Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurasına 230 elektron müraciət daxil olub

QHT-lərə Dövlət Dəstəyi Şurasına 230 elektron müraciət daxil olub

15 İyun 2013, 11:24


“Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mayın 20-də elan etdiyi ikinci maliyyə müsabiqəsi məhz 2013-cü il prezident seçkilərin monitorinqi, seçkilərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və s. mövzularla bağlıdır”.
Bu sözləri Modern.az-a açıqlamasında Şuranın icraçı direktoru Fərasət Qurbanov deyib. O, qeyd edib ki, bu müsabiqə əvvəlkilərdən öz formatına və quruluşuna görə fərqlənir. “Şura bütün ərizələri elektron qaydada qəbul edib. Həmçinin ərizələr iki formada qəbul olunub, koalisiyalar və fərdi QHT müraciətləri üçün ayrıca mövzular müəyyənləşdirilib. Bununla bağlı hazırda Şuraya daxil olan müraciətlər araşdırılır”.

F.Qurbanovun sözlərinə görə bu günə kimi 230 QHT-nin elektron müraciəti alınıb. “Seçkilərlə bağlı maarifləndirmə tədbirlərinin və monitorinqlərinin aparılmasına gəlincə, Şuranın tapşırığı ilə bu sahədə olan koalisiyaların müraciəti, onların tərkibi araşdırılır, həmçinin koalisiyaların təklif etdiyi layihələr öyrənilir. Yaxın zamanlarda koalisiyaların tərkibinə bir daha nəzər salınacaq və onlara ayrı-ayrı layihələrin hazırlanması ilə bağlı elektron mesaj göndəriləcək. Gələn həftə həmin koalisiyalara monitorinqlər və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün həm fəaliyyət planın hazırlanmasını, onların konkret tapşırığının müəyyən olunması ilə bağlı işləri həyata keçirəcəyik”.

Şura sözçüsü bildirib ki, koalisiyaların verdiyi təkliflər qısa xarakter daşıyır.

“Bu da əsasən seçki prosesinin monitorinqi, seçkilərin keçirilməsinə ictimai nəzarətin təmin olunması və monitorinq zamanı “exit-pol”un həyata keçirilməsi, eyni zamanda təbliğat və maarifləndirmə xarakterli layihələrdə seçicilərin seçki prosesində iştirakı məsələsi, seçkidə iştirakla bağlı gənclər arasında maarifləndirmə tədbirləri, ilk dəfə seçkidə iştirak edənlər üçün maarifləndirmə xarakterli layihələrdir. Burada koalisiyalar göstərir ki, onlardan bəziləri ölkə ərazisində, bəziləri ayrıca regionlarda həmin təbliğatların aparılmasını təklif edirlər. Amma yenə mövzular və koalisiyalar bir-birini təkrar etməsin deyə, bu məsələlər öyrənilir, onların seçdiyi coğrafi ərazi layihənin icra  olunduğu məkan öyrənilir və konkret olaraq hər bir koalisiyaya onun işinə aid ərazi təklif olunacaq və həmin mövzu ilə bağlı onun bütün detallar öyrənildikdən sonra onlara bu layihənin həyata keçirilməsi ilə bağlı dəstək verilə bilər”.

Fərasət Qurbanov qeyd edib ki, iyunun ayının 17-dən sonra QHT-lərə, o cümlədən koalisiyalara tam layihə təklifinin hazırlanması üçün elektron müraciət göndəriləcək.

“Bu müraciətlərin göndərilməsi heç də o demək deyil ki, onlar maliyyələşdiriləcək Yenə koalisiyalardan, fərdi QHT-lərdən layihə təklifləri toplanacaq,  həmin layihə təklifləri araşdıraraq ekspert qiymətləndirilməsindən keçiriləcək. Sonra isə onların içərisindən ən yaxşı layihə təklifləri maliyyələşdiriləcək. Təxminən 20 gün layihə təkliflərinin hazırlanmasına və təqdim olunmasına vaxt sərf olunacaq. Qiymətləndirmə başa çatdıqdan isə Şura qərar qəbul edəcək. Təxminən bütün bu proses avqusta kimi tamamilə bitəcək”.  

Aytən ƏLİYEVA
   
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir