Modern.az

İbrahimbəyovun qorxusu, Abbasovun səviyyəsi, Həsənquliyevin ittihamı..

İbrahimbəyovun qorxusu, Abbasovun səviyyəsi, Həsənquliyevin ittihamı..

15 İyun 2013, 16:57

Namidə BİNGÖL                                                                                       

Həftənin subyektiv icmalı  

Pərdəarxası baş verən hadisələrin pərdəarxası oyunları çox vaxt üstüörtülü şəkildə ört-basdır edilməyə yönəlir. Amma tarixin bir küncündə yığılıb qalan tozlu-torpaqlı nə varsa mütləq təmizlənir. Bununla da tarixin yeni dönəminə start verilir. Kimi qəhrəmanlıq yazır, kimi isə... Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.

Rüstəm İbrahimbəyovun içindəki ölüm qorxusu

Ölümünü gözə alanların əsl qəhrəman olduğunu düşünürük. Sizi bilmirəm, amma mən cərəyan edən proseslərə əsasən deyə bilərəm ki bugün ölüm haqqında deyilən sözlər həqiqətə yaxın olduğunu itirib. İndi hadisələr fərqli məcralarda davam edir. Elə siyasi düşərgədə də eyni obrazların tez-tez yerini dəyişən fikirlərinə şahid oluruq. Aylardır dəridən-qabıqdan çıxan Milli Şura ideyasının müəllifi və həmtəsisçisi olan Rüstəm İbrahimbəyovun BBC-nin Rusiya xidmətinə müsahibəsində səsləndirdiyi fikrin barıtı bir az artıq düşüb məncə.
“Normal insan kimi həbsdən də, öldürülməkdən də qorxuram”. Görünür, Rüstəm müəllim ona ünvanlanan suala bu cavabı verərkən bir anlıq özünü siyasi proseslərdən kənarda hiss edib. Reallıq isə tam əksini göstərir.                                                                                                                                                                     “Qurddan qorxan meşəyə getməz”- deyib atalarımız. Rüstəm müəllim, maraqlıdır, o zaman niyə siyasətə qatıldınız? Bir halda ki ölməkdən də, həbs olunmaqdan da qorxursunuz. Düzdü, siz bu fikrinizə normal insan prizmasından yanaşmaqla aydınlıq gətirmisiniz. Həqiqət isə budur ki  məsələyə normal insan prizmasından yanaşmağınızdan  öncə, sizin siyasi düşərgənin tam ortasında qərar tutmağınız dayanır. Bu isə ölümün gözünə dik baxmaq deməkdir.

Abbas Abbasovun səviyyəsini aşağılamaq istəyənləri...

Şər və böhtanların əhatəsində hər kəsin təklənmə qorxusu var. Çünki səsləndirilən fikirlərin bəzəkli gəlin kimi ictimaiyyətə təqdim olunması söz-söhbətlərin miqyasını bir qədər də genişləndirir. Siyasətdə isə bu cür halların baş verməsi gəlin-qaynana məsələsi qədər ilk baxışdan deyişməni xatırlatsa da, sonradan vəzifə itkisinə, azadlıqdan məhrum edilməyə qədər gətirib çıxara bilər. Son vaxtlar Rusiya Azərbaycanlıları Federal Milli –Mədəni Muxtariyyətinin (AzerRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun ətrafında dolaşan ittihamlar, səsləndirdiyi fikirlərin guya təhrif olunması şura sədrinə qarşı böhtanların miqyasını bir qədər də genışləndirdi. Təbii ki, baş nazirin keçmiş müavini olan Abbas Abbasov bu cür ittihamları cavabsız qoymadı. “Barəmdə deyilənlər ağ yalandır və həmin fikirlərin müəlliflərinə tövsiyə edirəm ki  haqqımda  nalayiq danışanlar Mircəlal Paşayevin “Səviyyə” əsərini oxusunlar”.
Eh Abbas müəllim, görünür, “Səviyyə” əsərini oxumağa çox insanların ehtiyacı var. Amma bir atalar sözü də var ki, “Qozbeli qəbir düzəldər”. Həyatın düzəldə bilmədiyi kəsləri  bir əsər düzəldə bilərmi görən?

Rüstəm İbrahimbəyovla görüşən lider

Köhnə dostlar bir araya gələndə mövzuların səpkisi əsasən xatirələrə söykənir. Köhnə siyasətçilər köhnə dostlardan fərqli olaraq  bir araya gələndə siyasi çadırların arasındakı gizli proseslər müzakirə olunur. Çox vaxt bəlli görüşlərin pərdəarxası məqamları açıqlanmır. Eks-spiker, Açıq Cəmiyyət Partiyasının ABŞ-da yaşayan lideri Rəsul Quliyev Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşüb. Amma Rəsul müəllim, görüş barəsində mətbuata açıqlama verməyib. Yəqin bu görüş də köhnə siyasətçilərin masaətrafı görüşlərindən biri olub.

Qüdrət Həsənquluyevin ittihamlı çıxışları

Dövlətə xəyanət edən dövlət rəsmiləri zamanında layiqli cəzalarını alır. Dövlətə qarşı bu cür halların baş verməsi cəmiyyətdə  birmənalı qarşılanmır. Elə  Milli Məclisin növbədənkənar iclasında da millət vəkili Qüdrət Həsənquluyevin səsləndirdiyi fikirlər cəmiyyətdə böyük əks-səda yaratdı. “Müdafiə Nazirliyinin tərkibində ciddi struktur dəyişikliyi olmalıdır”. Qüdrət müəllim 1993-cü  ilin Gəncə qiyamı zamanı indiki Müdafiə Nazirliyində təmsil olunan bəzi şəxslərin o zaman Ali baş komandanı dəstəkləməməsi üzündən bu qiyamın baş verməsini bildirdi. Qüdrət müəllim, siz nə dediyinizi çox güman ki,bilirsiniz. İndiki vəziyyətdə bu fikirlər nə dərəcədə önəmlidir sizcə?

Milli Qəhrəman Çingiz Mustafayev

İyunun 15-i Milli Qəhrəman Çingiz Mustafayevin peşə borcunu yerinə yetirərkən şəhid olduğu gündür. Çingiz əsl qəhrəmanlıq göstərməklə tarixin səhifələrindən birini yazıb. Təəssüf ki, bugün içimizdə elələri var ki,  Çingiz Mustafayevin şəhid olmasına şübhə ilə yanaşır. Məncə, içimizdəki şübhələri öldürə bilsək, qalibiyyət bizim olacaq.

Hə əziz oxucularım, indi növbə sizindi. Qurtuluş gününüz mübarək! Əsl qəhrəmanlıq göstərib ən böyük qələbələrə doğru birgə addımlayaq. Amma özümüz özümüzü baltalamamaq şərtilə!

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?