Modern.az

Cəlal Əliyevlə bağlı müşavirə keçirilib - FOTOLAR

Cəlal Əliyevlə bağlı müşavirə keçirilib - FOTOLAR

Aktual

13 İyun 2013, 21:57

Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.  

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Elmi- Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları, Ərazi Kənd Təsərrüfatı İdarələrinin, Regional Aqrar Elm Mərkəzlərinin nümayəndələri, ətraf rayonların toxum müfəttişləri, bitki mühafizə stansiyalarının rəisləri, Dövlət Aqrar Universitetinin rəhbərliyi və tələbələri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak edib.  

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin aqrar elmə, xüsusən də taxılçılığın inkişafına verdiyi misilsiz töhfələr, müəllifi olduğu və respublikada geniş əkin sahəsi olan onlarla taxıl sortları, “2008-2015-ciillərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn məsələlər və qarşıda duran vəzifələr, ölkə əhalisinin ərzağa olan təlabatının daxili istehsal hesabına ödənilməsi, Prezident İlham Əliyevin aqrar sahəninin kişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, akademik Cəlal Əliyevin seleksiya işlərinə kompleks yanaşması nəticəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunda 100-dən çox taxıl sortları yaradılıb ki, onlardan 63-ü seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasının reyestrinə daxil edilib.

Qeyd olunub ki, kənd təsərrüfatının ən mühüm strateji sahələrindən olan taxılçılığın inkişafı Prezident İlham Əliyevin daima nəzarətindədir. Məhz bunun nəticəsidir ki, Aqrar Elm Mərkəzi sisteminə daxil olan Elmi-Tədqiqat İnstitutları və Regional Aqrar Elm Mərkəzləri tərəfindən 2004-cü ildə 345,4 ton orijinal, super elit və elit toxumlar istehsal edilmişdisə, 2012-ci ildə bu göstərici 1819,3 tona çatdırılıb.      

Elmi- Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai müşavirə iştirakçılarına son illər akademik Cəlal Əliyevin rəhbərliyi ilə məqsədyönlü seleksiyada zona prinsiplər əsasında yaradılmış yeni taxıl sortları, onların bioloji xüsusiyyətləri, potensial məhsuldarlığı və respublikada geniş əkin sahələrinə malik olmaları barədə ətraflı məlumat verib.  

Müşavirədə çıxış edən fermerlər aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Müşavirənin sonunda nazir, alimlər və fermerlər arasında fikir mübadiləsi olub.

 


Modern.az    
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!