Modern.az

Azərin milli səsimizdir

Azərin milli səsimizdir

11 İyun 2013, 18:41

Bu hal artıq, neçənci dəfədir təkrarlanır. Siyasətdən uzaq sənət adamlarından siyasətçi, xüsusən də müxalifətçi “düzəltmək”… Xəta olur, tanınmış bir incəsənət mənsubu, Azərbaycanda qəlibləşmiş böyük “sənətçi ordusu”ndan fərqli bir davranış sərgiləsin, bir münasibət ortaya qoysun. Həmin an başlayırlar bunu böyük siyasi hadisəyə çevirməyə. Söz mövzusu bir tərəfdə qalır… Son dövrlərdə dəyərli sənətkarlarımız Rasim Balayevin və Nazpəri Dostəliyevanın timsalında yaşadıq bunları.

Özgə vaxt hakimiyyəti sənət adamlarından siyasi məqsədlər üçün istifadə etməkdə qınayanlar, normal vətəndaş mövqeyindən, insanlıq yanğısından, ədalət hissindən doğan bir jestinə, bir açıqlamasına görə tanınmış sənətçini medianın gündəminə dartır, onu “siyasi fəal”, “müxalifətçi” kimi təqdim etməyə başlayırlar. Dünəndən bəzi saytlarda yer almış “Azərin də müxalifəti dəstəklədi” başlıqlarını görüncə, növbəti yanlışlığın içində olduqlarının fərqinə vardım.  
Nə olmuş? Müğənni Azərin Facebook səhifəsində hazırda həbsdə olan, kimliyini belə, tanımadığı bir gəncin səhhətində problemlərin olması səbəbilə azadlığa buraxılmasını arzulayıb. Bu xoşməramlı təmənna bir para mediada Azərinin müxalifəti dəstəkləməsi kimi qələmə verilib.
Əgər, Azərin xanım səhhətində problem olan bir gəncin azadlıqda olmasını arzulayıbsa, bunu necə müxalifətə dəstək kimi təqdim etmək olar?

Ötən illərdə dövlət başçısının imzaladığı əfv fərmanları ilə onlarla müxalifətçi azadlığa çıxıb. Dövlət başçısı bu halda müxalifəti dəstəkləyibmi?

Millət vəkili Mehriban Əliyevanın  təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə amnistiya aktı qəbul edib ki, nəticədə azadlığa çıxanlar arasında müxalifətçilər də olub. Bu təşəbbüs və qərarlar müxalifətə dəstəkdirmi?

Bu yaxınlarda, Xalq artisti Zeynəb Xanlarova bir müxalif gəncin həbsində onun adının hallandırılmasına sərt şəkildə etiraz etdi və həmin gəncin azadlığa buraxılmasını istədi. Xalq artistinin bu tövrünü “müxalifətə dəstək” kimi təqdim etmək olarmı?  

Əlbəttə, iqtidarı və ya müxalifəti dəstəkləmək hər kəsin təbii seçimidir. Ancaq, siyasi amacı olmayan, xüsusən hamı üçün ortaq olmalı olan insanların, həm də özlərinin istəmədikləri halda, üzərlərinə siyasi məsuliyyət qoyulması o şəxsə və oxucuya qarşı sayğısızlıqdır. Bu yanlış təqdimat ortaya çıxdıqdan sonra Azərin xanımın yenə öz səhifəsində yazdığı arayışı bəziləri “qorxaqlıq” kimi qələmə  verməyə çalışırlar.

Bəylər, xanımlar, özünə hörmət edən şəxslərin sizinlə eyni sosial şəbəkədə olması fürsətindən bu şəkildə yararlanmağa çalışmayın.  Bu dünyada hər kəsin üzərinə götürdüyü bir missiya var. Siz öz seçdiyiniz missiyanızda başarılı deyilsinizsə, bunu başqalarına zorən yükləməyin. Azərin xanım öz sənəti ilə üzərində olan missiyanı layiqincə yerinə yetirir, Azərbaycanı layiqincə təmsil edir. Öz səsi ilə -  siyasi kimliyi nə olur-olsun, Azərbaycan, Türk sevdalısı olan bütün insanların ruhunu oxşaya bilir.

Gəlin, bu səsə, bu milli səsə sayğı duyaq. 


 
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər