Modern.az

Ərəstun Oruclu: “Dostları dinləyəndə peşəmə ikrah duyuram” - LAYİHƏ

Ərəstun Oruclu: “Dostları dinləyəndə peşəmə ikrah duyuram” - LAYİHƏ

14 İyun 2013, 09:55

“8 nəfər yüksək dövlət rəsmisi var ki, ailə üzvləri ermənidir”


Modern.az
saytında “Əsas peşə” layihəsinin ilk qonağı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Orucludur. Müsahibəyə başlayanda onun bir qədər narahat olduğu sezilir..

– Deyəsən, kimisə gözləyirsiniz?

– Xanımım gəlməlidir.

– Lap yaxşı. Etiraz etməsəniz xanımınız da bizimlə söhbətə qoşula bilər...

– Xanımım necə istəsə, ona tabe olmalıyıq.

– Siz də sevdiyiniz peşə üzrə təhsil aldınız, amma həkim kimi bu peşənin arxasınca gedib ona tabe olmadınız.

– 90-cı ildə akademik Pavlov adına Leninqrad Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişəm. 9 il həkim kimi fəaliyyət göstərmişəm.

– 9 ildən sonra...

– Tələbə olduğum vaxtlardan siyasətdə olmuşam. Həmin illər dəyişkən dövr idi. 84-90-cı illər Qorbaçov hakimiyyəti dövrü idi. Oxuduğum yerdə, Leninqradda siyasi gərginlik  daha çox hiss olunurdu. SSRİ islahatları dövrünün parlaq simalarından biri, sonralar Sankt-Peterburqun meri olmuş mərhum Anatoli Sobçak məşhur bir müxalifətçi idi. O tez-tez görüşlər təşkil edirdi. Mən də həmin dövrlərdə o proseslərə qoşuldum.

– Elə o zamanlardan müxalifətçi idiniz?

– Düzü, heç vaxt iqtidaryönlü olmamışam. Hətta 1 il AXC hakimiyyəti dövründə həmin hakimiyyətin strukturunda işləmişəm. Mövqeyim kifayət qədər tənqidi olub. Təəssüf ki, Azərbaycan məkanında Azərbaycan xalqı, milləti haqqında qayğı çəkən bir nəfər olsun hakimiyyət nümayəndəsi görmədim. 9 il Rusiyada yaşadım. Bir şeyi hiss etdim ki, biz heç də ruslardan zəif millət deyilik. Bizim bir bəlamız var, o da sadə xalq təbirilə desək, sahibimizin olmamasıdır. Bizdə sistem quran yoxdur. Millətin gələcəyini düşünən yoxdur və olmayıb.

– İndi də yoxdur?

– Yoxdur. Heydər Əliyev dönəmini görmüşəm. Orda hər şey məlum idi.

– Bəs Elçibəyin dövründə nə çatışmırdı?

– AXC hakimiyyətində təmsil olunmuşam deyə, söyləmirəm. O hakimiyyətin neqativ tərəfləri çox olub. Ədalətli olaraq deyə bilərəm ki, təhsil sahəsində test üsuluna keçidin özü bir irəliləyiş idi. Yeri gəlmişkən, deyim ki, rüşvət sistemli olaraq yox idi. Siyasətdə çoxlu səhvlər vardı. Ölkəni yaxşıya doğru dəyişmək istəyi də vardı. Bir tərəfdə SSRİ yeni dağılmışdı, digər tərəfdə müharibə gedirdi. İstənilən halda tənqidi yanaşmamın səbəbi odur ki, görüldüyündən daha çox işlər görülə bilərdi.

– Siz də tibb sahəsində qalıb xalqa xidmət edə bilərdiniz. Amma...

– Tibbə bir çoxları kimi valideyn istəyi ilə getməmişdim. Mən həkim olmağı dərk edərək istəmişəm. Həkimlik sənətini çox sevmişəm.

– O zaman sizi səhiyyə naziri və yaxud baş həkim vəzifəsinə dəvət etsələr,  məmnuniyyətlə qəbul edərsiniz?

– Nə baş həkim, nə də səhiyyə naziri vəzifəsində işləyərəm. Əgər məni bu gün şəraiti, şərtləri qane edən sırf sıradan həkim işi olsaydı, məmnuniyyətlə gedərdim. O şərait yoxdur. Azərbaycanda səhiyyə sistemi heç bir islahat aparılmayan sahədir. Azərbaycanda mühəndisin tikdiyi evi söküb yenidən tikmək olar, amma həkimin müalicə edib öldürdüyü xəstəni diriltmək olmaz.

– Maraqlıdır, niyə ilk peşənizdən uzaq düşüb siyasətə təslim oldunuz?

– Səhiyyə məni usandırdı. Hər şey zamana bağlıdır. Xaraktercə mübariz insanam. Asanlıqla təslim olmadım. Konkret prinsiplərim vardı. Heç bir həkim öz maaşı ilə yaşamayıb. Elə həkim görmüşəm ki, insanı nişan üzüyünü satmağa vadar edib. Elə həkim də görmüşəm ki, xəstənin maddi tərəfini düşünmürdü. Mən bu yolu seçmişdim. Əldə etdiyim qazanc kefə-əyləncəyə sərf olunmayıb iki körpənin böyüdülməsinə xərclənib. Bu çörəyin arxasında halallıq olmalıdır.              

Həm Respublika Klinik Xəstəxanasında, həm də növbətçi həkim kimi 7-ci doğum şöbəsində işləmişəm. Bazar günləri xaric olmaqla həftənin bütün günləri gecələr də işləyirdim. Maddi tərəf sarsıdıcı olmayıb. Sistem məni yordu. Səhiyyə sistemi Azərbaycanda korrupsiyaya uğramış,  inzibati amirlik sistemi olan sahə olub. Həkim haqlı-haqsız həmişə günahkar olub. İstənilən şikayətdən yerli-yersiz həkimə qarşı istifadə olunub. Belə şeyləri qəbul edə bilməzdim. Mən üsyançı insanam. Ölümümü gözümün altına alsam belə, ağa qara demərəm. Ən təhlükəli şey perspektiv görməməkdi. Onu da görmədim.

– İndi də hər şey yadınızdadır?

– Hə. Tibdən 1 il olar ayrılmışdım. Atam koma vəziyyətinə düşdü. Bakı şəhərində o cür komaya düşən ağır şəkər xəstələrinin 80%-i ölümdən qurtulmadığı halda, atamı rayon şəraitində sağaltdım. Ondan sonra 4 il də yaşadı.

– İndi də ailədə kiməsə nəsə olsa, sizə müraciət edir?

– Ailəm sağlamlıqla bağlı mənə müraciət edir. Həkim bir həyat tərzidir. Müəyyən detallar unudula bilər. Yeni çıxan dərmanlar haqqında məlumatım olmaya bilər. Yaxın qohumlarımdan biri iki il əvvəl müalicə aldı, nəticə olmadı. Biləndə ki, adi sətəlcəmdir, onu 2 həftəyə müalicə elədim. Halbuki, o adamı ölümcül vəziyyətdə Bakıya gətirmişdilər. Tələbə olanda bizi məcbur edirdilər ki, “gəlin, gecə növbəsində qalın”. Respublika Kilinik Xəstəxanasında işləyəndə xəstəxananın bazasında Tibb Universitetinin xeyli tələbəsi təcrübə keçirdi. Tələbələr əməliyyat otağına girəndə tibb bacısı onları təhqir edirdi. Təsəvvür edin, 1, 2 ildən sonra həkim olacaq gənc mənəvi olaraq sındırılır.

– Peşənizin vurğunu olduğunuz halda lazım olan yerdə olmadınız. Nə vaxtsa səhiyyəyə qayıtmaq fikriniz var?

– Artıq gecdir. Ortada 13-14 il fasilə var. Digər bir tərəfdən inzibati işə qayıtmaq istəməzdim. Bu yaxınlarda tanış bir adam atasını İrana müalicəyə aparmışdı. İki nəfərin Bakıdan Təbrizə getməsi, iki gün orda qalması, müayinə, həkimə ödənilən pullar, dərmanpulu, oteldə qalması,  hamısı bir yerdə 350 manata başa gəlmişdi. Bu artıq ciddi problemdir. Azərbaycanda özəl klinikada bir neçə müayinə keçib, 500 manat ödəyirsən. Nəticə isə bəlli deyil.

– Əgər ailənizdən kimsə əməliyyat olunmalıdırsa, keçmiş həkim olaraq hara müraciət edərsiniz?

– Leninqradda tələbə yoldaşım universitetdə həm kafedra müdiridir, həm də o institutun rektorudur. 3-4 saat gecikib təyyarə ilə ora uçmağa üstünlük verərəm. Bura etibar etmərəm.

– Oğlunuz tibdə bir il oxudu, sonra peşəsini dəyişdi. Siz onu bu yoldan daşındırdınız?

– Hesab edirəm ki, 18-19 yaşına çatmış gənc Amerikanın Pensilvaniya Universitetinə qəbul olunubsa, mənim məsləhətimə onun ehtiyacı yoxdur. Gənclərin seçimiylə hesablaşmalıyıq. Təəssüf ki, Azərbaycanda mühafizəkar düşüncə hökm sürür. Praktika göstərir ki, valideyn əksər hallarda haqsızdır. Çünki zamanın tələbi ilə ayaqlaşa bilmir. İxtisasını dəyişmək istəyəndə qarışmadım.

– Bəs siz peşənizi dəyişəndə ananız bunu necə qarşıladı?

– Anam sağlığında təəssüfləndi. Mənim özümdən də artıq istəmişdi həkim olum. Bir dəfə dedi ki, “həmişə səni həkim, professor görmək istədim”. “Həyatda hər kəsin bir yolu var. Alınmadı məndə”, – dedim.

– Ani olsa da, içinizdən peşənizə qayıtmaq hissi keçir?

– Həmkarlarımla tez-tez görüşürük. Reallığı bildiyimdən o istək yoxdur. Hətta ani olan qığılcımlar sönür onları dinləyəndə.

– Xaricdən sizi həkim kimi işləməyə dəvət ediblər?

– 90-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanında işləmək imkanım olub. Amma o ölkənin qaydalarını qəbul edə bilmədim.

– Qaydalar belə çətin idi?

– Şəriət ölkəsi olduğu üçün yaşamaq çətin idi.

– Evdə ağ xalatınız var?

– Bu yaxınlarda hədiyyə ediblər. Elə hədiyyə kimi də qalacaq.

(Bu arada Ərəstun müəllimin xanımı da bizə qoşulur)


– Necə tanış olmusunuz xanımınızla?

– Biz eyni sinifdə oxumuşuq. 3-cü sinifdən sevmişəm onu.

– Məktəb sevgiləri ötəri olur çox zaman...

– Məndə ötəri olmayıb. Üstəlik 5 il nişanlı qalmışıq.

– Niyə bu qədər nişanlı qalmısınz?

– Leninqradda oxuyurdum. Xanımım da BDU-nin hüquq fakültəsində oxuyurdu.

– Fərqli yerlərdə təhsil almısınız. Ola bilməz ki qısqanclıq olmasın.

– Biz daha çox dostuq. İstənilən sevginin bünövrəsində dostluq dayanmalıdır. Qısqanclıq zəifliyin nümunəsidir. Qısqanclıq zəif insanların hissidir. İnsan azad olmalıdır. İnsan azad olmayanda o riyakar olur. İnsan azad olanda öz təbii istəklərini ifadə edə bilir.                                                            

– Leninqradda tibbi təhsil aldığınız zamanlarda yəqin ki, maddi çətinlikləriniz də olub. Maraqlıdır, dərsdən sonra harda çalışıb pul qazanmısınız?                                                                               

– Botanika bağında dalandar işləmişəm. Yayda yarpaq süpürürdüm, qışda qar təmizləyirdim. Anatomiya kafedrasında meyitxanada çalışmışam. Tibb Universitetində oxumaq asan deyildi o zamanlar.

– Bir az da siyasi fəaliyyətiniz haqda danışaq. Politoloq olaraq yeni yaranan Milli Şuranın gələcəyini necə görürsünsüz?

– Orda aydın konturlar görmürəm. Mülahizə yürütmək üçün bir xətt görmürəm. Hələlik təsis olunub və sədri də Rüstəm İbrahimbəyov seçilib. Eldar Namazov İcra Aparatının rəhbəri seçilib. Hələ nəsə görmürəm.

– Amma onlar daha iddialı görünürlər.

– İstənilən bir qurum yeni yarananda iddialı olur. İctimai palata da belə idi. Təki olsun, amma ən real nəticəni zaman göstərəcək.

– Mili Şura üzvlərinin səsləndirdiyi fikirlər real olarsa  nə baş verə bilər?

– Ən azı yaxşı nəticə olarsa, ortada ölkədə iqtidar-müxalifət balansı formalaşar. İqtidar müxalifətlə hesablaşmalı olar. Güclü müxalifətin olması faktoru son dərəcə önəmlidir.                                              

– Türkiyənin Taksim meydanında baş verənlər nəyi dəyişməyə doğru gedir?

– Artıq dəyişib. Hadisələr stəkan məsələsinə bənzəyir. Optimist deyir stəkan yarıya qədər doludur, pessimist deyir yarıya qədər boşdur. Başda baş nazir olmaqla AKP hökuməti məsələyə çox optimist baxırdı. Dolu tərəfi görürdü, boş tərəfi görmürdü. Məhz o boşluq partladı. Ölkəyə ciddi ziyan dəydi. Ən dəhşətlisi Türkiyə cəmiyyəti rəsmən parçalandı. Biri milli cümhuriyyətçi kəsim, biri də dinçi kəsim. Dinçi kəsimin içində də milliyyətçilər var. Fakt odur ki ölkədə parçalanmış cəmiyyət var.

– Türkiyədə baş verən hadisələrin Azərbaycanda baş verməsi bu gün nə dərəcədə realdır?

– Azərbaycanda bu gün biz başqa bir səhnəni görürük. Azərbaycanda cəmiyyət onsuz da parçalanıb. Onun böyük bir hissəsi siyasətə qoşulmayan hissədir. Qalan 10% də öz arasında döyüşür. Kimin əlində hakimiyyət, güc var o birilərini əzir. Hardasa o mexanizm keçər o birilərin əlinə. Azərbaycanda ən təhlükəli tendensiya da budur.  90% bu oyunlardan bezəndə sözünü deyəcək. O mütləq deyəcək. Onda təşkilatlanmamış cəmiyyət o sözü xaotik şəkildə deyir. Adətən o sözün deyilişi dağıdıcı formada üzə çıxır. Biz Qubanı, İsmayıllını gördük. Təsəvvür edin ki, bu hadisə Bakı, Gəncə miqyasında olarsa, nə başa verə bilər? Təəssüf ki, bu nəzərə alınmır. İstər Mili Şura olsun, istər İctimai Palata olsun, həqiqətən cəmiyyəti təşkilatlandırıb hakimiyyətlə balans yarada bilərsə, bu yaxşı tendensiyadır. Bilməzsə, onda balansın daha kəskin forması ola bilər. Bu baxımdan heç vaxt düşünmək lazım deyil ki, ölkəyə görə məsuliyyəti təkcə iqtidar daşıyır. Müxalifət də çox böyük yükün altındadır.

– Təhlükəsizlik sistemində də çalışdınız. Sonra nə oldu?

– Məni ordan kənarlaşdırdılar. 1993-cü ilin iyunundan sonra rejim dəyişdi. AXC hakimiyyəti tərəfindən gətirilmiş şəxslər etibarsız kimi kənarlaşdırıldılar. Sonra dəvət etsələr də, getmədim.

– “Eurovision” yarışmasında oğlunuz Ermənistana səs vermişdi. O vaxt bu hadisə böyük ajiotaj yaratmışdı.

– Oğlum o zaman orta məktəbdə oxuyurdu. Sinif yoldaşları ilə birlikdə erməni saxtakarlığına cavab vermək istəmişdilər. Çünki ermənilər yarışmada 1 səs də olsa, həmişə Azərbaycana verirdilər ki, guya, onlar daha humanistdirlər. Bəzi iqtidar qəzetləri o faktı mənim gözümə soxurdu. Halbuki keçmişdə, Təhlükəsizlik Nazirliyində olduğum müddətdə bilirdim ki, 8 nəfər yüksək vəzifəli dövlət rəsmisi var ki, ailə üzvləri ermənidir. Yaxşı olar ki, ayıblarına kor olub, sussunlar.




Namidə Bingöl
Ulduz İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər