdə planlaşdırırıq. Norveç universitetləri ilə də müqavilələr bağlamışıq.

– Magistratura təhsil sistemi də mövcuddur?

– Gələcəkdə o da planda var.

– Əcnəbi müəllimlərlə iş birliyiniz varmı?

– Bu ildən Heriot-Vatt Universitetinin müəllimlərilə müqavilələr bağlayacağıq. Hələlik bizdə xarici müəllimlər işləmir.

– Dərs proqramı necədi?

– Etiraf edim ki dərs proqramı çətindir. Bizim ali məktəbə qəbul olmaq da çətindir, oxumaq da, bitirmək də.

– Maraqlıdır ki, sizin məktəbdə ödənişli təhsil də yoxdur, bəs rüşvət halları?

– Bizim məktəbdə əmək haqları yüksəkdir. İmtahanlar, qiymətləndirmə yerli müəllimlər tərəfindən aparılmır. Onlar proqramı verir və gəlib o proqram əsasında imtahan götürür. Əsas məqsədimiz kəmiyyət deyil, keyfiyyətdir. Əslində bizdə normal tədris prosesi gedir. 200-350 bal toplayan tələbə gəlib bizim ali məktəbdə oxuya bilməz. Onun potensialı buna imkan verməz. O proqramı mənimsəyə bilməz.

– Digər universitetlərdə tam belə deyil axı.

– Başqa universitetlər haqqında danışa bilmərəm. Ödənişsiz təhsil olduğuna görə, tələblər də yüksəkdir.

– Misir Mərdanovun təhsil naziri vəzifəsindən azad edilməsi birmənalı qarşılanmadı. Kimi dedi dəyişiklik lazımdı, kimi dedi yox. Siz necə düşünürsünüz? Keçmiş nazirin keçmiş müavini kimi...

– Nazir vəzifələrinin təyin olunması, azad edilməsi  prezidentin səlahiyyətində olan məsələdir. Bu cür məsələlərə münasibət bildirməyimiz qeyri-etikdir.

– Yeni təhsil nazirindən nə yeniliklər gözləyirsiniz? Mikayıl Cabbarovdan.

– Mikayıl Cabbarovu çox yaxşı tanıyıram. Yüksək intellektual səviyyəyə malik insandır. Böyük idarəçilik təcrübəsi var. Beynəlxalq təhsil texnologiyalarını çox yaxşı bilir. Azərbaycan təhsil sistemində böyük irəliləyişlər edəcək, böyük inkişafa aparacaq proseslər həyata keçirəcək. Yeni təhsil nazirimiz böyük işlərə başlayıb. Təhsil sisteminin inkişafı üçün islahatlar hazırlanır. İlk gündən təhsilimizdə irəliləyişlər nəzərə çarpır. Bütün bunların şahidi oluruq.

– Misir Mərdanovun dövründə təhsilimizdə irəliləyiş yox idi?

– Gəlin məsələləri dövrlərə bölməyək. Bu gündən danışaq. Əsas odur ki bu gün təhsilimiz inkişafa doğru addımlayır. Daha yüksək ballı tələbələrin ali məktəblərə qəbul olması həmin ali məktəbin reytinqidir.

– 25 yaşınızda nazir müavini olmusunuz...

– 1997-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə təhsil sisteminə gəlmişəm. 13 il təhsil nazirinin müavini vəzifəsində çalışmışam. Bakı Dövlət Universitetinin tələbə həmkarlar təşkilatının sədri idim. Universitetə müəllim kimi gəlmişəm. Gənc yaşlarında vəzifədə olmaq çox böyük  məsuliyyət, çox böyük etimaddır. O etimadı doğrultmaq üçün daha çox çalışırsan. Enerji böyük olur.

– Şəxsi həyatınızdan danışaq. Neçə övladınız var?

– İki. Orta məktəbdə oxuyurlar

- Onların təhsilə olan istəyi hansı səviyyədədir?

– Hər bir insan öz ixtisasını, taleyini özü seçir, valideynlərin istəyindən asılı olmayaraq.

– Bəs sizin valideynləriniz peşə seçimində sizə necə kömək edib?

– Valideynlərim hüquqşünas olmağımı istəyirdi.

– Hüquqşünasın təhsil sahəsində çalışması bir az çətin məsələdir...

– İlk ali təhsilim coğrafiya olub. Elə ən sevdiyim fənn coğrafiyadır. Uşaqlıqdan coğrafiyanı çox sevmişəm.

– Səyahət etdiyiniz yerlər də çox olub yəqin.

– İşlə bağlı çox səyahət etmişəm. Coğrafiya üzrə elmlər namizədiyəm. Həm də müəlliməm.

– Çox gənclər müəllimlik peşəsinə yox, hüquq fakültəsinə maraq göstərir. Sizdə isə əksinə olub. Hüququ yox, müəllimlik peşəsini seçmisiniz. Sizi müəllimliyə çəkib gətirən marağı bilmək istərdik.

– 3-cü kursda oxuyanda tələbə gənclər təşkilatının sədri oldum. Elmi Şuranın üzvü idim. O vaxtlar Murtuz Ələsgərov rektorumuz idi. Eyni zamanda YAP-ın Siyasi Şurasının üzvüyəm. Aktiv fəaliyyət göstərmişəm. Universitetdə fəaliyyət göstərə-göstərə təhsil sisteminə bağlandım.

– Orta məktəbdə necə oxumusunuz?

– Gümüş medalla bitirmişəm.

– Övladlarınızın təhsili və tərbiyəsi ilə məşğul olmağa vaxt tapırsınız?

– Təhsilləri ilə maraqlanıram.

– Bəs tərbiyə?

– Təbii ki, tərbiyələri ilə də məşğul oluram. Təhsili isə diqqətdə saxlayıram. Avropa Liseyində  elektron sistem gündəlik həyata keçirilir. Övladlarımın hər bir qiyməti SMS vasitəsilə telefonuma gəlir.

– Bəlkə siz rektor olduğunuza görə belə edir müəllimlər?

– İndi hər şey elektronlaşıb.

– Şişirdilmiş qiymət yoxdur?

– Övladlarımın təhsil səviyyəsindən hiss edirəm ki, tədrisin səviyyəsi güclüdür

– İstirahətə vaxt tapa bilirsiniz?

– Nazir müavini vəzifəsinə keçəndən məzuniyyətə çıxmamışam.

– Asudə vaxtda ailə ilə istirahətə üstünlük verirsiniz, yoxsa dostlarla?

– Dostlarla tez-tez istirahət edirik. Daha çox dənizkənarı parkda gəzməyi çox sevirəm.

– Maraqlıdır, hansı saatlarda Milli Parka üz tutursunuz?

– Əsasən axşamlar. 20 ilə yaxındır ki, Milli Parkda gəzirəm.                                                           

– AFFA-nın İcraiyyə Komitəsinin üzvüsünüz. 20 il ərzində Milli Parkda hər hansı idman hərəkətləri etmisiniz?

– İdmanla təəssüf ki, məşğul olmuram. Azərbaycanda ilk tələbə klub yarışlarının keçirilməsinin təşəbbüskarı olmuşuq. Bu gün hamı deyir futbol inkişaf etməlidir. Stadion olmasa, futbol necə inkişaf edə bilər

– Bu gün kifayət qədər stadion, idman meydançaları var. Amma futbolumuz ürəkaçan səviyyədə deyil.

– Əvvəla futbolun inkişafı üçün zaman lazımdır.

– 20 ildir o zaman yetişməyib hələ?

– 5-6 il əvvəl heç komandalarımızın stadionu yox idi. Bu gün hər komandanın stadionu var. “Qarabağ”, “Neftçi” klubları Avroliqada oynayırlar.

– Bir neçə gün əvvəl “Neftçi” - “Xəzər-Lənkəran” oyununda qalmaqal yaşandı. Buna necə baxırsınız?

– Siz mətbuat olaraq Azərbaycanda olan hər hansı kiçik məsələni şişirdirsiniz. Dünyanın ən xuliqan azarkeşləri ingilislər sayılır. Bizdə heç nə olmur, biz onu şişirdirik.


Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir