Modern.az

“Mən olmasaydım, Habil Əliyev sənəti çoxdan atmışdı” - “Məşhurların ömür-gün yoldaşı” - MÜSAHİBƏ

“Mən olmasaydım, Habil Əliyev sənəti çoxdan atmışdı” - “Məşhurların ömür-gün yoldaşı” - MÜSAHİBƏ

Mədəni̇yyət

15 İyun 2013, 10:52

Modern.az saytı  “Məşhurların ömür-gün yoldaşı” layihəsindan növbəti müsahibəni təqdim edir. Bu dəfə xalq artisti, sevilən sənətkar, məşhur kamança ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva ilə danışdıq. Əvvəlcə sənətkarın özündən rüsxət istədik. Cavabında dedi:


- Arvad hansı vaxtda hansı “nostraeniya”da olur, bu yaşa çatmışam bilmirəm. Mənim arvadım olmağına baxma, o  hələ də müsəlman kimi qalıb. Bir az çəkingəndir. Deyək görək bəlkə kefinin xoş vaxtına düşdük.

Nə isə, Şərqiyyə xanımı razı saldıq. Bir az səmimiyyətdən sonra “buyurun a bala, nədən söhbət edəcəyik” sualını verdi. Sənətkar o saat öz baməzəliyin göstərdi:

- Heç ay arvad,  ayrılmağımızı eşidiblər... Odur ki, bir-iki sualları var. 

Üçümüz də gülürük...

 - Başlayaq elə burdan, özünüzü təqdim edin zəhmət olmasa.

- Əliyeva Şərqiyyə, Habil Əliyevin xanımı..

Sənətkar yenə də zarafatından qalmayaraq söhbətə qoşulur, həm də mənə də bir az kömək edir. 

Habil Əliyev: - Savadlısan onu da de də...

Şərqiyyə Əliyeva: - Hə. Özüm Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişəm. Amma işləmirəm.

Sənətkar məni qabaqlayır..

Habil Əliyev: - Bə, niyə işləmirsən?

Şərqiyə xanım təmkinini pozmadan:

- Niyə işləmirəm? Bunu Habil müəllimə sual vermək lazımdı. Mən institutda oxuya-oxuya ailə qurmuşdum. Məni institutda saxlamışdılar, orda işləyirdim. Uşaqlar oldu, Habil müəllim mənə dedi ki, sənin işləməyindənsə evdə oturub uşaqlara baxmağın yaxşıdır. Evdə qalıb uşaqlar böyütmək, onlara tərbiyə vermək lazımdı.

Habil Əliyev: - Elə evdə də bir dəqiqə vaxtı yoxdu..

Şərqiyyə Əliyeva: - Hə düz deyir. Habil xarici səfərlərdə, qastrollarda çox oldu. Tək oldum. Uşaqları tək qoya bilmədim. Həm də bu səbəbdən işləməmişəm, həm də Habilin fikri idi və mən də onu sındırmadım.

- Amma Habil Əliyevin  sənətkar kimi bu səviyyəyə qalxmasında sizin işləməməyinizin də müsbət  təsiri olub...

- Yəqin ki... Mən ona həmişə arxa olmuşam. Evdə, ailədə, uşaqların tərbiyəsində. Onun ömrü-günü qastrollarda keçib. Mənim uşaqlarla tək məşğul olmağım onun üçün böyük kömək olub.

- Heç Habil müəllimlə qastrollara getmisiniz?

- Ölkəmiz müstəqil olandan sonra getmişik. Bir neçə ölkədə bərabər olmuşuq. Almaniyada , Bolqarıstanda, Yunanıstanda. Müstəqil olmamışdan qabaq icazə vermirdilər.

- Bu evə yəqin çox adamlar gəlib-gedib. Habil müəllim onlardan fərqləndirən özəllik nə olub?

- Mən elə bilirəm ki, bizim ailəmiz çox idealdır. Habil müəllim öz ailəsinə onlara nisbətən çox bağlıdır. Uşaqların qayğısına daha çox qalır. İşlərinin çox olmasına baxmayaraq mənim də, uşaqların da qayğısını çəkib. Mən başqaları ilə müqayisədə Habili tək-tənha bilirəm. Elə bilirdim ki, ancaq Habil belədir, başqaları yox. Çünki bizim başqa sənətçi qadınları ilə də əlaqələrimiz olurdu. Bəzi şeylərdən məlumatlı idim.  

Təvazökarlıq yenə Habil Əliyevə güc gəlir , söhbətə qoşulur..

Habil Əliyev: - Sənətim belədir, amma özüm yox...

Şərqiyyə xanım dərhal etiraz edir:

- Niyə özünə nolub ki... Sənin şəxsiyyətin var.

Habil Əliyev: - Musiqiçilərin içində ad batıranlar çox olub. Amma Allaha çox şükür olsun ki, bu qadından gizlin heç bir pis iş görməmişəm.

Şərqiyyə Əliyeva: - Dörd uşaq böyütmüşük. Üç qızımız həkimdir, oğlum Rəvan hüquqşünasdır. Uşaqların bu cür yetişməsində ikimizin birgə əməyi var. Hər halda daha çox Habilin təsiri olub.

- Oğlunuz da musiqiçidi...

- Bəli, Rəvan hüquqşünas olsa da, o sahə üzrə işləmədi. Musiqi ilə məşğul oldu. Görünür Habilin geni onda daha çox öz əksini tapdı.

- Neçə ildir  ki, ömür-gün yoldaşısız?

- 57 ildir ki, ömür-gün yoldaşıyıq. 1954-cü il avqustun 12-si evlənmişik. Bu il  avqustun 12-də 57 ilimiz tamam olacaq.

Kaman ustası yenə də öz ampluasında qalır:

Habil Əliyev: - 57 il də adam bir-birinə dözər? (hamı gülür)

- Şərqiyyə xanım, bəs necə tanış olmişdunuz ?

- (gülür), buna Habil müəllim cavab versə yaxşı olar.

Habil Əliyev: - Mən bu ağdaşlı qızını gedib Qutqaşendə (Qəbələdə-red.)  bəyənmişəm. Çünki orda Qəmərban adlı kənd var. Bizim Ağdaş camaatı da istirahətə ora  gedərdi. Mən də ora toya getmişdim. Bunlar da istirahətə  getmişdilər. Həmin vaxt toya gəldilər. Elə toyda baxdım ki, bundan yaxşı heç kim yoxdu.

Şərqiyyənin əməyi çox olub.  Mən hətta ora qədər deyə bilərəm ki, Şərqiyyənin yerinə başqası olsaydı, bu saat mən subay idim. Başqa mənada yox. Mən ona xəyanət etməmişəm, yəqin bundan sonra da,  özün bilirsən ki, olmaz .

Amma bir-birimizi başa düşmüşük deyə, münasibətimiz çox yaxşı olub. Niyə bu cür münasibət oldu, niyə bu cür mehribançılıq oldu, çünki ikimiz də avam idik.

- Bəlkə ikiniz də saf idiniz desəniz, daha dəqiq olar?

Şərqiyyə Əliyeva: - Bəli saf,  avam yox saf.  O bu günkü pilləyə çatmaq üçün o qədər çətinliklərdən keçib ki.. Yəni vaxt olub deyib ki, “çalmayacam, bu sənəti atacam”. Mən ona çox ürək-dirək verirdim. Deyirdim ki, bütün dünyada belədir. Bir az mübariz ol. O qədər saf adam idi ki, ədalətsizliyə, xəyanətlərə dözə bilmirdi. Min şükürlər olsun ki, indi dövlətimiz tərəfindən Habilə çox yaxşı qiymət verilir. Ədalət öz yerin tapıb. Hərdən deyirəm ki, görürsən vaxt var idi deyirdin “çalmayacam, atacam kamançanı, bu qədər də adamı sıxışdırmaq olar?”. O barədə mən Habilə çox kömək olmuşam. İnanın, bəlkə mən olmasaydım, başqa qadın olsaydı atardı sənəti. Mənim ona çox böyük köməyim olub.

- Xarici ölkələrdə hansı maraqlı əhvalatlar olub ?

- 2004-cü ildə Yunanıstanda olimpiya oyunları keçirilirdi. Habil müəllimi də şəxsən dəvət etmişdilər ora. O, da dedi ki, “mən tək yox, xanımımla gəlirəm”. Nə isə birlikdə getdik. Məşhur yunan bəstəkarı Ross dəvət etmişdi və Habilin şərəfinə böyük bir banket verirdilər. Bu arada zalda olan böyük ekranlı televizorda bizim prezidenti göstərdilər. Onu görən kimi zalda olan bütün camaat əl çalıb ayağa qalxdı. Sonra da qeyd etdilər ki, belə bir böyük sənətkarı olan ölkənin prezidenti üçün ayağa qalxıb, onu alqışlamaq olar. Hər dəqiqə yadıma düşəndə kövrəlirəm.

Elə bu məqamda Habil müəllim də kövrəlir. Şərqiyyə xanım söhbətinə davam edir:

- 4-5 il bundan qabaq Muğam mərkəzinin açılışına Habil müəllimi də dəvət etdilər. Gecikdiyindən zala təngnəfəs daxil oldu. Bu zaman prezidentin “oxranaları” tökülüşüb Habil müəllimin yanına gəldilər, halın sordular... İnanın, xəbər gedib çıxışa hazılrlaşan prezidentə çatdı. Xanım da, o da ikisi də düşüb gəldi, Habil müəllimlə görüşdülər.
Prezident dedi ki, “Habil müəllim, nə olub, sən bizi qorxuda bilməzsən, səni bütün dünyaya aparmağa bizim imkanımız var”. Habil dedi, “möhtərəm prezident, heç nə yoxdur. Sadəcə bronxlarımda bir balaca problem var”. Ona həqiqətən də çox böyük diqqət var. Həm prezident, həm də xanımı tərəfindən.




Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?