Modern.az

Ekoloji problemləri QHT-lərin gözü ilə

Ekoloji problemləri QHT-lərin gözü ilə

6 İyun 2013, 13:05

Hər kəsə məlumdur ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramışdır. Bu səbəbdən də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir. Son illərdə Azərbyacanda ekoloji  problemləri önə çəkilərək bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. 2010-cu il ölkə başçısı tərəfindən ekologiya ili elan olunmuş və bu istqamətdə bir sır layihələr və tədbirlər icra olunmuşdur.Qeyd edək ki, bu gün də ölkəmizdə  ekoloji problemlərin həlli istiqamətində müvafiq dövlət proqramları çərçivəsində ardıcıl tədbirlər görülür. Təbii ki, respublikamızda ekoloji problemlərin həllində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da  zəruridir. Xatırladaq ki, QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır.

Ekoloji problemlərin həlli məsələsində QHT-Dövlət əməkdaşlığın qənaətbəxş hesab etmək olar. Dövlətin ekologiya sahəsində siyasəti həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllində cəmiyyətin daha geniş iştirakını təmin etmək, eləcə də nazirliyin öz vəzifə və funksiyaları çərçivəsində həyata keçirdiyi tədbirlər barədə əhalinin məlumatlılığının daha da artırılması məqsədilə müntəzəm olaraq nazirliyin əməkdaşlarının, mütəxəssislərinin QHT-lərlə görüşləri, birgə tədbirləri həyata  keçirilir, fikir mübadiləsi aparılır. Müxtəlif ekoloji problemlərin həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi, yeni təkliflərin verilməsi ilə əlaqədar keçirilən müzakirələrdə, ölkəmizdə ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lərin rəyləri də öyrənilir və təqdirəlayiq bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, Nazirlik çərçivəsində keçirilən bütün tədbirlərdə ictimaiyətin nümayəndələri iştirak edir və hər hansı bir ekoloji və ətraf mühitlə bağlı məsələ ilə əlaqədar yaradılan komissiyalarda onlar  təmsil olunurlar. Nazirliklə daimi işgüzar əlaqə saxlayan 30-dan artıq QHT, o cümlədən “Ekosfera” Sosial Ekoloji Mərkəzi, Heyvanların mühafizəsi cəmiyyəti, “Ornitologiya” cəmiyyəti, Beynəlxalq Ekoenergetika Akademiyası, “Ekores”, Sosial Araşdırmalar Mərkəzi, “Ekoyl”, “Yaşıllar” cəmiyyəti, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi, Ekoloji Problemlərin araşdırılması Mərkəzi, “Ekoleks” Hüquq Mərkəzi, İnsan və Ətraf Mühit, “Ekoqraf”, Azərbaycan Respublikası Ekoloji İnnovasiya Mərkəzi, “Rüzgar” Ekoloji İctimai Birliyi, Davamlı inkişaf cəmiyyəti, “Ekosos”,  Energetika və ekologiya, Sosial Ekoloji Treninq Mərkəzi və bir sıra digər ekoloji QHT-lər, nazirliyin bütün tədbirlərinə cəlb edilir, onların təklif və sorğuları əsasında görüşlər təşkil olunur. Eyni zamanda Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün işçi qrupları yaradılmışdır və bu qrupların tərkibinə də müvafiq QHT-nin nümayəndələri daxil edilmişdir.

Qeyd edək ki, son illərdə Azərbaycanda milli donor inistutlarının yaradılması ilə başqa sahələrdə olduğu kimi, ekoloji problemlərin də həlli istiqamətində də QHT-lərin həyata keçirdiyi tədbirləri daha da sürətləndirmiş və bir çanlanma yaranmışdır. Bu sahədə milli donor inistutlarının maliyyə dəstəyi ilə icra olumuş və icra olunmaqda olan QHT layihələrinə nəzər salmaqla bu canlanmanı müşahidə edə bilərik. “Dünya Gəncləri Alyansı” İctimai Birliyi tərəfindən ötən ilin sentyabr ayından icra edilməyə başlamış “Mənim şəhərim, mənim evim” ekoloji layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənmişdir. Layihə Bakı şəhər əhalisinin küçə və yollara, parklara məişət tullantılarının atılmasının qarşısı alınması üçün maarifləndirmə işini həyata keçirməsini nəzərdə tutmuşdur. Üzərində “Mənim şəhərim, mənim evim” və ya “Şəhərimizi təmiz saxlayaq” şüarları yazılmış avtomobil istifadəçiləri üçün daim istifadə etdikləri ətirli asılqanları, xanımlar üçün əl güzgüləri, kişilər üçün brelokların paylanması , dənizkənarı bulvarda və digər mərkəzi parklarda satılan, kütləvi istehlak olunan tumlar və plastik su qablarının üzərinə eyni şüarların yazıldığı stikerlərin yapışdırılmaşdır.

Digər bir layihə isə 2012-ci ilin sentyabr ayından etibarən “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi” adlı layihə olmuşdur. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində treninqlərin keçirilmiş və ekologiya hüququna dair məlumat kitabçasının nəşr edilmişdir. Eyni zamnda layihə çərçivəsində Bakı şəhərində “Əhalinin ekoloji hüquqları və onun müdafiəsi mexanizmləri” adlı bir günlük treninq keçirilmişdir. Treninqdə əhalinin ekoloji hüquqları barədə iştirakçılara ətraflı məlumat verilmiş, ekoloji hüquqların müdafiə mexanizmləri barədə və iştirakçılarla interaktiv məşğələ keçirilmişdir. Digər bir layihə isə ötən ildə Lənkəran şəhərində “Vətəndaş Cəmiyyəti Debat” İctimai Birliyi, ATƏT-in Bakı ofisi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA beynəlxalq kampaniyası, “Təmiz Şəhər” ASC tərəfindən “Green Corps Youth İnitiative” / “Yaşıl Korpus. Gənclər Təşəbbüsü” layihəsi həyata keçirilib. Layihə Lənkəran rayonunda keçirilib, iyun-dekabr aylarını əhatə edib və 2 hissədən ibarət olub. Layihənin birinci hissəsində “Green Corps Summer School” keçirilib. İkinci hissəsində isə gənclər tərəfindən təqdim edilmiş aksiyaların icrası baş verib. Layihə bilik, bacarıqların artırılması və şəbəkələndirmə, maarifləndirmə, öyrənilmiş dərslərin planlaşdırılması tipində olmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühit və təhlükəsizlik: Ekoloji maarifləndirmə proqramı” adlı layihənin icra edir.Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır. Ötən dövrdə eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Potensial” Sumqayıt Mütəxəssisləri Birliyi tərəfindən “Sumqayıt şəhəri və ətraf qəsəbələrdə sanitariya və ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili”, Ekoloji Maarifçilk və Monitorinq İctimai Birliyi tərəfindən “Azərbaycanda cari ekoloji çağrışlarla bağlı debatların keçirilməsi”, “Biosfer” İctimai Birliyi tərəfindən “Ekoloji tədrisin keyfiyyətinin artırılmasına yardım” kimi layihələr də həyata keçirilmişdir.

Aparılan araşdırma və müşahidələrə, bir sıra ekspert və QHT rəhbərlərinin fikirlərini ümumiləşdirsək bu gün Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən və layihə həyata keçirən QHT-lərin qarşısında duran əsas vəzifələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

  • Ölkə vətəndaşlarını diqqətini  daim ekoloji problemlərin həllinə yönləndirmək;
  • Fəal vətəndaşları ekoloji problemlərin həlli üzrə könüllülük hərəkatına qoşmaq;
  • Vətəndaşların ekoloji problemlərə aid birgə layihələrin icrasına kömək etmək;
  • Əhaliyə QHT - lər tərəfindən  Azərbaycanda külək,  Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalı və bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməli;
  • Yaşıllıqların salınması istiqamətində respublikada böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməli;
  • Bu gün QHT sektoru çimərliklərin durumu ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla  həllinə yardımçı olamalı;
  • Satılan qidaların keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb olunması üçün hüquqi biliklərin artırılması, maarifləndirmə istiqamətində fəaliyyətlərin təşkil olunması; 
  • Ekoloji cinayətkarlıqla əlaqəli Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan  təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi daim QHT-lərin gündəmində olmalı və s.

Sonda qeyd edək ki, ekoloji problemlər ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsindəmümkündür. Azərbaycanın dövlət strukturlarının və QHT-lərin fəal iştirak etdiyi digər regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzidir. Mərkəzin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi