Modern.az

“İsa Qəmbər o sözü siyasətçilər haqda demişdi, qorxuram indi özü də bu hala yoluxub” - MÜSAHİBƏ

“İsa Qəmbər o sözü siyasətçilər haqda demişdi, qorxuram indi özü də bu hala yoluxub” - MÜSAHİBƏ

14 İyun 2013, 12:11

“Onların hamısı ilə görüşəndə sanki sənə baxırlar, ancaq görürsən ki, gözləri səni tutmur” 

Modern.az saytı sizlərə yeni layihəsini təqdim edir. “XXI əsrin adamı” adlanan layihədə müsahib öz əsrini dəyərləndirəcək, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. İlk qonağımız isə tanınmış filosof Niyazi Mehdidir.

– XXI əsrin insanlarına bu gün daha çox hansı filosoflar lazımdır?

– Yox, əzizim, yox! Bu suala cavab mənim üçün imkansızdır. Elə fəlsəfə üçün də. Fəlsəfə ötən yüzilliyin ikinci yarısından bu sualın cavabını bilmədiyi üçün Karl Popperə axırıncı klassik tipli filosof və ya mogikan deyirdilər. Sonradan səhnəyə çıxmış postmodernistlər fəlsəfə yapsalar da, fəlsəfi sistem qurmurdular. Fəlsəfə yeni çağda necə olacağını bilmədiyi üçün indiyəcən böhrandadır, ona görə də 21-ci yüzillikdə necə olacağını, nə edəcəyini tapa bilmir.

– 20-ci əsrdə fəlsəfə simvollar, rəmzlər səltənətini özünə obyekt seçmişdi. Bəs indi nəyi seçməlidir?

– Suala Azərbaycanla bağlı cavab vermək bir az asandır. Azərbaycan türkcəsi, azəri düşüncəsi, mentaliteti dialektik materializmdən başqa heç bir fəlsəfəni mənimsəməyib, ona görə də xam torpaq kimidir. 21-ci yüzillikdə azərbaycanlılar öz sənətlərini, öz dillərini, öz mənəviyyatlarını ən müxtəlif fəlsəfi ideyaların işığına tutmalıdırlar. Sokrat da, Demokrit də, Əşşar da, əl-Qəzali də bu işə yarayar. Mən, bax, bu istiqamətdə işləyirəm. Azərbaycan olaylarını, məsələn, nədən aşıqların qalife şalvar geyinib militant formada oxumasını anti-dərinlik estetikasında yozuram. Bunda hələ ki böhran duymuram, Azərbaycanı işığına tutmağa o qədər ideyalar qalıb ki… Bunu edəcək adamlar isə çox azdır. Ancaq daha azdır - dünya fəlsəfi ideyalarını Azərbaycan nəsnələrinin, türkcəsinin işığına tutub onlarda yeni çalarla üzə çıxaranlar.

Elm və texnologiya insan ruhunu məhv etməkdədimi ?

– Haydeqa (Haydeqer) demişdi ki, texnika qutsuzdur, yəni ruhu yoxdur. Deyəsən, texnikanın qutsuzluğu yoluxucudur, onunla işləyənlərə də yoluxur. Bilirsiniz, pul təkcə qoxusuz deyil, pul həm də qutsuzdur. Ona görə də pul qazanmaqla məşğul olanlarda libido (seksual enerji) zəifləyir. Ona görə biznesmenlər gözəl qızlar çevrəsində bulunmağa çalışırlar ki, libidoları tam itməsin.

Siyasət çox vaxt maşın prinsipində işləyir, eyni çıxışlar, eyni fəndlər və eyni ritorika.

İsa Qəmbər bir dəfə mənə türk siyasətçiləri haqqında belə demişdi: “Onların hamısı ilə görüşəndə sanki sənə baxırlar, ancaq görürsən ki, gözləri səni tutmur”.
İsa Qəmbər bunu türk siyasətçiləri haqqında demişdi. Ancaq qorxuram, indi özü də bu hala yoluxub. Təkcə özü yox, bizim deputatların çoxu da, bizm nazirlər də. Ona görə mən deyərdim ki, siyasətin makina, maşın xarakteri siyasəti də qutsuzlaşdırır və ya siyasətdə ruh əmsalını aşağı salır.

Pulu dedik, siyasəti dedik, texnikanı dedik, nə qaldı? İnsana aşırı musiqi ortamı, mühiti də ziyandır. Gündə musiqi eşitmək durmadan yemək yemək kimidir. Bir yerdə oxumuşdum ki, 19-cu yüzildə musiqini eşitmək üçün adamlar faytona minib filan şəhərə konsertə gedirdilər. İndi isə mobilin, bilgisayarın və daha nələrinsə düyməsini basan kimi musiqi çıxır. İndi mənim hansı havadansa havalanmağım müşkül məsələdir. Adam yeməklərin dadını bilmək üçün bir az ac olmalıdır, aclıqdan keçməlidir. Çağdaş kültür isə maksimum toxluq yaradıb. Öncələr kitabxanada əlinə Niççenin kitabını ürəyin əsə-əsə alırdın, indi isə İnternetdə düymələri basırsan, kitablar bilgisayara yüıklənir. Bu, texnikanın sonucudur ki, ruhani olanları mexaniki olanlara çevirib

Biz getdikcə daha çox qandan şişmiş tox taxtabitilərə oxşayırıq. Toxluqdan zorla tərpənirik, zorla oxuyuruq, zorla eşidirik. Deyəsən, indi aclığı uzatmaq üçün kültür dietalarına gərək yaranıb.

XXI əsrdə İslam bəşəriyyət üçün öz aktuallığını hansı rakursdan qoruyub saxlayır?

– 14 il bundan qabaq rus dilində İsveçdə çıxan bir dərgiyə “Dini intellektual İslamın gələcək paradoksudur” məqaləsini vermişdim. Mən bu intellektualların geniş İslam faktı olmasını hələ də gözləyirəm. Hərçənd qorxu ilə görürəm ki, Ortaçağdan 20-ci yüzilə, oradan da 21-ci yüzilə daha çox cənnətdə hurilərlə bağlılıq arzusunda olan müsəlmanlar keçirlər. Onların İslam düşüncəsi mifolojidir, nağıllarla doludur. Belələri texnoloji möcüzələr dövründə heç cürə dəyişmək istəmirlər.

Biz müsəlman intellektualları başqa cür İslam, başqa cür müsəlman ideyasında açılan müsəlmanların sayını artırmaq üçün çalışmalıyıq. Pravoslavlıq hələ ki 21-ci yüzilin dini olammır. Katolisizm bir təhər olmaq istəyir. Ancaq Dzen buddizm ola bilir, protestantlıq ola bilir, deyəsən, iudaizm də ola bilir (radikalları çıxmaq şərti ilə).

– Bəs təsəvvüf XXI əsrdə öz funksiyasını nə dərəcədə yerinə yetirə bilər?    

– Mən təsəvvüfü lap əl-Qəzali qədər sevirəm. Dzen-buddizm kimi onun da çağımıza layiq olmaq imkanı var. Ancaq yazıqlar olsun ki, ortaçağ təkkələrinin arxivləri olmayıb, ona görə də birinin o birisindən fərqini bilmək çətindir. Mövləviliyin Bekataşilikdən fərqini bilirik. Ancaq, axı, onlarla və daha çox təsəvvüf ordenlərı vardı, özəllikləri nə olub bilmək mümkün deyil.

– Əgər təsəvvüf öz funksiyasını yerinə yetirməyi bacarsa, bəşəriyyət öz xilas yoluna qədəm qoya bilərmi.? 

– Yox, sualın belə qoyuluşunun tərəfində deyiləm. Bəşəriyyət xilas yolundadır, hər gün böyük dövlətlər, araşdırma mərkəzləri xilas yolunu düşünürlər. Ancaq qurtuluş bir dinin, bir təriqətin əlində deyil. İstərdim deyəm, ABŞ-nin əlindədir, ancaq heç onların da əlində deyil.

– Siz XXI əsrin filosofusuz. Antik dövrdən, eləcə də orta əsrlərdən hansı filosofların bu saat yanınızda olmasını arzulayar və müəyyən mövzularda onlarla dərdləşmək istəyərdiz? 

– Elə filosoflar var ki, başımı heyran edir, tutalım, Aristotel, Tusi, İbn Sina. Elələri də var ki, həm ürəyimi, həm də başımı heyran edir, tutalım, Platon, Rumi. Mənim 21-ci yüzildə təkcə başım yox, ürəyim də heyran olmaq istəyir.

– “Fəlsəfədən diddiklərinizi” XXI əsrə töhfə hesab edirsizmi?

– Yox, bu adi müntəxabatdır, ötən yüzildə çıxsaydı daha yaxşı olardı. Məndə 21-ci əsrə töhfə yoxdur, hayıflar olsun. Ancaq 20-ci əsrin sonuna töhfəm olub “Azərbaycan bilinmələrindən sezilən nəsnələr: nəsnələrlə nəsələr arasında”. Şahbaz Xuduoğlu olmasaydı, o kitab gün üzü görməzdi. Ancaq yox, bəlkə mənim 21-ci əsrə töhfəm “O, ibadət düşüncələridir”? Bilmirəm, düzü. Hər halda o kitab İslam intellektualının kitabı kimi yazılıb.

– Modern Azərbaycan fəlsəfəsinin inkişafı barədə bir neçə söz. O necə inkişaf edir?

– Azərbaycan fəlsəfəsi Qərb fəlsəfəsini anlaqlı dildə danışmaqla gəlişə bilər. Biz humanitar sahələrdə guya orijinal dissertasiyalar gözləyirik. Məncə, 10-15 il ünlü filosofların ideyalarını gözəl, anlaqlı açmaq üstündə dissertasiyaların yarışı olsa daha yaxşıdır. Sonrasına baxarıq.

– Hazırkı elmi fəaliyyətiniz barədə bir neçə söz ...

– “Gündəlik Teleqraf” üçün köşə yazıları yazıram. Həftədə yeni ideyalara söykənən iki yazını hələ ki verə bilirəm. Sonra onları esselər kimi toplamaq da olar. Ancaq klassik anlamda monoqrafik araşdırmalar hazırlamaq artıq mənim üçün gecdir. Azərbaycan kimi ölkələrin alim və yazarları çox acınacaqlı vəziyyətdədirlər. Bilirsiniz, adam pulu sevməyə bilər, ancaq hətta sevməsə də, biləndə ki 300-500 səhifəlik romanı, elmi araşdırması onu, tutalım yarım il dolanışıqla təmin edəcək, zəhmətinə görə böyük qürur duyur. Bizdə bu bəxtəvərlik haçaq olacaq, Allah bilir. Güneylilərə kitablarımız çatsaydı, bəlkə də tirajın hesabına pul gələrdi. Eləcə də Türkiyəyə. Bu anlamda ruslar yaxşı vəziyyətdədirlər, gör nə qədər adam rusca bilib oxuyur. Ancaq son illər rus dili bilənlərin sayı katastrofik azalıb, deməli, rus ədəbiyyatını da maliyyə, az tiraj problemi gözləyir.    

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər